Çapa göndər
Rumıniyada BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib (+FOTOLAR)

31 may 2019 - 20:13

Canveten.az xəbər verir ki, mayın 28-29-da Rumıniyanın paytaxtı Buxarest şəhərində Qara Dəniz Universitetləri Şəbəkəsi (BSUN) Baş Assambleyasının və Buxarest Universitetinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş “İnter University Cooperation for Open Science” adlı beynəlxalq konfrans keçirilib.

Bakı Dövlət Universitetindən olan nümayəndə heyəti konfransdan bir gün öncə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin Cumhuriyyətin 101-ci ildönümü ilə bağlı təşkil etdiyi rəsmi ziyafətə qatılıb. Ziyafətdə xarici ölkələrin Rumıniyadakı səfirləri, konsulları, universitet rektorları, Rumıniyada təhsil alan azərbaycanlı tələbələr və digər qonaqlar iştirak ediblər. 

Buxarest Universitetində baş tutan konfransın açılış mərasimində rektor Mirsea Dimitru, Azərbaycan Respublikasının Rumıniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Hüseyn Nəcəfov, BDU rektorunun Strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev, Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin (UNİCA) prezidenti Lusiano Saso, BSUN-nun baş katibi Eden Mamut və Ukraynanın “Zaporojets Politexnik” universitetindən Serqi Belikov açılış nitqi söyləyiblər. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (PABSEC) Baş katibi Asəf Hacıyev konfransa skayp vasitəsilə qoşularaq təbriklərini çatdırıb.

Beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib. BDU rektorunun Strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyevin moderatorluğu ilə başlayan plenar sessiyanın ilk iclasında Avropa Komissiyası Açıq Elm Proqramının nümayəndəsi Corina Pascu, “Spiru Haret” universitetindən Manuela Epure, Ali Təhsil, Araşdırma, İnkişaf və İnnovasiya Fondu İcraçı Agentliyindən İoana Spanache, Türkiyənin “18 mart” Çanaqqala Universitetindən Mehmet Şahin və UNİCA-nın prezidenti, Sapienza Universitetinin professoru Luciano Saso müxtəlif mövzularda açıq elm mübadiləsi haqqında məruzələr ediblər. Növbəti sessiyalarda Buxarest Universitetindən, BDU-dan, Naxçıvan Dövlət Universitetindən, Ukrayna Aqrar Universitetindən, Sofiyanın “St.Kliment Ohridski” universitetindən və digər ölkələrdən olan elm adamları təqdimatlar edib, maraqlı fikir mübadiləsi aparıblar.

Mayın 29-da konfrans iştirakçıları üçün Avropanın ən böyük binasında yerləşən Rumıniya parlamentinə ziyarət təşkil olunub. Ziyarət çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin deputatları ilə rəsmi görüşlər keçirilib. PABSEC-in mədəniyyət, elm və Sosial məsələlər üzrə Rumıniyadan olan deputatı İstvan-Janos Antal, İqtisadiyyat, Kommersiya, Ətraf mühit və Texnologiya üzrə nümayəndəsi Georg-Gabriel Vişan ilə söhbətlər aparılıb, ideya və təkliflər səsləndirilib, qonaqlar üçün ziyafət təşkil edilib.

Bakı Dövlət Universitetinin nümayəndə heyətinin tərkibinə daxil olan Əli Nağıyev, Pərvanə İbrahimova və Vəfa İsgəndərova, həmçinin Naxçıvan Dövlət Universitetinin prorektoru Rafiq Rəhimov ümummilli liderimiz Heydər Əliyevin şərəfinə salınmış parkda olub, ulu öndərin büstünə tər güllər qoyublar. Eyni zamandaAzərbaycan Respublikasının Rumıniyadakı səfirliyində Fövqəladə və Səlahiyyətli səfir Hüseyn Nəcəfov və səfirlik əməkdaşları ilə görüşüblər.

Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş “İnter University Cooperation for Open Science” beynəlxalq konfrans çərçivəsində həyata keçirilən tədbirlər Şəbəkəyə üzv universitetlərin fəaliyyət perspektivinin genişləndirilməsi baxımından yaddaqalan olub.   

Xatırladaq ki, Qara Dəniz Universitetləri Şəbəkəsi üzv universitetlər arasında təhsil, fundamental və tətbiqi tədqiqatların aparılması, uğurlu təcrübə mübadiləsi və müxtəlif birgə layihələrin işlənməsi məqsədilə yaradılıb. Şəbəkə 12 ölkənin yüzdən çox universitetini birləşdirir. Bakı Dövlət Universiteti 1998-ci ildən təşkilatın sıralarında təmsil olunur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )