Çapa göndər
Gələn həftə Akademik Musiqili Teatrda “Balaca Şahzadə” 4 dəfə göstəriləcək (+FOTOLAR)

24 may 2019 - 13:11

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə may ayının 31-də saat 13:00 və saat 19:00-da, iyun ayının 1-də saat 12:00 və 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Antuan de Sent-Ekzüperinin dünyaca məşhur "Balaca Şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı nümayiş etdirəcək.

Dinamik süjet xəttinə, dərin fəlsəfi mənaya malik bu tamaşanın quruluşçu rejissoru Xalq artisti, "Şöhrət" və "Şərəf” ordenli Prezident təqaüdçüsü Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmi, rejissoru Əməkdar artist Nofəl Vəliyevdir, səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmalar isə "Bakı Media Mərkəzi”nə məxsusdur.  

Balaca Şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru – adı "Qızıl kitab”a yazılan Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları Əməkdar artistlər - Ələkbər Əliyev (Kral), Şövqi Hüseynov (Tülkü), aktyorlar - Əmrah Dadaşov (Təyyarəçi), Nicat Əli (Dərviş) Aydan Həsənova (Qızılgül), Əliməmməd Novruzov (Şoumen), Məhərrəm Qurbanov (Əyyaş), Hüseyn Əlili (Fənərçi), Rauf Babayev (Kommersant), Emil Heydərov (Qlobus), İbrahim Əlizadə (Ora-bura) ifa edirlər. Tamaşanı teatrın rejissor assistenti Sevinc Məmmədova idarə edir.

Qeyd edək ki, layihə rəhbəri Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyeva olan "Balaca Şahzadə” tamaşası hər dəfə istər yaşlı, istərsə də uşaqlar tərəfindən çox böyük maraqla qarşılanır.

Bayram günlərində övladlarına xoş ovqat bəxş etmək istəyən hər kəsi “Balaca Şahzadə”yə baxmağa dəvət edirik.