Çapa göndər
İTALİYA VƏ AZƏRBAYCAN MUSİQİ MƏDƏNİYYƏTİ HƏFTƏSİ (+FOTOLAR)

15 oktyabr 2019 - 17:41

Canveten.az xəbər verir ki, 2019-cu il 9 oktyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında “İtaliya və Azərbaycan musiqi mədəniyyəti həftəsi” konserti keçirildi. Konsertdə İtaliyanın Padua Musiqi Konservatoriyası və İtaliyanın Bakıdakı səfirlik nümayəndələri, Bakı Musiqi Akademiyasının tələbələri, müəllim heyəti iştirak edirdi.        

Xalq artisti, BMA-nın professoru Yeganə Axundova İtaliyadan gələn qonaqları salamlayaraq, akademiya ilə olan sıx əməkdaşlıqlarından söz açdı. O, bu əməkdaşlığın uzun müddətli olmasını arzu etdi və sonda bütün qonaqlara öz təşəkkürünü bildirdi.

Sonra konsert proqramına yer verildi. Proqramda Bakı Musiqi Akademiyasının nəfəs alətləri ansamblı (dirijor P.Destro) bəstəkar Ottorino Respiginin  “Suite della Tabacchiera” (2 fleyta, 2 qoboy, 2 faqot, piano üçün) əsərini, BMA-nın nəfəs alətləri ansamblı (dirijor A.Məmmədov) Soltan Hacıbəyovun Sekstet üçün 3 pyesini, BMA-nın tələbə simfonik orkestri (dirijor G.Medeossi) Nino Rotanın faqot və orkestr üçün konsertini uğurla ifa etdilər. BMA-nın İfaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Məmmədov Kamran isə solist olaraq çıxış edirdi. Konsert proqramı BMA-nın tələbə simfonik orkestrinin ifasında (dirijor C.Tağızadə) görkəmli bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsəri ilə yekunlaşdırıldı.        

Tədbir qonaqların gur alqışları ilə sona çatdı.