08 may 2020 - 13:20
Böyük Vətən Müharibəsində 700 mindən çox oğul və qızının iştirak etdiyi Azərbaycan xalqı faşizm üzərində Qələbənin əldə edilməsində böyük töhfə verib.
Cəbhədə göstərdiyi igidliyə görə 132 nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına, ümumilikdə 170 mindən çox Azərbaycan əsgəri və zabiti müharibə vaxtında göstərdikləri şücaətə görə orden və medallara layiq görülüblər.
Unudulmayan qəhrəmanlarımızı yaddaşlarda yaşatmaq məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş 2 mahnı və 1 sosial çarx hazırlanıb.
Çarxlarda gənc istedadlar tərəfindən səsləndirililən “Sən ey uşaqlıq” mahnısının musiqisi Azərbaycan SSR xalq artisti, "Şöhrət" və "İstiqlal" ordenləri laureatı bəstəkar Vasif Adıgözəlov, sözləri Azərbaycan SSR əməkdar incəsənət xadimi Əliağa Kürçaylıya, “На безымянной высоте” mahnısının müsiqisi isə Veniamin Basnerə, sözləri Mixail Matusovskiyə məxsusdur.
Hər iki mahnını Gənclər və İdman Nazirliyi tərəfindən 13 ildir ki həyata keçirilən “Tələbə baharı” mahnı festivalının müxtəlif illərdə qalibi olmuş gənc istedadlar ifa ediblər.
Bununla yanaşı, nazirlik faşizm üzərində Qələbənin 75 illiyi ilə bağlı olaraq qum sənəti üzrə çarx hazırlanıb. Çarxda gənc rəssam Lalə Hüseynzadə tərəfindən iki dəfə Sovet İttifaql qəhrəmanı adını qazanmış Həzi Aslanovun, Qafqazda ilk Sovet İttifaqı Qəhrəmanı olmuş İsrafil Məmmədovun, əfsanəvi döyüşçü, sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, eləcə də, digər azərbaycanlılar, Sovet İttifaqı qəhrəmanları Ziya Bünyadov, Qafur Məmmədov, Gəray Əsədov və Lenin ordeninə layiq görülmüş Züleyxa Seyidməmmədovanın Böyük Qələbəyə verdikləri töhfələri fərqli formada təqdim edilib.
Çarxların hazırlanmasında məqsəd gənclərdə vətənpərvərlik hisslərinin aşılanması, eləcə də, İkinci Dünya Müharibəsi illərində Azərbaycan xalqının həm cəbhə bölgəsində, həm də arxa cəhədə göstərdiyi igidliklərin gənclər arasında yaxından təbliğ edilməsidir.