22 iyun 2019 - 15:27
Canveten.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixi Sərəncamı ilə yaradılan AMEA Naxçıvan Bölməsində elmin müxtəlif sahələri üzrə sistemli şəkildə aparılan tədqiqat işlərində son illər bir çox mühüm nəticələr əldə edilib. Muxtar respublikada yaradılan normal mühit, Naxçıvanda elmə göstərilən diqqət və qayğı buna stimul yaradıb. Bəs, Bölmənin 6 elmi tədqiqat müəssisəsindən biri olan, muxtar respublikanın təbii ehtiyatlarını, onun yeraltı və yerüstü sahələrini elmi şəkildə öyrənmək məqsədi ilə yaradılan Təbii Ehtiyatlar İnstitutunda bu istiqamətdə nə kimi işlər görülür, institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevlə söhbətimiz də məzh bu yöndə oldu:
- Naxçıvan Muxtar Respublikasında elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər təbii ki, kollektivimizi daha yaxşı işləməyə, qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirilməyə ruhlandırır. Qeyd edim ki, institutumuzda Mineral xammalın kimyası və texnologiyası, Sorbsiya prosesləri, Fiziki tədqiqatlar, Filiz və qeyri filiz yataqları, Hidrogeologiya və mineral sular və Seysmologiya laboratoriyaları, Coğrafiya, İqtisadiyyat və Seysmoloji xidmət şöbələri fəaliyyət göstərir. Qarşımızda duran əsas vəzifə isə Naxçıvanın təbii sərvətlərin geoloji, kimyəvi, fiziki tədqiqi, hidroloji və landşaft şəraitinin öyrənilməsi, mineral xammalın istehsalının elmi əsaslarının işlənilib hazırlanması, sosial-iqtisadi infrastrukturların yerləşmə qanunauyğunluqlarının, regionun seysmik rejiminin, coğrafi şəraitinin və potensial enerji mənbələrinin öyrənilməsi istiqamətində elmi tədqiqatların aparılmasıdır ki, bunun üçün institutumuzda hərtərəfli şərait var. Şöbə və laboratoriyalarımız da müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təmin edilib. Son illər elmi-tədqiqat işlərinin genişləndirilməsi nəticəsində Naxçıvanda mineral xammalın kompleks emalı elmi əsaslarla işlənilib hazırlanması, çoxkomponetli sistemlərdən qiymətli elementlərin sorbsiya metodu vasitəsilə ayrılmasının nəzəri və praktik əsaslarla işlənilməsi üzərində iş aparılır. Həmçinin yerli materiallar əsasında günəş enerji çevricilərində istifadə edilən birləşmələrin sintezi və onların paramentlərinin müəyyən edilməsi, regionda filiz və qeyri-filiz yataqlarının, hidroloji şəraitin öyrənilməsi, mineral suların formlaşması qanunauyğunluqları və yeni hidrotermal mənbələrin axtarışı tədqiqatlara cəlb edilib.
- Naxçıvanın təbii ehtiyatlarının öyrənilməsi istiqamətində institutda nə kimi işlər görülüb?
- Bilirsiniz ki, Naxçıvan ərazisi müxtəlif filiz, qeyri-filiz və tikinti materialları ilə çox zəngindir. Burada molibden, mis, sürmə, polimetal filizləri, qeyri filiz yataqlarından mərmər, gips, travertin, duz, və digər təbii sərvətlər, eyni zamanda çoxlu mineral bulaqlar var. Şərur, Şahbuz, Şahtaxtı, Gümüşlü, Ağdərə, Parağaçay, Duzdağ, Nehrəm, Təzəkənd, Qızılvəng, Darıdağ, Nəsrivaz, Gilançay və digər ərazilərdə yerləşən sənaye əhəmiyyətli müxtəlif faydalı qazıntı yataqları mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində muxtar respublika ərazisində olan bir çox faydalı qazıntı yataqları tədqiqatlara cəlb edilib.
- İnstitutun aparıcı laboratoriyalarından biri olan Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında hansı sahələrdə iş aparılır?
- Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında filiz və qeyri-filiz yataqlarından götürülən nümunələrin tərkibinin analizi aparılmaqla yanaşı, mövcud mineral xammallar əsasında bir çox birləşmələrin alınması həyata keçirilir və onların tətbiq sahələri müəyyənləşdirilir. Laboratoriyada iki istiqamətdə iş aparılır. Birinci iş Darıdağ arsen filizi əsasında arsenin bir sıra birləşmələrinin alınması və sürmə filizinin kompleks emalı, digəri isə ağır metalların sürmə, arsen, molibden, germanium və qalayla əmələ gətirdiyi ikili, üçlü halkogenidlərinin su və üzvi həlledicilər mühitində sintezi və xassələrinin araşdırılmasıdır.
- Sorbsiya prosesləri laboratoriyasının fəaliyyətindən danışmağınız da maraqlı olardı. Yəqin ki, bu laboratoriyada da görülən işlər az deyil...
- Bu laboratoriyada da iki istiqamətdə iş aparılır. Birinci iş qiymətli elementlərin sorbsiya metodu ilə ayrılmasının nəzəri və praktik əsaslarının işlənib hazırlanmasıdır. Burada müxtəlif funksional qruplu ionitlərin quruluşlarının, iondəyişmə və turşu-əsas xassələrinin öyrənilməsi, ionitləri xarakterizə edən bir sıra vacib parametrlərin hesablanması nəzərdə tutulub. Eyni zamanda alınan nəticələrdən praktiki olaraq qiymətli və əlvan metal ionlarının sorbsiya metodu ilə zənginləşdirilməsində tətbiq edilir. İkinci iş isə Naxçıvan Muxtar Respublikasında perspektivli yataqlar olan təbii seolitin fiziki-kimyəvi xassələrinin öyrənilməsi, onların tətbiq sahələrinin müəyyənləşdirilməsidir.
- Təbii seolitlərin digər minerallardan fərqi nədir?
- Qeyd edək ki, təbii seolitlərin tətbiqinin üstünlüyü onların geniş yayılmasında, ucuzluğunda, bir neçə dəfə istifadə olunmasının mümkünlüyündə və bəzi xüsusiyyətlərinə görə sintetik minerallardan fərqlənməsindədir. Seolitlər effektiv enerjini qoruyan proseslərin inkişafında, kənd təsərrüfatı məhsullarının məhsuldarlığının artırılmasında, sənaye və urbaniləşmənin inkişafı nəticəsində yaranan ekoloji problemlərin həllidə mühüm rol oynayır. Unikal tərkibinə görə təbii seolit heç bir əlavə və konservant olmadan uzun müddət saxlanılmasına baxmayaraq özünün qiymətli xassələrini qoruyub saxlayır.
- Əhməd müəllim, hansı faydalı qazıntı yataqları tədqiqata cəlb edilib?
- Muxtar Respublika ərazisində aşkar edilən filiz yataqlarından Parağaçay molibdenit, Gümüşlü qalenit, Darıdağ arsen və sürmə yataqlarını tədqiqatlara cəlb etmişik.
- Bəs tədqiqatlardan başa çatanı varmı?
- Qeyd edim ki, Parağaçay molibdenit və Gümüşlü qalenit filizləri işlənib. Parağaçay molibdenit filizinin tərkibinin öyrənilməsi, flotasiya metodu vasitəsilə onun faydalı komponetlərinin zənginləşdirilməsi, molibdenlə yanaşı digər elementlərin-mis, sink və qurğuşunun ayrılıb fərdi şəkildə əldə edilməsi üzərində araşdırmalar aparılıb. Parağaçay molibdenit filizində molibdenin qatılığı 0.74- 0.92 %, həddində dəyişir. Filizin flotasiya metodu ilə zənginləşdirilməsindən 25.4%-li molibdenit konsentratı əldə edilib. Molibdenit konsentratının emalı üçün ayrıca texnologiya işlənib və onun əsasında, molibdenin bir sıra birləşmələri, ammonium molibdat, molibden (VI) oksid və onun nazik təbəqəsi, molibden (VI) sulfid və onun əsasında bir sıra tiomolibdatlar alınıb.
Gümüşlü qalenit filizindən isə qatılığı 21.2% olan qurğuşun konsentratı və konsentratın emalından qurğuşunun birləşmələri və metal qurğuşun alınıb.
- Hazırda hansı yataqlarda araşdırmalar aparılır?
- Haliədə Darıdağ arsen və sürmə filizlərinin kompleks emalı əsasında tədqiqatlar aparılır.
- Bəs, tədqiqat işlərinin aparılması nə qədər vaxt aparır?
- Əvvəlcə qeyd edim ki, tədqiqat işlərinin beş il müddətinə yerinə yetirilməsi nəzərdə tutulur. Məsələn, mənim (2015-2020) iş planım-sürmə filizlərinin kompleks emalıdır. Keçən müddət ərzində, filizin tərkibi müəyyən edilib, filizdən sublimasiya yolu ilə təmiz sürmə (III)sulfid və onun əsasında sürmə (III)oksid, sürmə (III)selenid, sürmə (III)tellurid alınıb. Eyni zamanda hidrotermal metodla bu birləşmələrin nanohissəcikləri sintez edilib. Hazırda filizidən sürmə mineralı qələvilərlə (KOH, NaOH) məhlula keçirilib və alınan sürmə məhlulunun reduksiyasından sürmə tozu alınıb. Sürmə tozunun 900-1000
- Əhməd müəllim, institutda istehsalyönümlü tədqiqatlara da başlanılıb. Bəs bu sahədə nə kimi işlər görülüb?
- Naxçıvan Muxtar Respublikasının Ali Məclis Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığına əsasən, ötən il Mineral xammalın kimyası və texnologiyası laboratoriyamızda palçığın tərkibinin kimyəvi analizi aparılıb, qatılaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, həm krem, həm də quru toz formasında qablaşdırılaraq satış üçün əczaxanalara göndərilib. Həmçinin Biləv kəndi ərazisində yerləşən “zəylik dərəsi”dən götürülmüş alüminium süxuru analiz olunub. Nümunənin analizindən sonra tərkibi müəyyən edilib və süxurun emalı üçün texnologiyası işlənilib. Görülən işlər nəticəsində Biləv alüminium süxurundan xalq arasında zəy adı ilə tanınan kalium-alüminium zəyi, alüminium sulfat duzu və alüminium hidroksid, ammonium-alüminium zəyi alınıb. Eyni zamanda Darıdağ termal suyunun quru qalığının alınması üçün şərait yaradılıb və məhsul istehsalına başlanılıb.
- Təbii müalicəvi vasitə olan “Şorsu” palçığının istifadəsi ilə bağlı bir qədər geniş məlumat verməniz oxucularımız üçün də maraqlı olardı.
- Qeyd edək ki, əvvəlki illərdə əhalimiz primitiv şəkildə istifadə etdiyi palçıq laboratoriyamızda müxtəlif əməliyyatlardan sonra gigiyenik qaydada, qablaşdırılıb. Tərkibində maqnezium, natrium, kalsium, dəmir oksidi olan “Şorsu” müalicəvi palçığı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məlumatına görə 17 adda-revmatizma, revmatoid artrit, fəqərə osteoxondrazu, deformasiyaedici, miozit, bursit, insult qalığı, nevrit, nevralgiya, prostatit və digər xəstəliklərin müalicəsində istifadə edilə bilər. Müalicənin applikasiya, tampon və ümumi palçıq vanası şəkilində istifadəsi də mümkündür. Onu da qeyd edim ki, paketin və qutunun üzərində palçığın tərkibi, müalicəvi əhəmiyyəti və istifadə qaydası göstərilib.
- Məlumatımıza görə Qabıllı gil yataqlarında da tədqiqatlar aparılıb…
- Bəli, Kəngərli rayonu ərazisində yerləşən Qabıllı kəndinin özündə və ətraf ərazilərində müxtəlif rəngli çox böyük gil yaraqları var. Biz orda da tədqiqatlar aparmışıq. Maraqlısı budur ki, gillər çox təmizdir, yəni tərkibində digər qarışıqları yox dərəcəsindədir. Əvvəllər bu gillərdən müxtəlif məqsədlər üçün istifadə ediblər. Məsələn, təndirlərin hörülməsində, kərpic istehsalında, o cümlədən də yuyucu məhsul kimi istifadə edilib. Biz hesab edirik ki, bu gün sintetik yuyucu tozlardan fərqli olaraq, həmin gillərdən yuyucu material kimi istifadə edilə bilər. Həmçinin gildən üzün və saçların yuyulmasında istifadəsi də mümkündür ki, bu da sağlamlığımız baxımından daha əlverişlidir.
- Əhməd müəllim, istərdik ki, uğurlarınız və gələcək planlarınız barədə də danışasınız...
- Muxtar respublikanın təbii sərvətlərinin səmərəli istifadəsi istiqamətində institutumuzda aparılan tədqiqat işlərinin nəticəsində əməkdaşların kitab və monoqrafiya, xeyli sayda elmi əsərləri nəşr edilib. Həmçinin elmi-tədqiqat işləri ölkə elmi məcmuələr ilə yanaşı Türkiyə, Rusiya, Almaniya, ABŞ, İtaliya, Avstraliya və digər xarici ölkələrin nüfuzlu nəşrlərində əksini tapıb. Fəlaiyyətimiz dövründə 2 qrant layihəsi udulub, 20-ə yaxın patent alınıb. Əməkdaşlarımızın “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” adlı kitabı Rusiyanın paytaxtı Moskva şəhərində 31-ci Beynəlxalq Kitab Sərgi Yarmarkasında elmin və təhsilin inkişafında əhəmiyyətinə görə Təşkilat Komitəsinin “Qızıl medal” mükafatına, “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” kitabı isə 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisinin qızıl medalına və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Moskva Təhsil sərgisinin diplomuna layiq görüb...
Gələcəkdə də muxtar respublikanın təbii ehtiyatlardan hərtərəfli istifadə etmək istiqamətində bizlər qarşısında qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səy və bacarığımızı əsirgəməyəcəyik.
Türkanə Bəylərli
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )