Çapa göndər
"Çevir tatı - vur tatı"... - Tahir Süleymanov yazır..(+FOTOLAR)

11 iyun 2019 - 16:51

İllərdi eyni mənzərə davam edir. "Günahkarlar" axtarıla-axtarıla piramidanın son pilləsinə gəlinib. Başaldatmalarla illər yola verilib, axtarmağa "günahkar" da qalmayıb...

"Günahkar" artıq cəm olaraq Azərbaycandır.

"Azərbaycanlı futbol oynaya bilmir", yəni
fərasətsizdi, bacarıqsızdı. Heç Lixteynşteynin futbolda istirahət edənləri qədər də deyillər...

Azərbaycanlılar isə başqa, özü də əsl futbol ölkələrində bacarıqlı ola bilirlər, 80, 100 milyonluq əhalisi olan, futbolla nəfəs alan məmləkətlərdə dözülməz futbol rəqabətindən keçərək U-17-dən tutmuş U-21 kimi söz sahibi ola bilirlər...

Azərbaycanlı bacarıqlılar ancaq Azərbaycanda "bacarıqsız" olurlar. Bacarıqsızlar isə doğma torpaqda "bacarıq" yiyəsinə çevrilirlər...

Fərqli ölkələri qoyaq kənara, Azərbaycan futbolunda yetişmiş yeniyetmə və gənclər arasında dünya və Avropa çempionları var, bu gün də yaşayırlar. Onlar öz torpağımızda böyüyüb, yetişmişdilər...

Bəs indi niyə "o əjdahalardan bizdə yoxdur", yetişmir, yetişdirilmir. Azərbaycanlı futbol oynaya bilir axı... Qonşu Iranda əli daelilərimiz "Bavariya"ya kimi gedib çıxa bilir, hətta "fars" sözünü millinin avtobusundan da sıldırirlər...

"Günahkar" məşqçidi, futbolçudu, hər kəsdi...
Bir futbolu idarə edənlər, 1992-ci ildən Nazirlər Kabinetinin qərarı ilə ölkə futboluna cavabdehlik daşıyan, faktiki nazirlik statusu alan federasiya günahsızdı...

İstənilən ölkədə futbolun durumuna, inkişafına cavabdeh yerli federasiyadır. Fərdi olaraq klub(lar), futbola aid aşağı təşkilatlar, məşqçi, futbolçular məsuliyyət daşıya bilər. Ümumi futbol sistemi yararsızdırsa, yaxşılar da uzağa gedə, istənilən fayda verə bilməz...

Belə olmasaydı, uşaq futboluna diqqət ayıran klublar dağılmazdı, futbolun gələcəyini düşünənlər diqqətsiz qalmazdı, onlara hər cür dəstək verilərdi. Hamısı dağıldı, dağıdıldı...Və qeyd olunanlar məqsədli olaraq edildi...

15 il öncə hətta inkişaf etmiş Almaniya futbolunda da durğunluq yaşanırdı, tribunalar tədricən boşalırdı. Federasiya qəti addımlar ataraq, yeni layihələr hazırladı, ölkə futbolunu xilas etdi. Həm çempionata marağı qaytardı, həm də uşaq-gənclər futbolu yenidən dirçəldi...

Belə nümunələr çox gətirmək olar. Futbol sistemi düzgün çalışmırsa, o ölkədə irəliləyiş ola bilməz. Azərbaycanda olduğu kimi...

İllərdi bir məşqçi gedir, digəri gəlir, futbolçu nəsilləri dəyişir. Dəyişməyən, inkişaf etməyən ümumi futboldur. Biri-ikisi günahkar olsun, hamısımı fərsizdi?! Kütləvi belədirsə, yenə də futbol sistemi günahkardır...

Əksinə, fərlilər, dözülməz psixoloji təzyiqlər qarşısında nəticə göstərənlər aradan götürülür. "Futbol klanı"na bacarıqlılar lazım deyil...

Onların varlığı, uğurları fərsiz "futbol sistemi"nin güzgüsünə, daha doğrusu əks-güzgüsünə çevrilir. Futbolu bilənlərlə bilməyənlərin fərqi güzgü kimi görünür...

Belə vəziyyət yararsız futbol idarəçilərinə sərf etmir. Ona görə də ümumi futbol genefondu məqsədli şəkildə dağıdılır. Xaos olan yerdə bacarıqsızlıqları ört-bastır edilir, "azərbaycanlı futbol oynaya bilmir" damğası vurulur.

Tarixlərində ilk qələbələrini qazanan lixteynşteynlilər isə futbol oynaya bilir. Xeyr, futbol onlarlıq deyil, görün futbolumuz nə hala salınıb ki, futbol oynaya bilməyənləri də sevindirir...

