Çapa göndər
"Koroğlu" operasında ANŞLAQ FOTO=3

20 sentyabr 2019 - 15:13

Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti tədbir keçirilib.

Lent.az xəbər verir ki, sənətsevərlər bu dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bir araya gəliblər. Mədəniyyət ocağında anşlaq yaşanıb.

Qonaqlar üçün dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" üçpərdəli operası nümayış olunub. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar artist Eyyub Quliyevdir. Səhnə əsərinin quruluşçu rəssamı SSRi xalq rəssamı tahir Salahov, baletmeystr SSRİ xalq artist Qəmər Almaszadə, xormeystr əməkdar incəsənət xadimi Sevil Hacıyevdir. "Koroğlu" obrazını əməkdar artist Ramil Qasımov, Nigar obrazını isə əməkdar artist Afaq Abbasova peşəkarlıqlar canlandırıblar.

Bununla yanaşı, operada xalq artistləri Fidan Hacıyeva (Xanəndə qız), Əli Əsgərov (İbrahimxan), Əkrəm Poladov (Alı), əməkdar artistlər Cahangir Qurbanov (Həsənxan), Əliəhməd İbrahimov (Təlxək), Bəhram Əliyev (Həmzə bəy), Tural Ağasiyev (vəzir), həmçinin Taleh Yəhyayev (Əhsən Paşa), Nurlan Namazov (Vəli), Firuz Məmmədov (Polad), Nəzər Bəylərov (Eyvaz) rol alıb.

Sözügedən əsər həmçinin bu il üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni mövsümünün ilk nümayışı olub. Tamaşa zamanı anşlaq yaşanıb.

Qeyd edək ki, Üzeyir Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-dək davam edəcək.