Çapa göndər
Bəxtiyar Sadıqov: NİYƏ?...

15 may 2019 - 14:20

bədxahlar və şərçilər dərhal birləşir, xeyirxahlar və abırlılar isə tək qalır?

 

 

Sosial şəbəkədə yoxam!
Heç olmaq fikrində də deyiləm!
Sosial şəbəkənin mövcudluğunu, oradakı söz və fikir azadlığını qəbul edirəm!
Yeni "söz meydanı”ndakı müəyyən proseslərdən də xəbərdaram.
Həm də bilirəm ki, mənim bu yazımla heç nə dəyişməyəcək!
Amma...


Deməsək, münasibət bildirməsək də olmur: kim necə qəbul edər, necə qiymətləndirər, hansı reaksiyanı verər - öz işidir!


Dövlətimi və millətimi həmişə yüksəkdə görmək istəyirəm!
Mənəvi dəyərlərimizin, mentalitetimizin aşınmasını, əsrlər boyu yaranan insani münasibətlərin korlanmasını qəbul edə bilmirəm!
Axı biz belə olmalı deyilik və belə deyildik!

 

***

 

Elə bil hamı hamıdan "kompramat” yığır!
Hamı hamının paxırını (var, yox) açmağa çalışır!
Kim kimin haqqında mənfi (yalan, ya doğru) eşidirsə, dərhal sosial şəbəkədə, imkan tapanda isə mediada yaymağa çalışır!


Niyə belə mənfiyə köklənmişik?
Niyə pislik bizi maqnit kimi özünə cəlb edir?
Niyə dediyimiz yalan, yaydığımız böhtan, yazdığımız şər-şəbədə olmalıdır?


Axı dünyanın işığı qaranlığından çoxdur!
Axı həyatı da, bizi də yaşadan işıqdır, yaxşılıqdır, bir-birinə əl uzadıb dayaq durmaqdır!
Niyə dayaqlarımıza qənim kəsilmişik?!
"Pislərdən” əvvəldən imtina etmişik, qoy olsun!
İndi də yaxşıları bəyənmirik?


Belə çıxır ki, keçmişsiz yaşayacağıq?
Heç keçmişsiz də dövlət, xalq olar?!


***

 

Son dövrün dəbidir: kimsə məşhurlaşmaq istəyirsə, "böyükləri”, özündən yuxarıdakıları tənqid hədəfinə çevirir, "toxunulmazlar” barədə elə şeylər danışır və yazır ki, hamı ondan danışmağa başlayır!
Jurnalistdirsə, yüksək çinli dövlət məmurlarını, yaxud deputatları hədəfə götürür!
Yazıçı və ya şairdirsə, klassiklərə, yaxud dövrün canlı klassiklərinə girişir!


Görün dünyanın harasıdır ki, Sabirin bir beytinə dəyməyənlər Sabiri bəyənmirlər!
Mirzə Cəlilin bir felyetonunun dəyəri qədər yazı-pozusu olmayanlar, onun yaradıcılığına rişxənd edirlər!
Nəsimi fəlsəfəsindən, poeziyasından anlayışları olmayanlar, onun şeirinə "donqli” musiqi "bəstələyib” oxuyurlar.


Özləri kimiləri də onlara "züy” tutur, "əhsən” deyir!
Hərdən də hamı səs-səsə verib ittihamçıya çevrilir!
Molla Nəsrəddin ədəbi məktəbinin nə olduğunu, satira ilə yumorun fərqini, kinayə, ironiya, sarkazmın hansı ideala xidmət etdiyini bilənlər də, bilməyənlər də qarışırlar bir-birlərinə!
Sağlıqlarında özlərini nadanlardan, mövhumatçılardan, qoçulardan müdafiə edən sənət fədailərimiz isə indi nə danışa, nə tərpənə, nə də ayağa qalxa bilmədiklərindən kimsəyə cavab vermək iqtidarında deyillər!
Ürəklərində onların tərəfində olanlar, əslində onları müdafiə edəsilər isə susurlar, başlarını "cəngələ salmaqdan” qorxduqlarından cınqırlarını çıxarmırlar!


Bəli, haqsız meydan sulayır, haqlılar isə ağızlarına su alır!

Şərçilər, inkarçılar elektron resurslarını zəbt edir, onlara cavab verməli olanlar isə dinib-danışmır, sanki kimdənsə göstəriş gözləyirlər (kimdən, bilinmir), öz-özlərinə deyinməklə vəzifələrini bitmiş sayırlar!

 

Nəticədə ziyalılar meydanı ziyasızlara güzəştə getmiş olurlar!

 

***

 

Başqa bir mərəz də geniş yayılıb:

* Özündə nöqsan, çatışmazlıq (hələ yumşaq deyirik) görən yoxdur!
* Hamı uğursuzluğunun səbəbini özgədə, kənarda axtarır!
* Çoxunun özündən xəbəri yoxdur, hansı bilik, qabiliyyət, istedad sahibidir anlamır!


Bir qrup şair və yazıçı ( cavan və qoca) Anarı hədəfə almaq, tənqid etmək, günahlandırmaq və qınamaq üçün daim fürsət gəzir:

* Kitabları çıxmır - günahkar Anardır!
* Məşhurlaşa və sevilə bilmirlər - günahkar Anardır!
* Yazıçılar İttifaqının katibi və ya sədri ola bilmirlər - yenə günahkar Anardır!


Hamısı Anardan təqaüd, ev, çap olunmalarına kömək istəyir - amma acılaya-acılaya!
Biri bir söz dedi - yerdə qalanlar dərhal ona qoşulur!


Hamı dövlətin ona borclu olduğunu düşünür!
Çox az qisim adam dövlət qarşısında borcunu dərk edir!


Hamı sözdə müstəqillik tərəfdarıdır!
Amma işə gələndə, müstəqil dövlətə sağdan-soldan, daxildən-kənardan hücumlar olanda seyrçi mövqeyi tutur!
Ya özünü görməzliyə və bilməzliyə vurur, ya da gözləyir ki, kimsə onu Azərbaycana hücum edənlərə cavab verməyə dəvət etsin!


***

 

Şəxsi uğursuzluğunun səbəbini özündə yox, dövlətdə axtaranlar da az deyil!
Belələri qabiliyyət, bacarıq, bilik və peşəkarlıq keyfiyyətlərini artırmaq əvəzinə, deyinməyə, şikayətlənməyə üstünlük verirlər.
Unudurlar ki, insan ilk növbədə özünə güvənməli, öz xoşbəxtliyi uğrunda özü çarpışmalıdır!
Yalnız bu halda nəyəsə nail olmaq mümkündür və bunu həyatın çoxsaylı misalları dönə-dönə təsdiq edib!
Necə deyərlər, səndən hərəkət, məndən bərəkət!


***

 

Sovet dövründən çoxdan qurtarmışıq, amma sovet psixologiyası hələ də canımızdan çıxmayıb!
Evimiz yoxdur - dövlətdən istəyirik!
Xaricdə müalicə olunmalıyıq - gözümüzü dövlətə dikirik!
Obyektimiz yanıb - dövlətdən kompensasiya umuruq!


"Dövlət vətəndaşının yanındadır” o demək deyil ki, dövlət vətəndaşının bütün problemlərini onun əvəzinə həll etməli, hətta ona dəyən ziyanı belə ödəməlidir!

 

Dövlət iş yerləri (həm də özəl sektor) açar, daimi elektrik enerjisi, su, qaz təchizatını təmin edər, yol çəkər, müalicə müəssisələri, banklar, sığorta təşkilatlarının yaranmasına şərait yaradar, sahibkarlığa dəstək verər, sabitliyi, təhlükəsizliyi təmin edər və s.

 

Hamı üçün hər şey edən dövlət kommunizmdə olmalı idi!
O da özünü döğrultmadı, bir ideya kimi iflasa uğrayaraq sovet hökuməti ilə birlikdə tarixin arxivinə verildi!


