Çapa göndər
Günəş təbəssümlü ustadımız: Nəzmiyyə xanım Abbaszadə (yubiley düşüncələri) -FOTO=3

02 avqust 2020 - 20:17

Əlində nə qədər var isə imkan,
Çalış ki, şən keçsin hər nəfəs, hər an.
Qəlbimiz hər zaman şən olmalıdır!
Nizami (“Şərəfnamə”)
Dünyada həyatdan yaxşı şey nədir?
Gənclik günü ömrə bir nümunədir!
Nizami (“Xosrov və Şirin”)
Siz doğma ocağınız – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olaraq, istər dekanlıqda, istər sə də professor-müəllim otağında və yaxud da foyedə – gülər üzlü, gənclik hərarətini daxilində qoruyan Nəzmiyyə Abbaszadəni mütləq görəcəksiniz və həmin anda dahi Nizaminin sözləri yada düşəcək: “Gənclik günü ömrə bir nümunədir!” Eyni zamanda Sizin ürəyinizdə belə bir fikir səslənəcək: gənclik gününü hər gün yaşamaq – qəlbi nurla dolu insanlara məxsusdur.
Bu yaxın günlərdə “ARB” (arb) TV kanalında bizim musiqi ictimaiyyətimiz, həmçinin musiqi sevənlərimiz olduqca gözəl, cəlbedici filmlə tanış oldular. Hələ uzun illər qəlbimizdə bu film yaşayacaq! Həmin film hamımızın sevimlisi, səmimi və mehriban insan olan, İlk qadın violonçel ifaçısı – Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadəyə həsr edilmişdir.
Nəzmiyyə xanımın simasında sübh günəşinin cizgilərini görürsən – bu işıqlı təbəssüm Sizi canlandırır, gününüzə pozitiv enerji qatır. Artıq bu filmi Akademiyada qış aylarında (səhv etmirəmsə dekabrda) izləmişik. Yaxşı yadımdadır: dərsdən sonra musiqişünas tələbələrimlə Qara Qarayev zalına qalxdıq. Açığını deyim ki, heç ayaq üstə də durmağa yer yox idi. Nəhayət hamı üçün müvafiq şərait yaratdılar. Burada bizim cavan müəllimiz – dosent Yeganə Taptıqova bir təşkilatçı kimi böyük iş görmüşdü.
Filmi bir nəfəsdə izlədik. Film dinləyicilərə çox güclü təəssürat vermiş və onları valeh etmişdi. İnanın səmimiyyətimizə – heç kəs yerindən durmur və sürəkli alqışlayır ... Hamı bir səslə: “Bis, bis!”...Elə mən özüm də “bis deyərkən, ümid edirdim, bəlkə təkrar etdilər filmi? Nəzmiyyə xanımı ürəkdən təbrik etdikdən sonra, filmin yaradıcı kollektivini axtardım və rejissor və operatorla tanış oldum. Məlum oldu ki, bu qeyri-adi orijinal filmin məzmununu tanınmış rejissor Yeganə Əbdulməmmədova yazıb. Açığını deyim ki, kinoşünas üçün (dramaturji baxımdan) maraqlı material təqdim olunmuşdır. Belə ki, Yeganə xanımın işi – məntiqlə düşünülmüş, peşəkarlıq və sənətkarlıq nümunəsidir. Bizim qarşımızda violonçel sənətinin ustadı olan Nəzmiyyə xanımın həyatı, yaradıcılıq yolu, onun musiqi-içtimai xadim kimi apardığı iş, habelə “səmərəli pedaqoji fəaliyyəti və s. hadisələr öz əksini tapır”.
İki il bundan əvvəl “105 FM” radio dalğasında akademik Rafael Hüseynovun “Axşam görüşləri” silsiləsindən Azərbaycan dinləyiciləri Nəzmiyyə Abbaszadə haqqında maraqlı veriliş eşitdilər. Səhəri gün zəng edib Rafael müəllimi təbrik etdim. O, dedi: “Nəzmiyyə xanım olduqca təvazökar, sadə və səmimi insandır, qeyri-adi ifaçıdır, daima axtarış yollarındadır. O, “əsl sənətkardır!” Söhbət zamanı Rafael müəllim qeyd etdi ki, inşallah növbəti yubileyində məni dəvət edəcək və müsahibə götürəcək.
Xatırladım ki, artıq əlli ilə yaxındır ki, R.Hüseynov ən yüksək səviyyədə məharətlə, alovlu bir vətəndaş kimi, zirvədə duran böyük alim-ustad temperamenti ilə Azərbaycan musiqi mədəniyyətimizi tədqiq edərək onu gözəl təbliğ edir. Onun hər bir verilişi – sanki “bir poemaya” bərabərdir. Rafael müəllimin verilişləri həftə ərzində üç dəfə səslənir (105-FM dalğasında). Atam Məmməd Sadıx Əfəndiyev haqqında (əlbəttə, mənim iştirakim ilə) qeyri-adi veriliş hazırlamış və bir neçə dəfə radioda səslənmişdir. Daha sonra Qara Qarayev, Kövkəb Səfərəliyeva, Əşrəf Abbasov haqqında verilişlərini hazırlayarkən, bu sətirlərin müəllifini dəvət etmişdir.
İndi isə mən oxucularımıza Nəzmiyyənin zəngin ata yurdundan söhbət açım:
Nəzmiyyə ziyalı və nəcib ailədə dünyaya göz açıb. Atası Müzəffər Sultanzadə – istedadlı musiqiçi idi və Azərbaycan Dövlət Türk Musiqi texnikumunu skripka
aləti üzrə bitirmişdir (müəllimi tanınmış skripka ifaçısı M.İ.Paltsev. Maraqlı faktdır ki, həmin dövrdə Müzəffər Sultanzadə ilə birgə Ə.Bədəlbəyli, Ə.Həsənov, Ə.Daşdəmirov oxumuşdular (xatırladaq ki, bu şəxslər – gələcəyin xalq artistləri olmuşdur). Bu istedadlı musiqiçilər hətta kvartet təşkil edərək, burada maraqlı əsərlərlə çıxış edirdilər. Bundan əlavə, Müzəffər müəllim Ü.Hacıbəylinin rəhbərliyi ilə yaradılan simfonik orkestrda işləyirdi (orkestrin tərkibini texnikumun tələbələri təşkil edirdi). “Arşın mal alan” operettasının səslənməsində, tamaşaya qoyulmasında Müzəffər müəllimin də əməyi var. Məhz Müzəffər müəllimin sayəsində onun bütün övladları musiqiyə maraq göstərirdilər.
Nəzmiyyənin anası – Səkinə xanım ixtisasca iqtisatçı idi və respublikamızın ictimai həyatında mühüm işlər görürdü. O, bir neçə dəfə deputat seçilmişdir. Səkinə xanımın arzusu var idi – qızı Nəzmiyyə pianoçu olsun. Belə ki, Nəzmiyyənin 7 yaşı tamam olan kimi Səkinə xanım onu professor Kövkəb Səfərəliyevanın yanına gətirir (o dövrdə K.Səfərəliyeva Orta İxtisas musiqi məktəbinin müdiri idi). Kövkəb xanım diqqətlə Nəzmiyyəni yoxlayır və deyir: “Nəzmiyyənin eşitmə qabiliyyəti olduqca güclüdür, yaddaşı əladır və gələcəkdə simli alətlərin birisində – violonçel alətində oxumalıdır. İnanın, o, birinci violonçel çalan qadın olacaq!” Bu sözləri eşidəndən sonra Səkinə xanım çox sevinir: “Mənim qızım qadınlar arasında birinci olacaq!” ...
Nəzmiyyə xanım haqqında yazmaqdan əvvəl, onun iki kitabını diqqətlə oxudum: “Violonçel sənətinin tarixi (XVII – XIX)” – Bakı, 2003; və “Violonçel ifaçılığının metodikası” – Bakı, 2019. İlk təəssürat – sözün əsl mənasında violonçel alətinə “vuruldum”! Elmi, tarixi və nəzəri baxımdan maraqlı ümümləşdirilmələr, nəticələr, orijinal düşüncələr və bu sənətin inkişaf yolları, perspektivləri haqqında maraqlı tövsiyyələr oxudum. Səmimi olaraq deməliyəm ki, bəzi bəstəkarların adını ilk dəfə burada eşitdim. Məsələn, Jan-Lui Düpor, Jan Batist Breval, İ.B.Baumqartner, İ.G.Şetki, İ.B.Trikmer1 və b. Tez “Советский энциклопедический словарь” kitabını açdım (möhtəşəm bir kitabdır2). Gördüm
ki, bu musiqiçilər haqqında heç bir məlumat yoxdur. Yəni siz bir diqqət yetirin! Nəzmiyyə xanım Azərbaycanın və digər ölkələrin müxtəlif arxivlərdə aylarla (bəlkə də illərlə) işləyib, bizim üçün maraqlı materiallar toplayıb.
N.Abbaszadənin fikrincə, İ.S.Bax, İ.Brams, A.Dvorjak, F.Şopen, E.Qriq, kimi bir çox bəstəkarların violonçel üçün yazdığı əsərlər (qeyd edək ki, bu əsərlər Nəzmiyyə xanım və onun tələbələrinin repertuarındadır) onun üçün zirvədir. Məsələn, İ.S.Bax, alman musiqisində inkişaf üçün təkan verəbiləcək bütün nailiyyətləri özündə cəmləşdirmiş, və özündən öncəki bəstəkarların ənənələrini davam etdirmişdir. O, başqa ölkələrin, o cümlədən Fransa, İngiltərə, İtaliya bəstəkarlarının təcrübəsini də öyrənmiş və onların nailiyyətlərini ümumiləşdirərək yeni, yüksək səviyyəyə qaldırmışdır. Nəzmiyyə xanım dərs vəsaitində yazır: “Baxın melodik xətti polifoniya ilə zənginləşdirmək məharəti, beşinci süitanın dördsəsli fuqasında ən yüksək zirvəsinə çatır...1”.
Qış imtahanlarının birində mən bu fuqanı dörd violonçel ifaçıların – təqdimatında eşitdim. Baxın alterasiya və xromatizmlərlə zəngin olan polifoniyasını səhnədə səsləndirmək çox çətin işdir.
Ümümiyyətlə, N.Abbaszadənin “Altıncı süita” haqqında fikirləri bizim üçün dəyərlidir: “Süitanın ifası violonçel ifaçısından böyük məharət tələb edir. Müəllifin bədii fikrini açmaqla yanaşı ifaçı ifadəli kantilenaya, mükəmməl və müxtəlif ştrixlərə malik olmalıdır. Bundan başqa beşsimli alət üçün yazılmış “Altıncı süita”nı dördsimli violonçeldə çalarkən, ifaçıdan alətin yüksək registrlərindən virtuozluqla istifadə etməsini tələb edir”2.
Açığını deyim ki, bu sətirlərin müəllifi isə, daha çox E.Qriqin əsərlərinə vurğundur. Mənim fikrimcə Qriq nəinki Norveç bəstəkarlıq məktəbinin banisi və unudulmaz əsərlərin yaradıcılıdır, o həmçinin böyük novatordır və xüsusən harmoniya sahəsində. Onun harmonik dilində olan tapıntılar, maraqlı ellipsislər, enharmonik modulyasiyalar E.Qriqdən əvvəl gələn bəstəkarların yaradıcılığında yoxdur. Bunu hər bir tələbə bilməlidir və mən əminəm ki, bu haqda Nəzmiyyə xanım da bizimlə bərabər dərslərdə böyük iş aparır.
