Çapa göndər
Sona Vəliyevaya “Qızıl qələm” mükafatı verildi

23 iyul 2019 - 16:29

Qırğız Milli Yazıçılar Birliyinin (QMYB) bir qrup üzvü Bakıda səfərdədir. Birliyin başqanı Nurlan Kalıbekovun başçılıq etdiyi nümayəndə heyəti üç əsrin qəzeti olan "Kaspi” qəzetinin kollektivi ilə görüş keçirib. "Gənc Qırğız şeiri antologiyası”nın təqdim olunduğu görüşdə ölkələrimiz arasında ədəbi əlaqələrin dünəni, bu günü və gələcək perspektivləri müzakirə olunub. Qeyd edilib ki, hər iki ölkənin şairlərinin bir-birini yaxından tanımasına və bir-birini tanıtmalarına ehtiyac var.

Tədbirdə QMYB-nin başqanı Nurlan Kalıbekov tanınmış şairə, filologiya üzrə elmlər doktoru, antalogiyanın məsləhətçisi Sona Vəliyevaya Birliyin təsis etdiyi "Qızıl qələm” mükafatını təqdim edib. S.Vəliyeva dəyərli mükafata görə təşəkkürünü bildirərək, "yaradıcılığımla bu mükafata layiq olmağa çalışacağam” söyləyib.
Qeyd edək ki, "Gənc qırğız şeiri antologiyası”nın layihə rəhbəri Milli Məclisin deputatı Cavanşir Feyziyev, baş redaktoru Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalıdır. Nəşrdə 35 gənc qırğız yazarının müxtəlif mövzuda şeirləri toplanıb. "Gənc Qırğız şeiri antologiyası” Bakıda və Bişkekdə ədəbi ictimaiyyətə təqdim olunacaq. Gələcəkdə Azərbaycanın gənc şairlərinin şeirlərindən ibarət antalogiyanın da Qırğızıstanda çap olunması nəzərdə tutulub.  

 

artkaspi.az