Çapa göndər
Dr. ANAR MƏHƏRRƏMOV: EKMO cihazına qoşulan xəstələr xüsusi diqqət, məsuliyyət və qayğı tələb edir

18 iyul 2020 - 16:53

Dr. ANAR MƏHƏRRƏMOV: "EKMO cihazına qoşulan xəstələr xüsusi diqqət, məsuliyyət və qayğı tələb edir. Bu işdə perfuzioloqla yanaşı ürək cərrahının, reanimasiya şöbəsinin tibb personalının komanda şəklində işləməsi çox vacibdir."

COVİD-19 pandemiyası davam etdikcə, bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusla mübarizəyə ölkəmizin ən peşəkar, ən təcrübəli həkimləri səfərbər olunub. Bu gün məhz bu peşəkar, yüksəkixtisaslı həkimlərin sayəsində Mərkəzi Gömrük Hospitalında ağır koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) cihazından istifadə edilməsi mümkün olub.

Hospitalımızda ən ağır koronaviruslu xəstələrin EKMO cihazına qoşulmasında iştirak edən həkimlərdən biri də Respublika Diaqnostika Mərkəzinin yüksəkixtisaslı kardioloq-perfuzioloqu Dr. Anar Məhərrəmovdur. O, Azərbaycanda təhsilini başa vurduqdan sonra dünyanın aparıcı tibb müəssisələrində EKMO cihazı üzrə təkmilləşdirmə kurslarını müvəffəqiyyətlə keçmişdir. Bu gün o, Azərbaycanda EKMO cihazının tətbiqi üzrə yüksəkixtisaslı mütəxəssislərdən biridir.

Dr. Anar Məhərrəmov Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin bütün tibb heyəti ilə birlikdə ağır xəstələrin sağalması üçün sözün əsl mənasında mübarizə aparır. Bu günlərdə çox gərgin işləyən Dr. Anar Məhərrəmov deyir: "Reanimasiya şöbəsində mualicə alan və EKMO cihazına qoşulan xəstələr xüsusi diqqət, məsuliyyət və qayğı tələb edir.

Bu işdə perfuzioloqla yanaşı ürək cərrahının, reanimasiya şöbəsinin tibb personalının komanda şəklində işləməsi çox vacibdir. Mərkəzi Gömrük Hospitalının rəhbərlik və kollektivinə bu məsuliyyətli işə məni də cəlb etdiklərinə, öz işçisi kimi qəbul edib xoş işgüzar atmosfer yaratdıqlarına görə minnətdarlığımı bildirmək istərdim".

Mərkəzi Gömrük Hospitalı Dr. Anar Məhərrəmova belə çətin bir dövrdə tibbi heyətimizə dəstək olduğu və ümumi məqsədə çatmaq üçün xəstələrin EKMO cihazına qoşulmasında, Hospitalımızda onların təqibində və müalicəsində fəal iştirak etdiyi üçün öz səmimi təşəkkürünü bildirir. Bu cür qarşılıqlı əlaqələr xəstələrin sağalması naminə Azərbaycan tibb işçilərinin koronavirusa qarşı apardıqları fədakar mübarizədə onların həmrəyliyi və birliyini bir daha nümayiş etdirir.

- (012) 404-08-08
- Bakı, K.Kazımzadə, 118