Bu sətirlərin müəllifi rektorluq tərəfindən iki il ardıcıl olaraq Qış və yay sessiyalarının sədri təyin olunmuşdur. Qış sessiyasında Nəzmiyyə xanımın bəzi yetirmələrini eşitdim. Bir dekan kimi N.Abbaszadə çox ciddi insandır. Əgər tələbə bütün il dərsə gəlməyib və proqramı hazırlamayıbsa, onu imtahana buraxmır. Belə də olmalıdır. Özü də onlara sakit mülayimcəsinə səbəbini başa salır. Həmin tələbələri hərdən müdafiə edən cavan müəllimlər olur. Və Nəzmiyyə olduqca mədəni şəkildə onlarla da söhbət aparır. Açığını deyim ki, mən 60 ildir ki doğma Akademiyamızda işləyirəm və görürəm tələbələr necə dəyişilib!
Bəli, bu həqiqətdir! Bir neçə nəsil gözümüzün qabağında keçib! Lakin nə mən, nə də məndən 8 il sonra (yəni 1963 ildə) bu gözəl Sənət ocağımıza daxil olan N.Abbaszadə heç dəyişilməmişik. Bizi nə birləşdirir? Səmimi ünsiyyət, sadəlik, pedaqoji fəaliyyətimizə vicdanla və məsuliyyətlə yanaşmamız, insanlara olan isti münasibətimiz... Biz heç vaxt yorulmuruq! Bu reallıqdır! Mən nə vaxt qapını açıb dekanlığa girəndə Nəzmiyyə xanım ayağa durur və üzündə günəşlə deyir: “Buyurunuz, gəlin, əyləşin”. Nəzmiyyə xanım çox səliqəli qadındır və zövqlə kabinetini tarixi fotolarla, kitablarla, güllərlə bəzəyib. Mənin isə ona çoxlu suallarım olur və hamısına o müfəssəl, dəqiq şəklində cavab verir. Onun ətrafında əyləşən köməkçiləri Naza xanımdan çox şey mənimsəyiblər: yüksək mədəniyyət, işə ciddi yanaşmaq qabiliyyəti və.s
Böyük ustadımız Sabir Əliyevin tələbəsi olan Nəzmiyyə xanım Akademiyamızın Böyük Zalında tez-tez konsertlər verirdi: bu həm solo konsertlər idi. Həmçinin N.Abbaszadə Azərbaycanda qadınlardan ibarət simli kvartet yaradır: Tamilla Əliyeva (I skripka), Xavər Rəhimova (II skripka), Səidə Seyidova (viola) və Nəzmiyyə Abbaszadə (violonçel). Qısa müddət ərzində gənc ifaçılarımız maraqlı və çətin proqram düzəldirlər. Bu konsertdə qüdrətli bəstəkarların əsərləri səslənir, o cümlədən L.Bethovenin, K.Debüssinin və D.Şostakoviçin kvartetləri. O zaman Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru, böyük bəstəkarımız, xalq artisti Cövdət Hacıyev konsertə yüksək qiymət vermiş və həmişə bu kollektivi dəstəkləmişdi. Məhz Cövdət müəllimin səyi nəticəsində kvarteti iki dəfə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına
ezamiyyətə göndərirlər və burada onlar məşhur alt alətinin ustadı – L.Bethoven adına kvartetin iştirakçısı olan V.V.Borisovskidən ustad dərsləri alırlar.
Həmin vaxt Azərbaycan Bəstəkarlar İttifaqının binasında bir neçə dəfə həm qadınlar kvarteti və həmçinin Sərvər Qəniyevin də yaradıtdığı kvartet maraqlı əsərlərlə çıxış etdilər. Azərbaycan bəstəkarlarının əsərləri bu təşkil olunmuş konsertlərdə xüsusi yer tuturdu. İfa olunmuş əsərlərin hamısı Azərbaycan Dövlət Televiziya və Radiosunun fonotekasında qorunur.
