Çapa göndər
Dövlət Gömrük Komitəsi ilə BMTİP arasında saziş imzalanıb (+FOTOLAR)

12 iyun 2019 - 16:09

Canveten.az xəbər verir ki, iyunun 11-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti  general-leytenantı Səfər Mehdiyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.   

Komitə sədri BMTİP ilə ölkəmizin gömrük orqanları arasında uzunmüddətli, səmərəli əlaqələrdən məmnunluqla bəhs edib və  bu əməkdaşlığın Azərbaycan gömrüyünün inkişafına mühüm dəstək göstərdiyini diqqətə çatdırıb. Səfər Mehdyev bildirib ki, son dövrlərdə Prezident İlham Əliyevin gömrük sistemində reallaşdırdığı islahatlar hasabına gömrük orqanları bütün sahələrdə mühüm nailiyyətlər əldə edib.  Belə ki, şəffaflığın təmin olunması, maliyyə nəzarətinin gücləndirilməsi hesabına gömrük orqanları nəzərdə tutulan proqnozu artıqlaması ilə yerinə yetirib. Son bir ildə ölkəmizdən tranzit keçməklə Avropaya daşınması nəzərdə tutulan 1,7 ton narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb. Komitə sədri onu da vurğulayıb ki, hazırda İT sahəsində Azərbaycan gömrük orqanları dünyanın bir sıra inkişaf etmiş ölkələrini geridə qoyur.   

Aparılan islahatların nəticəsi olaraq Azərbaycan gömrüyünün beynəlxalq aləmin etibarlı tərəfdaşına çevrildiyini vurğulayan Səfər Mehdiyev cari ilin aprel ayında Dövlət Gömrük Komitəsinin ÜGT Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, 52 ölkəni özündə birləşdirən Avropa Regionu üzrə rəhbəri seçilməsinin, ÜGT-nin “İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi”nin  iyunun 12-də Bakıda keçirilməsinin bunun bariz nümunəsi olduğunu bildirib.

  Komitə sədri əldə edilən nailiyyətlərdə  BMTİP-in müxtəlif sahələrdəki dəstəyinin  mühüm rol oynadığını diqqətə çatdırıb və əməkdaşlığın bundan sonra daha da gücləndiriləcəyinə əminliyini ifadə edib.

BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti səmimi görüşə görə təşəkkürünü bildirib və  Dövlət Gömrük Komitəsinin uğurlarını yüksək qiymətləndirərək təmsil etdiyi qurumun da bu nailiyyətlərin əldə edilməsində rol oynamasından qürur duyduğunu diqqətə çatdırıb. 

Birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin uğurlu nəticələrlə öz bəhrəsini verdiyini bildirən Alessandro Frakassetti  Azərbaycan gömrüyünün mühüm vəzifələrin öhdəsindən gəldiyini, şəffaflığın təmin olunması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, ticarətin asanlaşdırılması istiqamətində ciddi addımlar atdığını vurğulayıb. 

  Daha sonra Dövlət Gömrük Komitəsi ilə  BMTİP arasında bu qurumun dəstəyi ilə  həyata keçirilən  “Azərbaycan və Gürcüstan arasındakı “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək” layihəsinin vaxtının uzadılmasına dair saziş imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti imzalayıblar.   

İmzalanma mərasimindən sonra “Azərbaycan və Gürcüstan arasındakı “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsinin inkişafına texniki dəstək” layihəsi çərçivəsində BMTİP tərəfindən Dövlət Gömrük Komitəsinə verilən nəqliyyat vasitələrinə baxış keçirilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )