Çapa göndər
Azərbaycan Milli Xalça Muzeyi “Xalça hekayələri” layihəsini həyata keçirir

13 aprel 2020 - 16:56

Hamımızın evində valideynlərimizdən, nənə-babalarımızdan bizə qalan, özündə neçə-neçə nəsillərin xatirələrini yaşadan sevimli xalçalarımız var. Onlar bizim evlərimizin bədii tərtibatının əsas hissəsidir. Bu xalçalara qayğı ilə qulluq edir, hər yay onları təmizləyir və gələn qışa qədər səliqə ilə qatlayırıq. Beləliklə, xalçalar onilliklərlə sevinc və kədəri bizimlə bölüşür, evdə rahatlıq yaradır, onların rəng ahəngdarlığı və kompozisiya müxtəlifliyi istənilən interyerə xoş bayram əhval-ruhiyəsi gətirir. Bəzi xalçalar nəsildən-nəslə ötürülür, bəziləri isə xüsusi olaraq hansısa mərasim və ya hadisə üçün hazırlanır. Onlar həm yadigar hədiyyə, həm də qiymətli mirasdır.
Bunları nəzərə alaraq, Azərbaycan Milli Xalça Muzeyi “Xalça Hekayələri” layihəsini həyata keçirir. Hər birinizə bu gözəl layihəyə qoşulmağı, öz xalça hekayələrinizi, sevimli xalçanızın tarixçəsini, onunla bağlı maraqlı xatirələrinizi bizimlə bölüşməyi təklif edirik! Layihəyə arzu edən hər kəs qoşula bilər.
Bunun üçün:
* Evinizdəki qədim, maraqlı tarixçəsi olan və sizin üçün ən dəyərli xalçanın fonunda foto və ya video (2 dəqiqədən artıq olmamaq şərtilə) çəkdirin;
* Foto ilə birlikdə yazdığınız maraqlı xalça hekayəsini və ya xalça hekayənizi danışdığınız videonu öz facebook və ya instagram səhifələrinizdə #carpetmuseum #xalchahekayeleri #ковровыеистории #carpetstories #MuseumsAndChill həştəqləri ilə hər kəsə açıq şəkildə paylaşın.
* Öz hekayənizi həmçinin xalchamuzeyi@gmail.com e-mail adresinə göndərin.
Sizin hekayələrinizi, ailə sirlərinizi Azərbaycan Milli Xalça Muzeyinin sehirli sandığına toplayacağıq. Sonra isə ən maraqlı hekayələri seçib muzeyin sosial şəbəkələrində paylaşacağıq. Qeyd edək ki, biz sizinlə və hekayələrinizlə bağlı maraqlı layihələr reallaşdırmağı planlaşdırırıq.
Bizi izləyin, bu barədə sizi ətraflı məlumatlandıracağıq.