Çapa göndər
“Kəlağayı: ipək qanadlar” batika və kəlağayı sərgisi açılıb (+FOTOLAR)

28 noyabr 2019 - 17:12

Canveten.az xəbər verir ki, dünən Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” adlı sərginin açılışı olub.Tədbiri Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova açaraq, dövlət tərəfindən milli dəyərlərimizin qorunmasına göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri və çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdırıb. Ş.Məlikova sərginin ölkəmizin mədəniyyət həyatında baş verən bu mühüm tarixi hadisəyə həsr edildiyini vurğulayıb: “Ekspozisiyaya Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın şəxsi kolleksiyasından 30-dan çox kəlağayı nümunəsi, o cümlədən ipək üzərində batika texnikasında hazırlanmış onun müəllifi olduğu 30 panno daxildir. Sərginin konsepsiyasını ənənəvi, yəni klassik və ipək üzərində rəsm sənətinəmüasir yanaşmanın,müəllif yanaşmasının sintezi təşkil edir”. Şirin xanım bildirdi ki, İnna Kostinanın xüsusilə bu layihə üçün yaratdığı pannoları Şəki və Basqalda ötən əsrdə qədim texnologiya əsasında müxtəlif müəlliflər tərəfindən hazırlanmış kəlağayılar ilə bir yerdə görmək mümkündür.

Onun sözlərinə görə, kolleksiyada İnna Kostinanın müəllifi olduğuqızılı ornamentli, bənövşəyi kəlağayı da var: “Bu kəlağayı Rəna İbrahimbəyova və Cəlil Tarverdiyevin Basqalda yaratdığı “Kəlağayı” BaramaçılıqMərkəzində 2003-cü ildə keçirilən yaradıcılıq forumunda hazırlanıb. Orada İnna Kostina Azərbaycanın digər ipək üzrə rəssamları - T.Ağababayeva, İ.Zeynalova və F.Məmmədova ilə birlikdə bütün qədim texnologiyaları nəzərə almaqla, öz eskizləri əsasında kəlağayılar yaradıb”.

Açılış mərasimində Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar mədəniyyət işçisi Məmmədhüseyn Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tarverdiyev çıxış edərək rəssamın yaradıcılığından bəhs edib, sərginin əhəmiyyətindən danışıblar. Azərbaycanın Əməkdar rəssamı İnna Kostina belə bir sərginin təşkilində iştirak edənlərə və sərgiyə maraq göstərdikləri üçün qonaqlara minnətdarlığını bildirib.

Məlumat üçün qeyd edək ki, sərgi 5 dekabr tarixinədək davam edəcək.