Çapa göndər
General: Ermənilərin “qürurlandığı” silahlar... - VIDEO

21 may 2020 - 11:11

Azərbaycan Ordusunda elə silahlar var ki, Ali Baş Komandan hələ onları açıqlamayıb. Hansı ki, biz ermənilərdən fərqli olaraq sözlə yox, əməllərimizlə danışırıq.
Bu sözləri ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Yutubda yayımlanan “Təmas xətti” verilişində deyib.
O bildirib ki, bu gün Ermənistan ordusunda köhnəlmiş BM, “Qrad” tipli reaktiv yaylım sistemləri var:
“Daha sonra xarici dövlətlərin birindən 80 km-i vura bilən reaktiv yaylım sistemi aldılar. Artilleriyaya gəldikdə isə ənənəvi D-30, D-20, həmçinin özüyeriyən toplar var. Azərbaycanda da bu sistemlərdən mövcuddur. Lakin Azərbaycanda modifikasiya edilmiş və yeni istehsal edilən növlərdir. Hansı ki, bu sistemlər Belarus, İsrail, CAR kimi ölkələrdən alınır. Bu gün Azərbaycan Çin və Rusiya ilə hərbi əməkdaşlıq edir. Rusiya silah bazarında öz sözünü deyən ölkələrdəndir. Azərbaycan Rusiyadan istədiyi silahları ala bilir. Lakin Ermənistan buna qadir deyil. Ermənilər bir neçə il bundan öncə “İsgəndər” tipli taktiki reaktiv raket kompleksi haqqında ajiotaj yaradırdılar. Guya bu raketlərlə Azərbaycanın istənilən nöqtəsini, hətta Mingəçeviri vuracaqları ilə hədələyirdilər. Diqqət etsəniz, Azərbaycan Ermənistanın bu hədələrinə cavab vermirdi. Çünki Azərbaycan İsraildən aldığı polad örtüklü zenit raket kompleksinə sahib idi. Bundan əlavə, Azərbaycan bir neçə il öncə ən müasir “Lora” və “Polonez” əməliyyat taktiki raket sistemlərini nümayiş etdirdi. Ermənistanın vəziyyəti isə hərbi paradda nümayiş etdirdiyi silahlardan bəllidir. Qürur duyduqları sözdə modifikasiya edilən T-72 tankı azı, 40 ilin tankıdır. Azərbaycandakı T-72 tankı isə modifikasiya edilmiş versiyadır. Bununla bərabər Azərbaycan T-90 tankına sahibdir. Özü də bu, bir-iki ədəd deyil”. axar.az