Yetərincə vəsait, səlahiyyət var. İş görmək əvəzinə gecə-gündüz "təbliğat maşını" çalışır. Gec-tez zamanı gələcək, ən azından futbol tanrısı bunu edəcək. Piramidanın pik zirvəsi yetişən kimi pərəm-pərəm yox olacaqlar...

Bir daha futbola ayaqları dəyməyəcək.
Futbolla yanaşı yüz milyonları dağıdıb, son qəpiyinə kimi süpürüb aradan çıxacaqlar. Yerində qalan xarabalığa çevrilmiş Azərbaycan futbolu olacaq...

Nə qədər acınacaqlı olsa da, Azərbaycan futbolunun durumu budur. Artıq yalanlar, araqatmalar, fitnə-fəsadlar da kömək etmir. Futbol ictimaiyyəti, azarkeş çoxdan ayılıb. Ayılmayan futbol aləminin özüdür...

"Yağ-bal", "bir tikə əppək", "baş üstələr", "Bakı birinciliyi"nin paytaxt küləkləri, "giləvarlar". Futbol nə olur olsun-bizə nə var?!

Azərbaycan futbolunda cərəyan edən təfəkkür, düşüncə tərzi...

Qələbə hər yerdə qələbədir. Futbolda, elmdə, mədəniyyətdə, səngərdə olsun, fərq etməz, xalqa, sabaha inam verir, millətdə qalib ruhu formalaşdırır...

Məğlubiyyətlər, məğlub psixologiyanın aşılanması, Lixteynşteyn kimi rəqiblərə tarix bəxş etməyimiz tək futbolun deyil, ümumi xalqın iradəsini qırır. Son Avroliqa finalı öncəsi futbolun hansı gücə sahib olmasını hər kəs bir daha əyani olaraq gördü...

"Parçala-hökm sür" prinsipi ilə futbol camiəsi arasında dəhşətli, futbol gələcəyimiz üçün qorxunc görünən parçalanma yaşanır. Ağacın kökü qalıb kənarda, qol-budaq, tökülən yarpaqların şıdırğı müzakirəsi gedir...

Belə "müzakirələr", mübahisələr, hətta "qırğınıar" "futbol klanı"na sərfəlidir. Məqsədli "təbliğat maşını" öz yerində, səmimiyyəti, sadəliyi, ruhları olanlar da, özləri də hiss etmədən "tora" düşürlər.

Qarışıqlıq, kütləvi "günahkarlar axtarışı" olan yerdə düz yol seçilə, gedilə bilməz...

Futbol elmdir, dərin təhlillərə, biabırçı məğlubiyyətlərin, ümumi futbolun durumunun araşdırılmasına böyük ehtiyac var.Təəssüf ki, ildən-ilə futbol cılızlığı getdikcə dərinləşir, üzdənyanaşma meylləri günü-gündən çoxalır...

İkinci dünya müharibəsi başlayanda Uinston Çörçil baş nazir olaraq Hitlerlə alçaldıcı danışıqlara sövq edilirdi. Hətta ilk vaxtlarda Amerika da üz döndərmişdi. Ingiltərənin taleyi həll olunurdu...

Kral ölkədən qaçmaq haqda düşünürdü, Hərbi Şura kapitulyasiya sənədini hazırlamışdı, bir baş nazirin imzası lazım idi. Belə durumda U.Çörçilin məğlubedilməz ruhunu xalq müdafiə etdi, ölümə getməyə hazır olduqlarını bildirdilər, "son ingiltərəli ölənə kimi döyüşəcəyik"!

Uinston Çörçil nə general (baş məşqçi), nə əsgər(futbolçu) deyildi, rəhbər idi...
Xalqını(azarkeşi) düşünən, ağıllı, barışmaz, qətiyyətli, qalibiyyət ruhlu, vəzifəsinin məsuliyyətini dərk edən rəhbər!

Yay gəlib, yaz çiçəklənməsindən sonra bar vermə zamanıdır. Bar isə yoxa çıxıb, qurudulub, Lixteynşteyn qarşısına çıxarılacaq heç çır meyvə də qalmayıb...

Yayda payızın yarpaq tökümü müzakirə edilməz, milyonlar qarşılığında niyə barlı meyvələrin olmaması gündəmə gətirilər...

Nəhayət ki, "bağbanların" cavabdehlik daşıdıqları sahəylə bağlı hesabat vermələri zamanıdır. Və bu zaman çoxdan yetişib...

"Cır meyvələr"ın müzakirəsi ilə futbol daha da "cırlaşır". Azərbaycanda böyük futbolun olması üçün, böyük təfəkkür, böyük düşüncə, böyük qətiyyət, böyük milli ruh, böyük birlik lazımdır...

Böyük düşünək, böyüklərdən olaq....