Çapa göndər
Gülağa Tənhanın Ümid və sevgi şeirləri...

23 iyun 2020 - 15:00

Canveten.az - saytı xeyriyyəçi - şair Gülağa Tənhanın "Seçilmiş əsərlər" i adlanan 10 cildlik şeirlər kitabının I cildində yer alan, bu gün dünyada və Azərbaycanda yaşanan karantin günlərinə uyğun seçilmiş (ümid və sevgi) şeirləri oxucuların ixtiyarına verir. Yaxın gələcəkdə Gülağa Tənhanın müxtəlif mövzularda yazdığı şeirləri  səhifəmizdə yayımlanması nəzərdə tutulmuşdur... Eyni zamanda müsahibə və səsləndirdiyi şeirini  də video linkdə izləyə bilərsiniz...

 

 

İLAHİ, BƏNDƏNƏ YAZIĞIN GƏLSİN

 

Saldıq özümüzdən aralı sözü,
Canından qan daman yaralı sözü,
Dilimizdə bitib «haralı» sözü,
Adilsən, aqilsən, kəramətlisən,
İlahi, bəndənə yazığın gəlsin.
Bakı bu taydadı, Təbriz o tayda,
Qarabağ inləyir, qalıbdı vayda,
Vətən parçalanıb, nə sülh, nə qayda…
Adilsən, aqilsən, kəramətlisən,
İlahi, bəndənə yazığın gəlsin.
Cavanlar qürbətdə çörək gəzirlər,
Qızlar qarıyırlar, istək gəzirlər,
Məzarlar darıxır, çiçək gəzirlər,
Adilsən, aqilsən, kəramətlisən,
İlahi, bəndənə yazığın gəlsin.
Niyə yazan yazdı belə bir qismət,
Sınaqdan çıxıbdı namus, ar, ismət,
Övladlar böyüyür ataya həsrət,
Adilsən, aqilsən, kəramətlisən,
İlahi, bəndənə yazığın gəlsin.
Bakı, 20.03.1992

 


ÜMİD

 

Bir ilıq baxışdan, gülümsər üzdən,
İlahi nur kimi alışar ümid.
Təsəlli olası bir şirin sözdən,
Ulduzlar sayağı sayrışar ümid.
Bizi gecə-gündüz sınayır həyat,
Ömürlə,
bəxt ilə oynayır həyat.
Ruhdan düşənləri qınayır həyat,
Dar gündə könülə nur saçar ümid.
Ölümdən güclüdü, həyat eşqidi,
Göylərə uçmağa qanad eşqidi,
Əbədi qalmağa inad eşqidi,
Yaşayar,
sabaha yol açar ümid.
İspaniya, avqust, 1998

 


BƏSDİ, ALLAH

 

Dərdinə dözüm yoxdu,
Zirvəndə gözüm yoxdu,
Deməyə sözüm yoxdu,
Ürək ver, bəsdi, Allah.
İstər öldür, ya saxla,
İstərsən yaşat ahla.
And da keçmir vallahla,
Çörək ver, bəsdi, Allah.
Şeytan, İblis əkən bol,
Yerinə göz dikən bol…
Hara aparır bu yol,
Mələk ver, bəsdi, Allah.
Bakı, 1999

 


ŞAİR


Gəl, bağrıma basım səni,
Dərdə-qəmə gülən şair.
Ağlayanın göz yaşını,
Gözləriylə silən şair.
Sözü sözdən seçir bu yol,
Sözü sutək içir bu yol.
İçimizdən keçir bu yol,
Gedən – şair, gələn – şair.
Dünya dinmir ki, dinə də,
Ağrı dağından enə də...
Sözə can verir yenə də
Sözü kəfən bilən şair...
Daşan sellərə qarışar,
Əsən yellərə qarışar,
Yanar, küllərə qarışar
Ölənlərlə ölən şair...
15 mart, 2003

 

 

GÖZƏLİN GÖZLƏRİ GÖZLƏYİR MƏNİ

 

Yolların ağını seçib gələrəm,
Aşılmaz dağları keçib gələrəm,
Ərənlik şərbəti içib gələrəm,
Gözəlin gözləri gözləyir məni.
Sərt yarğan, gen dərə, qarşımı kəsmə,
Yolumdan qalaram, ey külək, əsmə,
Hara qaçasıyam, əcəl, tələsmə,
Gözəlin gözləri gözləyir məni.
Saçıma dən düşüb, ruhum cavandı,
Sevməsəm,
deməli, ömür gümandı,
Məhəbbət – ömürdü,
ömür – amandı,
Gözəlin gözləri gözləyir məni.
Bakı, 25.01.2004

 


MƏN SƏNİ UNUDA BİLMƏDİM HEÇ VAXT

 

Aradan fəsillər, illər ötsə də,
Mən səni unuda bilmədim heç vaxt.
O günlər bizləri atıb getsə də,
Mən səni unuda bilmədim heç vaxt.
Demə, aramızı duman, çən aldı,
O gözəl mahnılar dağlarda qaldı.
Yaşanan günlərim puç bir xəyaldı,
Mən səni unuda bilmədim heç vaxt.
İllər ötüb-keçir, saçlar ağarır,
Həzin bir ayrılıq nəğməsi çalır.
Ürək üsyan edir, nalə qoparır:
Mən səni unuda bilmədim heç vaxt.
Yadımdan çıxmayıb bircə anımız,
Dərdimiz, qayğımız, həyəcanımız.
İndi hara çatar ah-fəğanımız,
Mən səni unuda bilmədim heç vaxt.
Ölümdü unutsam mən bu həsrəti,
Kimdən almaq olar belə qüdrəti.
Bir an da çıxmadın yadımdan qəti,
Mən səni unuda bilmədim heç vaxt.
Paris, 2001

 

 

BİLMƏDİN

 

Duyğularım sənə sarı
Çağlayan çaydı, bilmədin.
Ağlayır, ömür dağlayır
Gör neçə aydı, bilmədin.
Dərdə yığılan ömürə,
Sənsiz sıxılan ömürə,
Yanıb-yaxılan ömürə
Haraydı, haydı, bilmədin.
Talan olub talan ömrüm,
Yalan olub yalan ömrüm.
Sənsiz bağlı qalan ömrüm
Bir ağ saraydı, bilmədin.
Təksən, dərdi tək çək, sənəm,
Taleyinə dərd ək, sənəm,
Adını, daşürək sənəm,
Dərd elə yaydı, bilmədin…
Bakı, 10. 09. 2004 

 


GÖYLƏRİN GÖZLƏRİ DOLAR

 

Əzib mum edərəm kədəri, qəmi,
Ahımla yandırram bütün aləmi,
Günlərin birində Xan Kərəm kimi
kül olsam,
göylərin gözləri dolar.
Həsrət üzə gülüb de nə vaxt, haçan?!
Biz olduq, çiçəyim, dərddən dil açan.
Saçını üzünə dağıdıb qaçan
yel olsam,
göylərin gözləri dolar.
Ürəkdi özünü odlara yaxan,
Gözdü sən getdiyin yollara baxan.
Ay sarı çiçəyim, gözündən axan
sel olsam,
göylərin gözləri dolar.
8 mart, 2004

 

 

OLMUR

 

Hərəni bir axar aparıb gedir,
Axar sular kimi çağlamaq olmur.
Aylardan-illərdən qoparıb gedir,
Gedəni yolundan saxlamaq olmur.
Ömür isidəsi köz də qalmayıb,
Ümidə dönəsi söz də qalmayıb,
Aşkar ağlamağa üz də qalmayıb,
Özünə qapanıb ağlamaq olmur.
Varı arzusunda, diləyindədi,
Vicdanı məkrində, kələyindədi,
Əli böyüklərin ətəyindədi,
Dərdin sinəsini dağlamaq olmur.
Bu karvan onsuz da gedir mənzilə,
Yolumdan qalmaram mən bilə-bilə.
İşvəli mələyə, nazlı gözələ,
Gülağa, daha bel bağlamaq olmur.
Moskva, 21.05.2000
 

 

 

www.youtube.com/watchwww.youtube.com/watch

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #alim