30 iyun 2020 - 18:00
"Qızıl yarpaq, Tənha səs" müsabiqəsinin ikinci iştirakçısı Azərbaycanın Xalq artisti İlham Əsgərovdur. Qiraət ustası İlham Əsgərov xeyriyyəçi - şair Gülağa Tənhanın üç şeirini səsləndirir: "Bu, qeyrətdirmi?", "Bilər" və "Tənhanın öz dərdi var!" Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan həmin video yazını təqdim edirik.
BU, QEYRƏTDİMİ?
Baş açmadım bu dünya
namərddimi, mərddimi?
Görən çörəyi, suyu
Sevincdimi, dərddimi?
İllərdən gül dərəsən,
Sevgiyə can verəsən…
Dərd çəkməyi, görəsən
dərdə də öyrətdimi?
Kərəm sevdi, duruldu,
Ömrünə tor quruldu.
Yarı yolda yoruldu,
Tənha, bu, qeyrətdimi?
Bakı, 30.08.2003
BİLƏR
– Can nədi?
– Sinəsinə
Əzrayıl çökən bilər.
Gül nədi, ətir nədi?
Dan üzü tikan bilər.
Can – torpağa sadağa,
Bük sən ağa, ay ağa!
Ruzi nədi?
– Torpağa
Bir-bir dən əkən bilər.
Üzü bozdu möhnətin,
Üzü gülməz heyrətin.
– Sevgi nədi?
– Həsrətin
Qolunu bükən bilər.
Dərddi dünyanın işi,
Qeylü-qaldı vərdişi.
Dərd tanımaz hər kişi,
– Dərd nədi?
– Çəkən bilər…
30.03.2001
TƏNHANIN ÖZ DƏRDİ VAR
Ağlayanın dərdi – bir,
Gülənin yüz dərdi var.
Dərdsiz bəndə tapılmaz,
Hərənin öz dərdi var.
Ağanın – ağa dərdi,
Dönüb yumağa dərdi,
Dərdini hara sərdi?–
Dinəmmir, söz dərdi var.
Buludun – dolmaq dərdi,
Çiçəyin – solmaq dərdi,
Közün – kül olmaq dərdi,
Ocağın köz dərdi var.
Dərdi uzaqdan tanı,
Hanı duyğusuz, hanı?..
Dərdsiz bilmə Tənhanı,
Tənhanın öz dərdi var.
20 may, 2002
Gülağa Tənha
#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #alim