Çapa göndər
Ağstafa Regional Mədəniyyət İdarəsi Avey Dövlət Qoruğunun Damcılı Bulaq və Göyəzən dağı filiallarında möhtəşəm festival keçirdi (+FOTOLAR)

08 iyul 2019 - 15:30

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2019-cu il İş planına əsasən 30 iyun -10 iyul 2019-cu il tarixində ölkəmizdə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Tədbir çərçivəsində regional idarələrin əhatə etdiyi şəhər və rayonlarda tabe mədəniyyət müəssisələrində tədbirlərin proqramı hazırlanmışdır.

Ağstafa Regional Mədəniyyət İdarəsinin həyata keçirdiyi silsilə tədbirlər sırasında Qazax rayonu ərazisində yerləşən Avey Dövlət Qoruğunun Damcılı Bulaq və Göyəzən dağı filiallarında möhtəşəm festival keçirildi.

Öncə qonaqları Ulu Dədə Qorqud salamlayaraq, onları milli-mənəvi dəyərlərimizi özündə əks etdirən sərgilərə baxış keçirməyə dəvət etdi. Tədbirdə Yuneskonun Ümumdünya İrs Siyahısına düşən milli mətbəximiz-dolma, lavaş, müxtəlif xalçalar, kəlağayılar, milli musiqi alətlərimiz və Qazax MKS-nin Nəsimi ilinə həsr edilmiş kitab sərgisi nümayiş olundu. Eyni zamanda meydanda qurulmuş çadırların ətrafında Qarabağ atlarını simvolizə edən atların yürüşünə tamaşa edildi.

Tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov 30 iyun-10 iyul tarixləri arasında paytaxtımızda keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizin siyasi-ictimai həyatında, mədəniyyətimizin dünyaya tanıdılmasında əhəmiyyətini qeyd edərək Azərbaycan – YUNESCO əməkdaşlığında Ulu Öndər Heydər Əliyevin rolundan, dahi şəxsiyyətin uğurlu siyasətinin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin mədəni irsimizin qorunub saxlanması, təqdimatı, təbliği istiqamətində xidmətlərindən geniş bəhs etdi. Natiq qeyd etdi ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Bu uğurda ölkə başçısının və birinci vitse-prezident,YUNESCO- nun Xoşməramlı Səfiri Mehriban Xanım Əliyevanın da müstəsna xidmətləri danılmazdır. Hazırda Azərbaycandan YUNESCO- nun qeyri-maddi mədəni irs siyahısına Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalça toxuculuğu, Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma üsulu, qadın baş örtüyü kəlağayının düzəldilməsi, Lahıc misgərlik sənəti, lavaş, dolma, kamança, Dədə Qorqud dastan mədəniyyəti, nağılları və musiqisi, Qarabağ atı ilə oynanılan Çövqan atüstü oyun, Naxçıvanın ənənəvi qrup rəqsləri-yallı, köçəri, tənzərə olmaqla 13 qeyri-maddi mədəni irs nümunəsi daxildir. Bu gün tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır.

Festival aşıq və zurnaçıların bir-birindən gözəl ifaları və Tovuz rayon Mədəniyyət Mərkəzi aktyorlarının hazırladığı maraqlı tamaşalarla davam etdirildi.

Tədbirdə həmçinin, Gənclər və İdman Nazirliyi Yanında İctimai Şuranın sədri, “Virtual Qarabağ”  İKT mərkəzinin sədri Nürəddin Mehdiyev, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin Gulayə Həsənova, paytaxtdan gəlmiş qonaqlar, mədəniyyət işçiləri, ziyalılar, KİV nümayəndələri iştirak etdilər.
 

Ağstafa Regional Mədəniyyət İdarəsinin  KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı Xəyal Nağıyev