26 mart 2020 - 19:07
“Bir- birimizə dəstək göstərməliyik. Hər birimizdə vətəndaşlıq mövqeyi olmalıdır ki, bu bəladan yaxa qurtara bilək”
Dünən Nazirlər Kabinetinin verdiyi qərarla aprelin 20- nə kimi Azərbaycanda xüsusi karantin rejimi elan edildi. Qərara əsasən, yaşı 65-dən çox olanlara evdən çıxmaq qadağan edildi. Həmçinin göstərilir ki, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin.
Uzun illər Azərbaycan mətbuatının inkişafı üçün çalışan ahıl jurnalistlər də bu qrupa aid olan vətəndaşlar sırasındadırlar. Onların bu qərarı necə qarşıladıqlarını öyrənmək üçün Ahıl Jurnalistlər Birliyinin sədri Məzahir Süleymanzadə ilə həmsöhbət olduq.
- Ahıl jurnalistlərin bu qərara reaksiyaları necə oldu?
- Olduqca normal. Həmişə dövlət başçısının, hökumətin verdiyi qərarları dəstəkləmişik. İndi də hamılıqla verilən tapşırıqlara, tövsiyələrə əməl edəcəyik. Media işçiləri ictimai rəyi formalaşdırırlar. Bu mənada öz davranış va anlayışımızla nümunə olmağa çalışacağıq. Biz ekstremal hadisələr çox görmüşük. 20 Yanvar, 26 Fevral faciələrinin canlı şahidi olmuşuq. Odur ki, əlimizdən gəldiyi qədər təcrübəmizi əhali ilə bölüşür, tövsiyələrimizi əsirgəmirik. Əsas məsələ həmrəy olmaqdadır.
- Evdən çıxmamaq qadağası fəaliyyətinizə nəcə təsir göstərir?
- Düzdür, tədbirlərimizi dayandırmışıq. Amma fəal olmağa çalışırıq. Maarifçilik, təbliğat fəaliyyətimizi davam etdiririk. Bununla yanaşı, yeni medianın imkanlarından istifadə edir, ahıl jurnalistlərimizlə bağlı əlamətdar günləri sosial media vasitəsilə qeyd edirik. Bir sözlə, dinamikadan qopmamağa səy göstəririk.
- Yəqin, qayğıya ehtiyacı olan ahıl jurnalistlər də var...
- Bəli. Elələri var ki, tənha yaşayır. 220 manat təqaüd alır. Bütün ahıl jurnalistlərin adından xahiş edirəm ki, müvəqqəti də olsa mövcud çətinliyin öhdəsindən gəlməkdən ötrü onlar üçün hansısa formada sosial yardım nəzərdə tutulsun, kompensasiyalar verilsin. Ahıl jurnalistlərə həssas münasibət lazımdır. Onlar ayrı- ayrı vaxtlarda, müxtəlif KİV- də ləyaqətlə, şərəflə çalışıblar. Heç birini unutmaq, laqeyd yanaşmaq olmaz.
- Bir ziyalı kimi əhaliyə tövsiyələriniz nədir?
- Çətin və qayğılı günlər keçirik. Bu problem qlobal əhəmiyyətlidir, təkcə Azərbaycanda deyil. Təmkinli, səbirli olmalı, tapşırıq və tövsiyələrə əməl etməliyik. Bir- birimizə dəstək göstərməliyik. Hər birimizdə vətəndaşlıq mövqeyi olmalıdır ki, bu bəladan yaxa qurtara bilək. sherg.az