Çapa göndər
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Şəmkirdə

16 may 2019 - 02:45

 Canveten.az xəbər verir ki, Ənənəvi mədəniyyət bayramı öz işini Şəmkir rayonununda davam edib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 - cı ildönümü ərəfəsinə təsadüf edən festivalda vətənpərvərlik ruhunda olan ifalar səsləndirilib.

Festivalı uşaq incəsənət musiqi məktəblərinin şagirdlərinin və Əhməd Cavad adına Mədəniyyət Mərkəzinin rəqs qrupunun çıxışları rəngarəng edib.

Mədəniyyət bayramında Şəmkirli rəssamlar Fərman Hüseynov və Tariyel Məmmədovun rəsm əsərləri xüsusi guşədə sərgilənib. Eyni zamanda Vüqar Alıyevin xüsusi taxta və oyma, Nigar Talıbovanın amiqurumi sənəti üzrə toxuma, heykəltəraş Əliyev Nicat və Kamran Qarayevin rəsm və taxta üzərində əl işləri diqqət mərkəzində olub.

Festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin obrazı canlandırılıb, qiraət ustalarının təqdimatında şairin yaradıcılığından qəzəllər səslənib. Kitab guşəsində Cəfər Cabbarlı, Seyid Şuşinski, İsmayıl Şıxlı, Cəlil Məmmədquluzadə kimi mütəfəkkirlərin əsərlərinə də yer verilib.

Bundan başqa, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxış keçirib.

Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.
Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festival may ayında yekunlaşacaq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )