19 noyabr 2019 - 21:31
Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı Pirşağı stansiyasında Sabunçu-Pirşağı xəttinin rəmzi açılışını bildirən lenti kəsdi və stansiya ilə tanış oldu.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və perspektiv planlar barədə məlumat verdi.
Bildirildi ki, Abşeron dairəvi dəmir yolu xəttində ümumilikdə 17 stansiya və dayanacaq var. Bakı sərnişin-Sabunçu-Pirşağı-Sumqayıt sərnişin-Xırdalan-Biləcəri-Bakı sərnişin dairəvi dəmir yolu xəttinin ümumi uzunluğu 191,6 kilometrdir. Aparılan yenidənqurma işləri çərçivəsində Zabrat-1, Məmmədli dayanacaqları, Pirşağı və Zabrat-2 stansiyaları yenidən qurulub.
Dövlətimizin başçısı Pirşağı stansiyasından qatarla Zabrat-2 stansiyasına yola düşdü.
Prezident İlham Əliyev Zabrat-2 stansiyasına gəldi. Yenidənqurma işləri çərçivəsində bu stansiya da müasir səviyyəyə çatdırılıb.
Sonra dövlətimizin başçısı Zabrat-2 stansiyasından Bakı Dəmir Yolu Vağzalına yola düşdü.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial məsələlərinin həlli dayanır. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində icra olunan layihələr ardıcıl və davamlı xarakter daşıyır. Bu layihələr sırasında ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi diqqət yetirilir. Görülən işlər nəticəsində Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu yaradılıb. Bu da vətəndaşların rahatlığına hərtərəfli imkan yaradır. Bu baxımdan Abşeron dairəvi dəmir yolu xəttinin yenidən qurulması böyük rol oynayır. Paytaxt ətrafındakı qəsəbələrdə yaşayan sakinlər rahat və təhlükəsiz şəkildə şəhər istiqamətinə və mənzil başına çata biləcəklər. Layihənin icrası paytaxtda tıxacların qarşısının alınmasına, hərəkətin təhlükəsizliyinin və intensivliyinin təmin olunmasına, həmçinin ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verir.
Bakı Dəmir Yolu Vağzalına gələn Prezident İlham Əliyevə burada “Defektoskop” infrastruktur-diaqnostika kompleksi barədə məlumat verildi.
Dövlətimizin başçısı burada bir qrup dəmiryolçu ilə görüşdü.
Son illərdə Azərbaycan dəmir yollarının inkişafı istiqamətində görülən işlərdən danışan Prezident İlham ƏLİYEV dedi:
-Sağ olun, işlər yaxşı gedir. Bu gün yeni dəmir yolu xəttinin açılışını qeyd etdik. Pirşağı stansiyası istifadəyə verildi. Şəhərə qədər yolboyu bütün stansiyalar ən yüksək standartlara cavab verir, bugünkü müasir Azərbaycanımızı güclü dövlət kimi bir daha göstərir.
Dəmir yollarının yenidən qurulması istiqamətində çox böyük işlər görülüb. Mən artıq bu rəqəmləri səsləndirmişəm. Dünya miqyasında ən mötəbər beynəlxalq təşkilatlardan biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatda göstərib ki, Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci yerdədir, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdədir. Bütün bunları son illər ərzində biz həll etmişik. Dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var. Həm Azərbaycan artıq beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilib, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Şimal-Cənub nəqliyyat dəhlizi işləyir, yükdaşımalar kəskin artır, eyni zamanda, ölkə daxilində infrastruktur təzələnir, İsveçrə istehsalı olan yeni müasir “Ştadler” vaqonları alınıb. Hesab edirəm ki, bu vaqonlar, dünya miqyasında ən gözəl və təhlükəsiz vaqonlardır.
Dəmir yolları, stansiyalar tikilir, şəhərətrafı dəmir yolu uğurla inşa edilir. Bu gün mən Pirşağıdan Bakıya çox rahat gəlmişəm. Gələn il artıq Sumqayıt-Pirşağı dəmir yolu birləşəcək və beləliklə, dairəvi yol formalaşacaq. Gələn ilin investisiya proqramında yenə də əlavə vəsait nəzərdə tutulacaq ki, biz dəmir yolu şəbəkəsini genişləndirək.
Dəmir yolu həm bizim iqtisadi gücümüzü artırır, Azərbaycan bir çox ölkələr üçün önəmli dəmir yolu məntəqəsinə çevrilir, eyni zamanda, bu, vətəndaşların rahatlığı üçün çox böyük əhəmiyyət daşıyır. Bakı-Gəncə sürət qatarının işləməsi görün ölkəmizə nə qədər böyük dəyişiklik gətirir. İndi Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir. Bundan sonra da bu işlər görüləcək. Qəbələyə, Şahdağa qədər dəmir yollarının tikintisi nəzərdə tutulur. Bakı-Yalama, Astara-Ələt dəmir yolunun bərpası nəzərdə tutulur. İşlər çoxdur. Mən dəmiryolçuları görülmüş işlər münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.
Dəmiryolçular: Sağ olun.
X X X
Sonra dövlətimizin başçısı metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşdü, onlarla söhbət etdi.
Daha sonra Prezident İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış oldu.
Məlumat verildi ki, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu sahəsinin təntənəli açılışı 1926-cı il iyulun 6-da olub. Muzeydə ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar sərgilənir. Köhnə Sabunçu Vağzalının binasında yerləşən muzeydə XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri yer alır. Muzeydə XX əsrdə dəmir yolunda gedən inkişaf proseslərinin müxtəlif sahələrinə aid eksponatlar, dəmir yolu qatarlarının modelləri nümayiş olunur. Burada, eyni zamanda, bədii və sənədli filmlərin nümayişi də nəzərdə tutulur. Zaqafqaziya dəmir yolunun tarixi xəritəsi də muzeyin nadir eksponatlarındandır.