Çapa göndər
Erkən nikahın yol açdığı fəsadlar - Təranə Məmmədovanın qeydləri

30 iyul 2019 - 12:22

  Erkən nikah – ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır.
  Yeniyetmələr arasında bağlanan erkən nigahdan təsadüfi deyil ki, bir sıra ədəbiyyatlarda “Yeniyetmə nigahı” olaraq da bəhs edilir. Bu tip nigahlar əksər hallarda, xüsusən də, yaşadığımız regionda valideynlərin təkidi ilə formalaşır. Təbii ki, burada təkcə valideynin deyil, eyni zamanda qohumların, dostların, bir sözlə sosial çevrənin də rolu böyükdür.
   Erkən nigah dedikdə, mütəxəssisləri bir mövzu maraqlandırır: “Erkən nikahın yol açdığı fəsadlar”. Sözü gedən fəsadlara istər psixoloji, somatik istərsə də, sosioloji baxımdan rast gəlinir.
   Erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən, bir çox halları ələ almaq olar. Bu hallardan ən çox təsadüf edilənlər Obsessiv-Kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və paralelində baş verən panik ataklardır.
   Erkən nikahın səbəb olduğu Obsessiv-Kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan səbəblər, tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Həmçinin, nikahdan öncə eşitdiyi və inandığı bir sıra cinsi miflər də bu pozuntunun yaranmasına səbəb ola bilər. Onu da qeyd etmək olar ki, OKP iyrənmə nəticəsində də təzahür edir. Sözü gedən hallar adətən qadınlarda daha sıx müşahidə olunur.
   Bəzən erkən nigah zamanı tərəflərin bir-birlərini tanımağa kifayət qədər vaxtı olmur. Ailə üzvləri tərəflərə bir-birlərini kifayət qədər tanımağa şərait yaratmırlar. Bu da öz növbəsində gələcəkdə tərəflər arasında ünsiyyət azlığı, ailə daxili rolların düzgün mənimsənilməməsi, yeni mühitə adaptasiya ola bilməmək, konfliktli situasiyaların yaranması, şiddət, dolayı və ya birbaşa yönəlmiş verbal aqressiya və s. kimi neqativ hallara yol açır. Nəticə etibarı ilə, tərəflərdən biri, bəzən isə hər ikisində depressiv əlamətlər təzahür edir.
   Erkən nikah zamanı müəyyən problemlərin vaxt aşırı müzakirə olunmaması və aqressiyanın daxildə toplanması, tərəflərdə şüuraltı olaraq neqativ düşüncələrin toplanmasına səbəb olur.