1969-cu ildə qadın kvarteti Belçikada (Liyej şəhərində) Beynəlxalq müsabiqədə iştirak etmək üçün hazırlaşırlar. Əvvəlcədən bu kvartetin çaldığı əsərlərlə Ümumittifaq miqyasda baxış keçirilməli idi. Adətən bu Moskvada təşkil olunurdu. Qızların ifalarını dinləyən yüksək səviyyəli və görkəmli mütəxəssislər ümumi qərara gəlir: istedadlı ifaçılar mütləq Moskva Konservatoriyasının aspiranturasına girməlidirlər. Beləliklə, Nəzmiyyə xanım da Moskvada təhsil alır. Qadınlar kvarteti populyarlıq qazanır – müxtəlif şəhərlərə dəvət olunurlar. Bu qeyri-adi kvartetin ifalarını mən həm Bəstəkarlar İttifaqında, həm də doğma sənət ocağımızın Böyük zalında eşitmişəm. Bundan başqa, professor S.Əliyev o zaman başçılıq etdiyi kafedrasının müəllimlərini müxtəlif konsert proqramlarına daxil edirdi. Bu səbəbdən – ifaçı Nəzmiyyə xanım haqqında xüsusi düşüncələrim var. Düzdür, o indi az səhnədə görünür, çünki tələbələrini Beynəlxalq müsabiqələrə, forumlara, konsertlərə hazırlayır. Öz qəlbini, ürəyin istisini, biliklərini, enerji qüvvəsini – hamısını öz övladlarına, yəni tələbələrinə, yetirmələrinə verir. Mənə daha çox Orxan Hüseynovu dinləmək qismət olub. İndi Orxan dünya miqyasında tanınmış ifaçı və mütəxəssisdir. Onu eşidəndə qarşımda sanki cavan, temperamentli ifaçı Nəzmiyyə canlanır.
Bu sətirlərin müəllifi Respublika və beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Orxan Hüseynovla söhbətləşib: “Nəzmiyyə xanımla tanış olduqda 6 yaşım var idi. Heç ağlıma belə gətirməzdim ki, o ilk görüş məni bu gözəl insana sehrli şəkildə elə bağlayacaq ki, bundan sonra atacağım bütün addımlar yalnız onunla birlikdə olacaq. Şərqin ilk professional qadın violonçel ifaçısı, respublikanın əməkdar incəsənət xadimi, BMA-nın professoru olan bu xanımın tələbəsi olmaq mənim üçün çox məsuliyyətli və olduqca qürurvericidir. Violonçeli əlimə aldığım
hər an gözümün önünə ilk dərsinə girdiyim gündən bu ana qədər saatlarla, günlərlə yorulmadan mənimlə çalışan, hər dərsdə canını qoyan bir insan, nəinki musiqiçi həm də insan kimi məni yetişdirən ustadım Nəzmiyyə xanım gəlir. O mənim üçün həm ana, həm də müəllimdir. Bütün nailiyyətlərimin bünövrəsini quran şəxsdir. Mənim azərbaycanlı violoçel ifaçısı kimi respublika və beynəlxalq müsabiqələrdə qalibiyyətim, beynəlxalq konsertlərdə, festivallarda, yay məktəblərində iştirakım gözəl müəllimim, ustadım Nəzmiyyə xanımın sayəsində olmuşdur. Nəzmiyyə xanımı yubileyi münasibəti ilə təbrik edir, sağlam can və uzun ömür arzulayıram və deyirəm: “Tələbələriniz olaraq Sizin əzəmətiniz, yüksək insani hissləriniz, məhəbbətiniz qarşısında baş əyirik, ustadım mənim”.
Artıq kafedra müdiri təyin olunan ildən (1989) N.Abbaszadə istedadlı gəncləri pedaqoji fəaliyyətə cəlb etməyə başlayır. Möhkəm peşəkarlıqla, texniki mədəniyyəti ilə səciyyələnən ifaçılıq “baza”sının əsasını möhkəmləndirir, zənginləşdirir. İndi isə dekan vəzifəsində çalışaraq, yenə layiqli mütəxəssislər axtarır, onları sınaqdan keçirəndən sonra – işə cəlb edir.
