Çapa göndər
Azərbaycan diasporu etiraz bəyanatları yayır

13 iyul 2020 - 13:46

Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin sədri, professor Aygün Attar beynəlxalq təşkilatlara etiraz bəyanatı ünvanlayıb.

BMT Təhlükəsizlik Şurası, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Minsk Qrupuna ünvanlanmış etiraz bəyanatında qeyd olunub ki, Azərbaycan ərazisini işğal edən və beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətməklə bir daha əsl niyyətini nümayiş etdirib. Beləliklə, Ermənistanın beynəlxalq arenada dünya ictimaiyyətinə “sırıdığı” münaqişənin sülh yolu ilə həllini dəstəkləyən fikirlərinin riyakarlıqdan başqa bir şey olmadığı öz təsdiqini tapdı.

Bəyanatda Ermənistanın Cənubi Qafqaz bölgəsində sülhə ən böyük təhdid olması, münaqişə və gərginlik yaradan, Qarabağla bağlı aqressiv davranan tərəf olduğu bir daha diqqətə çatdırılıb.
Bəyanatda qeyd olunub ki: “Ermənistanın bundan əvvəlki təxribatlarına da laqeydlik nümayiş etdirən beynəlxalq təşkilatlardan bir daha Ermənstanın təxribatlarına münasibət bildirmək tələb edirik.
Azərbaycan ərazisinin 20 faizini işğal edən bir dövlətə olan tolerant münasibət sizi dünya ictimaiyyətinin qarşısında rüsvay edir. Əsl məqsədi Azərbaycan və Türkiyəyə qarşı təxribat yaratmaq olan Ermənistanın dərhal cəzalandılmasını beynəlxalq təşkilatlardan tələb edirik”.