Çapa göndər
“Turizmin inkişafında milli mətbəxin rolu” mövzusunda layihəyə yekun vuruldu (+FOTO=16)

23 avqust 2019 - 13:43

AZpress.AZ xəbər verir ki, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi “Turizmin inkişafında milli mətbəxin rolu” mövzusunda layihəsini yekunlaşdırdı. Bu barədə saytımıza layihənin rəhbəri Natiq Cabbarlı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi milli mətbəximizin ölkəmizdə turizmin inkişafındakı rolunu, Azərbaycana daha çox turistin cəlb olunmasına təsirini qabartmaqdır. Onun sözlərinə görə, layihə ölkəmizdə turizmin inkişafına müsbət təsir etməklə yanaşı, milli mətbəximizin turistlərə,əcnəbilərə tanıdılmasında və ermənilərin özününküləşdirmək istədiyi yeməklərimizin, həqiqətən Azərbaycan xalqına məxsus olmasının təsdiqində mühüm rol oynayır.

Layihə Bakı Bulvarında həyata keçirilib. Layihə rəhbərinin fikrincə, gündən-günə gözəlləşən, Avropanın ikinci ən böyük bulvarı olan Dənizkənarı Milli Park ölkəmizə gələn turistlərin daha çox üz tutduğu məkanlardan biridir. Bakı Bulvarını ilin bütün fəsillərində gün ərzində minlərlə turist ziyarət edir.

Layihə çərçivəsində üç gün ərzində İctimai Birliyin üzvləri Dənizkənarı Milli Parkda turistlərə milli mətbəximizin dadlı və əvəzolunmaz nümunələri olan yarpaq dolması, lavaş arasında lülə kababaqonaq ediblər. Turistlərə, həmçinin Azərbaycan, onun qədim tarixi, mədəniyyəti, xalqımızın adət-ənənələri, mətbəx, məişət və süfrə mədəniyyəti, qonaqpərvərliyi haqqında ətraflı məlumat verilib, bu mövzuda ingilis dilində hazırlanmış buklet təqdim edilib.

Qeyd edək ki, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi 2004-cü ildə yaradılıb. İctimai Birliyin əsas məqsədi xalqımızın zəngin mətbəx, məişət və süfrə mədəniyyətini, adət-ənənələrini, etnoqrafik xüsusiyyətlərini, qonaqpərvərliyini, qonağa hörmət adətini, milli bayramlarımızı dərindən araşdırmaq, öyrənmək, yaşatmaq, sevdirmək, ölkə daxilində və xaricdə layiqincə təbliğ etmək, eyni zamanda milli mətbəximizin nümunələrinə də göz dikən, onları özününküləşdirməyə çalışan bədnam qonşularımızın – ermənilərin bu çirkin niyyətlərinə qarşı da mübarizə aparmaqdır.