Çapa göndər
Lənkəranda koronavirusla mübarizə məqsədilə tədbirlər görülür

24 mart 2020 - 22:03

Lənkəranda koronavirusla mübarizə məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür

 Respublikanın digər rayonlarında olduğu kimi, Lənkəranda da koronavirusa yoluxma hallarının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülməkdədir. AZpress.AZ xəbər verir ki, bu məqsədlə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş qrafik əsasında müvafiq dövlət qurumlarının səyləri ilə şəhər və rayonun bütün ümumtəhsil, səhiyyə və mədəniyyət müəssisələri, idarə və təşkilatların inzibati binaları dezinfeksiya edilir.
Bundan əlavə şəhərdəki iki 9 mərtəbəli, həmçinin ayrı-ayrı ünvanlarda yerləşən 70-ə yaxın çoxmərtəbəli binanın girişləri, liftləri, meydançalar, parklar, ictimai nəqliyyat vasitələri, ticarət və ictimai iaşə obyektləri mütəmadi dezinfeksiya olunur. Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssislərinin iştirakı və Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikasının köməyi ilə şəhərin prospekt və küçələri, bazarətrafı və yaşayış məhəllələrinin əraziləri xüsusi maddələrlə yuyulur. Dezinfeksiya zamanı istifadə olunan məhlullar virusun tam məhvini təmin edir.
Rayon ərazisində yarana biləcək hər hansı təhlükənin qarşısının alınmasından ötrü şəhərin bütün xidmət sahələri xüsusi gücləndirilmiş iş rejiminə keçib. Tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərlə yanaşı sakinlərə mütəmadi olaraq şəxsi və kollektiv gigiyena tələblərinə riayət etməyin vacibliyi də izah edilir.
Qeyd edək ki, Lənkəranda koronavirusla mübarizə tədbirləri karantin müddəti bitənədək davam etdiriləcək.