Çapa göndər
İkinci Daşkənd Beynəlxalq Biennalesində Azərbaycan da iştirak edib (+FOTOLAR)

19 noyabr 2019 - 22:09

Canveten.az xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İnsan-ətraf mühit-incəsənət” adlı ikinci Beynəlxalq Daşkənd Biennalesi keçirilib.

Tədbirdə Özbəkistanın elm, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, rəssamlar, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib.

Daşkənddəki Rəssamlıq Akademiyasının təşəbbüsü ilə keçirilən biennaleyə Özbəkistandan başqa Azərbaycan, Almaniya, İtaliya, İran, Böyük Britaniya, Yaponiya, Rusiya, Banqladeş, Qazaxıstan, Tacikistan və digər ölkələrdən gələn rəssamlar, sənətşünaslar, tətbiqi incəsənət sahəsinin mütəxəssisləri qatılıb.

Dörd gün keçirilən festivalda ölkəmizi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Bakıdan gələn rəssam İnna Kostina təmsil edib.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan sərgidə xalçalarımız, Azərbaycan geyimləri, ölkəmizin Qarabağ diyarının milli qadın və kişi geyimləri, milli musiqi alətləri, bir sıra rəsmlər, habelə Azərbaycanlı rəssam İnna Kostinanın “Kəlağayı” kolleksiyası nümayiş etdirilib. Azərbaycan stendi, kolleksiyamız iştirakçıların marağına səbəb olub.

Biennale çərçivəsində seminarlar, elmi-praktik konfranslar da keçirilib, tədbirlərdə sənətşünaslar, kulturoloqlar, muzey işçiləri, Özbəkistanın və xarici ölkələrin alimləri və tələbələr iştirak edib.