Çapa göndər
Bakı-Şamaxı magistralının 16 km-lik hissəsinin genişləndirilməsi yekunlaşır (+FOTOLAR)

06 noyabr 2019 - 03:16

Canveten.az xəbər verir ki,  Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası yekunlaşmaq üzrədir. 

Layihə Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilir. Yenidənqurma işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlıdır. Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edir.

Layihəyə uyğun olaraq işçi cizgilərin hazırlanması, bitki qatının çıxarılması, torpaq yatağının tikintisi, torpaq yatağının üst layının hamarlanması işləri yerinə yetirilib. Bundan başqa torpaq işləri və yatağın tikintisi işləri aparılıb. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilib.

Magistralın bu hissəsində iki yeni avtomobil körpüsünün tikintisi işləri də aparılıb. Körpülər yolun 107-ci km-də Acıdərə çayı və 114.5-ci km-də Pirsaatçay üzərində salınıb. Acıdərə çayı üzərində tikilən körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğundadır.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu km-lik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədi ilə bu ərazidə yamacların kəsilməsi, yamacın dib hissələrinin xüsusi qrunt ilə doldurulması, dəmir-beton svayların vurulması, monolit dəmir-beton istinad divarlarının tikintisi və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədi ilə drenaj kanalların inşa edilməsi işləri yerinə yetirilib.

Bundan başqa layihə çərçivəsində 719 paqon-metr uzunluğunda 17 dairəvi borunun, 42 metr uzunluğunda 2 düzbucaqlı borunun, yol boyu zəruri olan ərazilərdə ümumi uzunluğu 177 metr olan 3 alt keçidin inşası da aparılıb.

27.5 metr enində olan torpaq yatağının inşası işlərindən sonra, yol əsasının inşası işlərinə başlanılıb. Yol əsası 48 sm qalınlıqda 2 laydan ibarətdir. Yol əsası hazır olan hissələrdə yolun hərəkət hissəsinə və bərkidici zolağa 29 sm qalınlıqda 3 laydan ibarət asfalt-beton örtüyün döşənməsi işlərinə də həyata keçirilib. Beləliklə ümumilikdə yol geyimi 95 sm hündürlüyündədir.

Hazırda magistralın sözügedən hissəsində son tamamlanma işləri aparılır. 2019-cu ilin sonuna qədər magistralın 16 km-lik hissəsinin vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.

Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.