Çapa göndər
İnsan-donuz “ximera rüşeymi” yaradılıb

12 may 2020 - 19:13

0.001 faizindən də azı insan, qalanı donuz olan rüşeym düzəldilib və alimlər tərəfindən təhlil olunub.
Bu, qədim əsatirlərdə şir-keçi və ilandan calaq edilmiş varlıqlara bənzər insan-heyvan məxluqlarının - ximeraların mümkün olduğunu isbat edən ilk elmi təcrübədir.
Lakin Cell elmi məcmuəsində dərc edilmiş hesabatdan da görünür ki, bu proses çox qəlizdir və insan orqanlarının heyvanların bədənində yaradılması hələlik çox uzaq arzu olaraq qalır.
Bu elmi iş başqa tədqiqatçıalr tərəfindən "heyrətamiz" adlandırılıb.
Bu ximeranın yaradılması üçün insanın gövdə hüceyrələri iynə ilə donuz embrionuna və ya rüşeyminə daxil edilib.
İnsan və donuzun rüşeym qarışığı sonradan bir ay müddətinə donuzun bətninə yeridilir.
Bu olduqca aşağı rentabelli prosesdir. Bu təcrübə zamanı uşaqlığa yeridilmiş 2075 rüşeymdən yalnız 186-sı "tutub" və 28 günədək inkişaf edib.
Lakin ən əhəmiyyətlisi budur ki, təcrübə zamanı insan hüceyrələrinin yaşadığı müşahidə olunub.
"İlk dəfədir ki, insan hüceyrələrinin böyük heyvanın orqanizmində inkişaf etməsi müşahidə edilib" - deyib Salk İnstitutundan professor Juan Carlos Izpisua Belmonte BBC News saytına.
Təcrübənin rentabelsizliyinə gəlincə isə, professor Belmonte deyir ki, insanlar və donuzlar arasında uzun təkamül məsafəsi var.
Bundan başqa donuzların bətnində inkişaf tez gedir, çünki onlar cəmi dörd ay hamilə olurlar. Bu, insanların 9 ayı ilə müqayisədə qısa müddətdir.
Alim bildirir ki, heyvan orqanizmində insanın ürək, mədəaltı vəz, qara ciyər kimi transplantasiya olunacaq orqanlarının yaradılacağı vaxta hələ "uzun yol" var.
Lakin Salk İnstitutundan olan araşdırmaçılar iddia edirlər ki, insan toxumasının daha çox olduğu ximeralar aşağıdakı hallarda fayda gətirə bilərdi:
dərmanların insanlara verilməzdən əvvəl yoxlanması
insan xəstəliklərinin öyrənilməsi
İnsan rüşeymi inkişafının erkən mərhələsinin araşdırılması
Müxtəlif canlılarda orqan fərqlərinin öyrənilməsi
Alimlər komandasının üzvü, doktor Jun Wu deyib ki, səmərəliyin 0, 1 faizdən 1 faizə çatdırılması kifayət edərdi.
"Bu zaman hətta 28 günlük erkən mərhələdə də rüşeymdəki milyardlarla hüceyrədən milyonlarlası insan hüceyrəsi olardı. Bundan sonra təcrübələrin də mənası və praktikliyi artardı" - deyir professor.
İnsan hüceyrələrinin beyin toxumasının erkən formalarına inteqrasiyası qeydə alınmayıb.
Orqan yetişdirilməsində elmi sıçrayış
Nature jurnalında dərc edilmiş hesabatdan görünür ki, bir canlı növünün içində başqa bir canlının orqanı yetişdirilə bilər, lakin bunun üçün yetişdirləcək orqana "yer açılmalıdır".
Bu məqsədlə siçovulları elə genetik modifikasiya ediblər ki, onlar mədəaltı vəzi yarada bilməsinlər. Mədəaltı vəz qandakı şəkərin miqdarına nəzarət edən çox mühüm orqandır.
Bundan sonra siçanların gövdə hüceyrələri natamam siçovul rüşeymlərinə yeridilib. Bu gövdə hüceyrələri mədəaltı vəzin boş qalan yerini doldurub və nəticədə siçovulda siçan mədəaltı vəzi yetişdirilib.
Bundan sonra yaradılmış orqan diabetin müalicəsi üçün siçana köçürülüb.
Hazırda bu mexanizmi insan və donuz hüceyrələri ilə davam etdirirlər.
Genlərin modifikasiyası necə edilir?
Hərçənd ki, uzun müddətdə insan orqanlarının yetişdirilməsi üçün inəklərdən istifadə etmək daha məqsədəuyğun olardı, çünki hər ikisinin hamiləliyi doqquz ay çəkir.
Elmin bu sahəsində etik dilemmalar da var. ABŞ Milli Səhiyyə İnstitutları bir vaxtlar belə eksperimentlərin aparılmasına moratorium qoymuşdu.
Alimlər bu təcrübəni yalnız legitim hüduda qədər davam etdiriblər, lakin onlar ortalıqda olan ziddiyyətdən xəbərdardırlar.
Professor Belmonte deyib: "Biz rüşeymi donuzun bətnində yalnız bir ayadək inkişaf etdiririk. Çünki bu, bizə hüceyrələrin necə qarışdığını, parçalandığını və birləşdiyini anlamaq üçün kifayətdir".
Alim deyib ki, bu rüşeymlərin inkişaf edib doğulmasını da gözləmək mümkündür, lakin hazırkı mərhələdə buna yol vermək olmaz.
"Elmin bacardığı hər işi görmək olmaz. Biz laboratoriyada yox, insanların arasında yaşayırıq. Odur ki, qərarı cəmiyyət qəbul etməlidir" - deyib alim.
Dr Wu deyib: "Cəmiyyət ximera sözünü eşidəndə göz önündə yunan mifologiyası canlanır. Bu, qorxu yaradan assosiasiyadır. Amma axı, mələklər də ximeradır və bu, pozitiv imic ola bilər. Məqsəd div yetişdirmək yox, bütün dünyada çatışmayan donor orqanlarını yaratmaqdır."
Dolly adlı quzunun klonlaşdırıldığı Roslin İnstitutunun müvəqqəti direktoru professor Bruce Whitelaw deyib: "Bu olduqca həyəcanverici təcrübədir. Bu aydın şəkildə göstərir ki, erkən inkişaf mərhələsində olan donuz rüşeyminə insan hüceyrələri daxil etməklə insan-donuz ximerası yaratmaq mümkündür".
Professor deyib ki, bu təcrübə həm rüşeymin inkişafının daha yaxşı başa düşülməsinə, həm də tətbiqi biotexnikanın gələcəyinə töhfədir.
Francis Crick İnstitutundan professor Robin Lovell-Badge deyib: "Bu təcrübə heyvanların bədənində transplantasiya məqsədilə insan orqanlarının yetişdirilməsinə yol açır, hərçənd bu yol çox uzundur".
bbc.com