Nəzmiyyə xanım öz alətinə vurğun bir şəxsiyyətdir! Və bu təbiidir ki, o bütün musiqi məktəbləri, kollecləri ilə sıx əlaqə saxlayır, yeni kadrlar haqqında düşünür. Şəxsən özü bu sənət ocaqlarına gedir və istedadlı tələbələr axtarır. Və arzularına nail olur. Onun içtimai fəaliyyətinə aid bəzi ştrixləri də əlavə etməliyəm.
Böyük ustad və dahi pedaqoq M.Rostropoviçin Akademiyamızda keçirilən “Ustad dərsləri” Nəzmiyyə xanımın səyinin nəticəsidir. Ustadın ölümündən sonra, Nəzmiyyə xanım, onun qızı Olqa Rostropoviç ilə sıx əlaqə saxlayır. Festival günlərində M.Rostropoviç adına Muzeydə tələbələrinin iştirakı ilə bir neçə konsertlər təşkil etmişdir.
Son illər N.Abbaszadə bir çox Azərbaycan bəstəkarların əsərlərini violonçel üçün köçürmüşdür (yəni işləmişdir). O, maraqlı metodik işlərin müəllifidir. Bu elmi işlər Q.Qarayevin, T.Bakıxanovun, A.Rzayevin, X.Mirzəzadənin simli kvartetlərinə həsr olunur.
Bu yaxında N.Abbaszadə rus dilində maraqlı dərs vəsaiti yazmışdır1.
Həmçinin bu günlərdə “Violonçel üçün orkestr çətinlikləri” adlı gözəl dərs vəsaiti çap olunub1.
Bütün misalların, yaradıcılıq həyatının faktları arxasında böyük varlığı ilə sənətə bağlanmış, öz dəst-xəttini yarada bilmiş hərtərəfli, geniş səviyyəli ifaçı surəti “gizlənir”. Bu surət – bizim əzizimiz Nəzmiyyə Abbaszadədir! Əla zövq, gözəl forma duyumu, mütənasiblik, fikir və ifadə aydınlığı, dəqiqlik kimi ifaçı xüsusiyyətləri – Nəzmiyyə xanımın simasında cəmləşir. Bütün ifaçı xüsusiyyətlərinin N.Abbaszadənin simasında bir-birini tamamlamasına görə musiqişünaslar, tanınmış ifaçılar onu klassik üslublu ifaçı kimi səciyyələndirirlər.
Musiqi Nəzmiyyə xanımın həyatıdır, yaşatmaq, bu günümüz və sabahımız haqda düşünmək, xəyallara qovuşmaq, insanlarla ünsiyyətdə olmaq vasitəsidir.
Hər bir sənətkar ömür yolunun döngələrində ayaq saxlayıb arxaya, keçib gəldiyi enişli-yoxuşlu cığırlara nəzər salır. Nəzmiyyə xanım keçdiyi sənət yoluna baxıb fəxr edə bilər. Lakin irəlidə milli musiqimizin yaşaması, təkamüllü yolunda N.Abbaszadəni axtarış dolu yollar gözləyir.
Nəzmiyyə xanımın bütün ifalarında (və bəzi parlaq, istedadlı tələbələrin ifasında) biz öz müasirimizin münasibətini, onun düşüncə və duyğularını, hər birimizin mənəviyyəti və dünyagörüşünü formalaşdıran zəmanəmizin nəbzini, ritmini hiss edirik.
Yubiley günlərində N.Abbaszadə axtarış yollarının bəhrəsini görür. Nəzmiyyə xanımı anadan olmasının 75-illiyi münasibətilə təbrik edir, gözəl, sevinclə və səadətlə dolu günlər, yeni monoqrafiyalar, dərsliklərin çap olunmasını arzulayırıq:
Qoy həmişə günəş olsun,
Qoy həmişə səma olsun...
Əsrin hökmü yaşamaqdır,
Əbədidir – Günəş, Yaz və Biz!
Lev Oşanin (tərcümə: Cavad Cavadlı)
İmruz Əfəndiyeva
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar İncəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü