Çapa göndər
4 yaşında məktəbə gedən, 18 yaşında universitet bitirən qız (+FOTOLAR)

18 iyun 2019 - 22:29

Turana Tağıyeva: “Oxumaq mənim üçün yük deyil, oxumaqdan zövq alıram” 
 

Avqust ayında 4 yaşı tamam olub, sentyabrda məktəbə gedib. 14 yaşında orta məktəbi bitirib, 18-də bakalavr təhsilini. Valideynlər, adətən, uşaqlarını 6 yaşı tamam olmamış məktəbə göndərmirlər ki, qoy uşaqlığını yaşasın, dərslər ona bu dövrünü uşaq kimi keçirməyə mane olacaq. Amma o məktəbə tez getsə də, uşaqlığını da doya-doya yaşadığını deyir.

 

Müsahibimiz bu il Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirən 18 yaşlı Turana Tağıyevadır.

 

Qeyd edək ki, T.Tağıyeva 2000-ci ildə Bakı şəhərində anadan olub. 1-9-cu siniflərdə 193 nömrəli, 10-11-ci siniflərdə isə 212 nömrəli məktəbdə təhsil alıb.

 

Turana ilk olaraq məktəbə tez getməsinin səbəblərindən danışdı: "Qardaşım məndən böyükdür, evdə valideynlərim onu məktəbə hazırlaşdırırdılar, mən də kənardan bütün bunları dinləyirdim və onunla bərabər məktəbə hazırlaşmış olurdum. Qardaşım və xalam oğlu məktəbə gedəndə mən də məktəbə getmək istədiyimi bildirdim. Düzdür, hələ 4 yaşım yox idi, amma artıq məktəb istəyirdim. Yaşım az olduğu üçün valideynlərim məni məktəbə göndərmək istəmirdilər. Lakin çox inad etdiyim üçün məcbur qalıb apardılar. Müəllimlə direktor məni sorğu-sual etdilər və məktəbə hazır olduğumu bildirərək, dedilər ki, xüsusi istedadlı uşaqlar üçün olan imtahanı verməliyəm, keçə bilsəm, məktəbə gedə bilərəm. İmtahanı verib birinci sinfə qəbul oldum”.

 

"Səhərlər həvəslə oyanıb məktəbə getmişəm”

 

Bu gün 4 yaşlı uşaqları görəndə "doğrudan, mən o uşaqlar boyda olanda məktəbə getmişəm?” deyə sual etsə də, məktəblə bağlı yaşından dolayı hər hansı çətinliyi olmayıb: "4 yaşında uşaqlar görəndə mən buna təəccüblənirəm, hətta şok keçirirəm ki, axı, bu yaşda adam çox balaca olur. Düşünürəm ki, doğrudan, o uşaqlar boyda olanda məktəbə getmişəm? Yəni arada buna özümün də təəccübləndiyim olur (Gülür). Amma heç vaxt dərslər mənə çətin gəlməyib, məktəbdən geri qayıtmaq, həvəsimin ölməsi halı olmayıb. Həmişə səhərlər həvəslə oyanıb məktəbə getmişəm. Məktəbi çox sevirdim”.

 

Turana görünüş baxımından sinif yoldaşlarından balaca olsa da, əqli cəhətdən heç vaxt geridə qalmadığını deyir: "Dərslərimi yaxşı oxumağa çalışmışam, hər zaman əlaçı olmuşam. Məktəblə bağlı yalnız xoş xatirələr yadımdadır. Dərslərlə bağlı heç bir çətinlik çəkmirdim”.

 

"Uşaqlığımı doya-doya yaşamışam”

 

"Yaşca sinifdə hamıdan balaca olsam da, sinif nümayəndəsi idim” – deyən müsahibimiz bildirdi ki, özündən böyükləri bir araya toplamaq onun üçün heç də çətin deyilmiş: "Onlar məni özlərindən balaca deyil, yaşıd kimi görürdülər, mənə hörmətlə yanaşırdılar. Müəllimlərlə münasibətim çox yaxşı olub. Hətta bəzən müəllimlərimiz mənə "qızıl fond”, "son xəbər” deyirdilər. Müəllimlərimin və sinif yoldaşlarımın sevimlisi olmuşam”.

 

Turana 4 yaşında məktəbə getməyi ilə uşaqlığının əlindən alındığını düşünmür: "Məni heç kim məktəbə məcbur göndərməyib. Məktəbə getməyi özüm istəmişəm. Məktəblə yanaşı, rəqsə, şahmata, üzgüçülüyə də gedirdim. Ümumiyyətlə, çox hiperaktiv uşaq olmuşam. Ona görə, valideynlərim məni bu kimi məşğuliyyətlərə yönəldirdilər ki, enerjimi faydalı işlərə sərf edim. Əlavə məşğuliyyətlərlə yanaşı, dərslərimi də hazırlamağı çatdırırdım. Heç kim məni dərs oxumağa məcbur etməyib. Özümü daha yuxarı yaşlarda hiss etmirəm də. Uşaqlığımı doya-doya yaşamışam. Heç vaxt "dərsə tez getdim, uşaqlığım dərs oxumaqla keçdi” demirəm. Dünyaya bir də gəlsəm, 4 yaşımda məktəbə gedərəm (Gülür)”.

 

"Bu, mənə 14 yaşda qismət oldu”

 

Hətta deyir ki, məktəbə tez getməsi ona çox üstünlük qazandırıb: "Universitetə qəbul olandan sonra istər-istəməz, insanın təfəkkürü dəyişir. O mənada ki hər şeyə daha real baxırsan, daha çox şey öyrənirsən. Həm də yiyələnmək istədiyin ixtisası dərindən öyrənmək fürsəti yaranır. Çox insan bunu 18 yaşında yaşayırsa, bu, mənə 14 yaşda qismət oldu, 18 yaşımda artıq universiteti bitirdim. Biri var təfəkkürün 21-22 yaşında dəyişsin, bir də var 18 yaşda. Bununla iş həyatına daha tez başlamaq imkanım olur. Yəni arzularımın reallaşmasına bir addım daha yaxınam. Magistraturaya da tez başlamaq imkanım var. İmtahan vermişəm, 114 bal toplamışam”.

 

Ondan yaşıdlarını soruşanda, ağlına 20-21 yaşlılar gəldiyini deyir: "Bağçaya qardaşımla bir yerdə, özümdən böyüklərin qrupunda getmişəm. Məktəb vaxtı da məndən 2-3 yaş böyük uşaqlarla oxumuşam deyə, özümü 18 yaş kateqoriyasına aid etmirəm. Ümumiyyətlə, uşaqlıqdan özümdən yaşca böyük olan uşaqlarla söhbətim yaxşı tutub. Mən "yaşıdlarım” deyəndə 18 yaşlıları nəzərdə tutmuram. Avtomatik olaraq ağlıma, 20-21 yaşlılar gəlir”.

 

"Oxumaqdan zövq alıram”

 

Universitetə qəbul vaxtı yaş məsələsi hər hansı problem yaratmayıb, amma yaşın verdiyi həyəcanı universitetə qəbul imtahanında hiss edib: "Sınaq imtahanlarında daha yüksək bal yığırdım, 590-600 arası nəticə göstərirdim. Ümid edirdim ki, qəbul imtahanında da belə olacaq, amma bəlkə də yaşımın həyəcanından irəli gələrək 411 bal yığdım. Düzü, bu, məni məyus etmir, çünki istədiyim ixtisasa qəbul olmaq üçün yığdığım bal kifayət etdi”.

 

Turana oxumaqdan zövq aldığını deyir: "Dərs yükü nə məktəb, nə də universitet vaxtı mənim üçün problem olmayıb. Dərslərdən əlavə boş vaxtımda mütaliə etməyi çox sevirəm. İncəsənətlə maraqlanıram, bu, mənim hobbimdir. Sənət əsərləri, onların hekayələrini araşdırmağa da vaxt sərf edirəm. Oxumaq mənim üçün yük deyil, oxumaqdan zövq alıram”.

 

"Məni məndən çox tənqid edən yoxdur”

 

Turananın iddialı, bir az da inadkar xasiyyəti danışığından hiss olunur. Deyir ki, həm də özünə tənqidi yanaşma xüsusiyyəti var: "Düzü, bürclərə çox da inanan insan deyiləm, amma özüm əjdaha ili, şir bürcüyəm. Bəlkə bunun da rolu var, onun xüsusiyyətlərini daşıyıram. Deyilənə görə, məndə idarəçilik, liderlik xüsusiyyətləri var, insanları başıma toplaya bilirəm. Həm də həmişə özümə tənqidi yanaşıram. Bəlkə də məni məndən çox tənqid edən yoxdur. Həmişə özümə deyirəm ki, bunu əldə etdin, kifayətlənmə, daha yaxşısı üçün çalış. Həmişə hər şeyin daha yaxşısını istəyirəm. Çünki bilirəm ki, istəsəm, bacararam, məndə o potensial var. Gördüyüm işi kənardan başqası "əla” adlandıra bilər, amma o, heç vaxt mənim üçün əla olmur. Bəlkə də hamı üçün əla olan bir şey mənim üçün pisdir. Həmişə dünənkindən daha yaxşı insan olmağa can atıram”.

 

"7-ci sinifdən diplomat olmaq istəyirdim”

 

Turana diplomat olub ölkəmizi xaricdə təmsil etmək istəyir: "Mən seçdiyim ixtisasla bağlı məlumatlı idim. Bilirdim ki, bu ixtisası bitirəndən sonra diplomat olub ölkəmizi, maraqlarını təmsil etmək olar. 7-ci sinifdən artıq diplomat olmaq istəyirdim. Ona görə, məlumatlı olaraq və istəyərək beynəlxalq münasibətlər ixtisasını seçmişəm. Özümü bu peşədə daha yaxşı ifadə edə biləcəyimə əmin idim. Mənim ən böyük arzularımdan və məqsədlərimdən biri Azərbaycanı dünyada layiqincə təmsil etməkdir. Bilirəm ki, bunu bacararam. Eyni zamanda elmi fəaliyyətlə də məşğul olmaq istəyirəm”.

 

Hazırda isə Turana Xarici İşlər Nazirliyində təcrübə keçir: "Təhsil aldığım 4 il ərzində "Gilan Holding”də təcrübə keçmişəm. 4-cü kursda oxuyanda isə bizi XİN-ə təcrübəyə göndərdilər. Təcrübə müddətimiz bitsə də, mənim vaxtımı uzatdılar”.

 

Aygün Asimqızı

kaspi.az