14 sentyabr 2019 - 14:16
Canveten.az xəbər verir ki, 12 sentyabr tarixində İtaliyanın Bolzano şəhərinin “MuseoMercantile” muzeyində Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib. Avropa Tekstil Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə həmin Akademiyanın prezidenti RichardVill, Bolzano Ticarət Palatasının prezidenti MichlEbner, Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (ICOC) Elmi Komitəsinin prezidenti AlbertoBoralevi və ICOC-un prezidenti PeterBichler çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan xalçaçılıq sənəti barədə danışaraq Azərbaycan xalçalarının dünyada tanınmasını XIV-XV əsrlərə aid Şərq miniatürləri və Avropa rəssamlarının əsərlərinin təsdiq etdiyini bildirib. Bu gün Azərbaycan xalçalarının dünyanın məşhur muzeylərində nümayiş etdirildiyini, eyni zamanda, xalçaçılıq sənətimizin nadir incilərinin Azərbaycan Milli Xalça Muzeyində toplandığını qeyd edib. Azərbaycan xalçaçılıq sənətinin dünyada təbliğ olunmasında Heydər Əliyev Fondunun apardığı fəaliyyət və bu xüsusda, 2010-cu il tarixində YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilməsi barədə məlumat verib.
Açılış mərasimindən sonra sərgidə olan xalçalara baxış keçirilib və A.Boralevi həmin xalçaların hər biri haqqında ətraflı məlumat verib.
Sərgidə WINCOR kolleksiyasında olan Azərbaycanın Qarabağ, Bakı, Qazax, Şirvan və Quba xalçaçılıq məktəblərinə aid 25 xalça nümayiş etdirilir. Sərgi 19 oktyabr tarixinədək davam edəcəkdir.