Çapa göndər
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir

18 iyul 2019 - 11:11

İyulun 17-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Elm” nəşriyyatının fəaliyyətindən danışıb. Bildirib ki, akademiya təsis edildiyi vaxtdan fəaliyyət göstərən nəşriyyat xalqımızın elmi potensialının təbliği, onun geniş oxucu kütləsinə çatdırılması, ümumən mədəni-mənəvi və intellektual inkişafımızda mühüm rol oynayıb.

Akademik Akif Əlizadə “Elm” nəşriyyatının  hazırda müxtəlif növ elmi nəşrlərin – monoqrafiyalar, seçilmiş əsərlər, elmi məcmuələr, lüğətlər, biblioqrafik ədəbiyyatlar və s. hazırlanması sahəsində ixtisaslaşdığını qeyd edib. Vurğulayıb ki, dünyada nəşriyyat işi sahəsində, xüsusilə akademik nəşrlərin hazırlanması və yayımında baş verən yeniliklər “Elm” nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulmasını, onun fəaliyyət istiqamətlərinin genişləndirilməsini zəruri edir.

AMEA Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq “AMEA-nın “Elm” nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019-2020-ci illər üçün Tədbirlər planı”nı təsdiq edib. Tədbirlər planına əsasən, “Elm” nəşriyyatının yeni korporativ imicinin formalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir tələblər səviyyəsində rəsmi veb-saytının hazırlanması və s. nəzərdə tutulur.