Çapa göndər
Rusiyalı tələbələr BSU-da (+FOTOLAR)

20 iyul 2019 - 16:49

Məlum olduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təşəbbüsü ilə iyulun 15-dən Sumqayıt Dövlət Universitetində  "Odlar Yurdu Azərbaycana səyahət” Tələbə Yay Məktəbi fəaliyyətə başlayıb. Yay məktəbində Rusiya Federasiyandan Samara Dövlət Texniki Universitetinin, Ural Dövlət Dağ-Mədən Universitetinin, Rusiya Dövlət Pedaqoji Universitetinin, Şimali Qafqaz Federal Universitetinin, Kuban Dövlət Universitetinin, Dağıstan Dövlət Universitetinin professor-müəllim və tələbə heyəti iştirak edir.

Rusiyadan gəlmiş qonaqlar 19 iyul tarixində Bakı Slavyan Universitetində olmuş, universitetdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, kitabxana, Erazmus (PETRA) layihəsi üzrə Treninq-tədris mərkəzi, Rusiya tədris-mədəniyyət mərkəzi, akt zalı, universitet kitabxanası və muzeyi,  Şəhidlər guşəsi ilə yaxından tanış olublar. Qonaqları universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov qəbul etmiş, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı tarixi dostluq və qardaşlıq münasibətləri, bakalavriat və magistratura səviyyələrində müxtəlif ixtisaslar üzrə mütəxəssis hazırlığı proqramları barədə onlara ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində daha da dərinləşən Rusiya-Azərbaycan  dostluq əlaqələrinin bu gün Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirildiyini bildirib. Prorektor ölkələrimiz arasında iqtisadi, mədəni sahədə əməkdaşlıqla yanaşı, elm və təhsil sahəsində də ikitərəfli münasibətlərin genişləndiyini qeyd edib. O, 2015-ci ildə əsası qoyulan, bu gün hər iki dövlətin 53 universitetini birləşdirən Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsi istiqamətində ciddi addımlar atdığını bildirib. T.Cəfərov rusiyalı professor-müəllim heyətinin və tələbələrin  BSU-ya bugünkü səfərini də həmin assossiyasiyanın uğurlu layihəsinin tərkib hissəsi kimi dəyərləndirib.

Akt zalında universitet həyatından və BSU-nun nəşr etdiyi “Rus dili və ədəbiyyatı Azərbaycanda” elmi-kütləvi jurnalının fəaliyyəindən bəhs edən video-çarx nümayiş olunub, Əcnəbi tələbələrlə iş üzrə dekan Ü.Məmmədova rusiyalı tələbələrə BSU-da təhsil imkanları, əcnəbi tələbələr üçün yaradılmış şərait barədə məlumat verib.