Çapa göndər
AMEA-nın Polimer Materialları İnstitutu ilə ÜŞETİ arasında ikitərəfli müqavilə imzalanıb (+FOTOLAR)

28 iyun 2019 - 11:07

İyunun 25-də Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) nümayəndə heyəti AMEA-nın Polimer Materialları İnstitutunda (PMİ) olub. Görüşdə ÜŞETİ-nin direktoru v.i.e., aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov,  istehsalat üzrə direktor müavini, a.ü.f.d., dosent Rauf Əsədullayev, aparıcı elmi işçi, texn.ü.f.d. Mövlud Hüseynov və PMİ-nin direktoru, AMEA-nın m/ü., k.ü.e.d., prof. Bəxtiyar Məmmədov, “Heterotsiklik birləşmələr” laboratoriyasının müdiri, k.ü.f.d., dosent Məhruzə Şatirova və başqaları iştirak ediblər. ÜŞETİ ilə PMİ arasında elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilə üzümçülükdə xəstəlik və zərərvericilərə qarşı yeni səmərəli preparatların hazırlanması və sınağı üzrə birgə tədqiqatların aparılması, təbii maddələri modifikasiya etməklə funqisid, insektisid və digər fəallıq göstərən vasitələrin alınması, bioloji fəallıqlarının öyrənilməsi, sonrakı mərhələdə ortaq elmi layihələrin həyata keçirilməsi və digər sahələrdə qarşılıqlı fəaliyyətə dair məsələləri özündə əks etdirir. Üzümlüklərin xəstəlik və zərərvericilərdən mühafizəsinə sərf edilən kimyəvi preparatlar xaricdən alındığından baha başa gəlir və milli valyutanın xaricə axmasına səbəb olur. Ona görə də, üzümün becərilmə texnologiyasının təkmilləşdirilməsi, üzümlüklərin mühafizəsi sahəsində yeni dərman preparatlarının respublikada istehsalının təşkili, tətbiqi, yayılması, kimyəvi preparatlara olan tələbatın yerli istehsal hesabına ödənilməsi olduqca vacibdir.