Bazar iqtisadiyyatı münasibətlərində dövlət kiminsə əvəzinə işləyən deyil!
Dövlət işləyə bilməyən qocalara, əlillərə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, habelə bu qəbildən olan digər insanlara arxa durar, kömək edər!
Dövlət təbii fəlakətlər nəticəsində ev-eşikdən məhrum olan, yaşamaq imkanını bir anda itirən vətəndaşlara əl uzadar!
Dövlət qaçqına, məcburi köçkünə yiyə durar!
Müstəqil Azərbaycanda bu tip kömək və yardımların klassik nümunələrinin dəfələrlə şahidi olmuşuq!

 

Zəlzələ, sel, yanğın hadisələri zamanı dövlət başçısı İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı hadisə yerində görməyə artıq adət etmişik.
Belə görüşlər təkcə səmimiliyi ilə deyil, həm də operativ, əsaslı və hərtərəfli kömək göstərilməsi ilə yadda qalır.


İlham Əliyev təkcə maliyyə vəsaiti ayırmaqla kifayətlənmir! Üstəlik, işlərin deyilən vaxtda, yüksək keyfiyyətlə icrasına nəzarət edir!

İlham Əliyevi xalqa sevdirən ən mühüm məqamlardan biri dar gündə insanları darda qoymaması, zərər çəkənlərə yüksək səviyyədə maddi və mənəvi dəstək göstərməsidir!

 

Amma bir məqamı da unutmayaq: dövlətin ölkə vətəndaşlarına ucdantutma bu tip yardımlar etməsi nə borcudur, nə də belə bir imkanı var!

 

***

 

İnternet gözəl şeydir!
Amma onun sosial şəbəkə variantı hələ kaldır, yetişmə mərhələsindədir.
Bəlkə də heç yetişməyəcək, kim bilir!
Çünki söyüş və təhqirin baş alıb getdiyi, insan şəxsiyyətinə və ləyaqətinə hörmət qoyulmadığı, həqiqətlə yalanın sərhədlərinin bilinmədiyi, qərəzin, özünügöstərmənin obyektivlikdən yüksəkdə dayandığı məkanda "yetişmə” olsa belə, yəqin ki, düz istiqamətdə getməz!
Heç zaman güman etməzdim ki, söz azadlığı belə bir qısa vaxtda söz özbaşınalığına, söz azğınlığına gətirib çıxara!


Başqasına hörmətlə yanaşmayan, əslində, özünə də hörmət qoymur!
Yəqin ki, kiməsə söyüş söyən, təhqiramiz ifadələr işlədən şəxs əvvəlcədən cavabında nə eşidəcəyini də bilməmiş deyil!


Lap bir-birimizlə kəskin mübahisə edək!
Lap mövqelərimizi ölənəcən dəyişməyək və barışmayaq!
Lap eyni fikirdə olmadığımıza görə bir-birimizdən zəhləmiz getsin!
Məgər normal danışmaq, mübahisə etmək, fakt göstərmək, arqument gətirmək olmazmı?
Axı söyəndə, təhqir edəndə nə dəyişir!
Əslində hər şey olduğu kimi qalır: hərə öz mövqeyində, öz fikrində, öz inandığı yerdə qərar tutur!
Dəyişən söyənə olan münasibətdir!
Söyən əvvəlcə öz mədəniyyətini və mənəviyyatını göstərir.
İkincisi, haqsız olduğunu!
Çünki doğru olduğunu yalnız sübutlarla, faktlarla, dəmir məntiqinlə təsdiq edə bilərsən!


Söyüş zəiflərin, gücsüzlərin, məğlubiyyətini irəlicədən görənlərin silahıdır!

 

***

 

Maraqlı bir misal var: Allah dəvəyə qanad verməsin!
Bu gün hamının sosial şəbəkədə söz demək, "hökm vermək”, "qərar çıxarmaq” səlahiyyəti var!
Belə "səlahiyyət sahiblərinin” doxsan faizindən çoxu ən sərt və qəddar hökmlər verir: "asılsın”, "kəsilsin”!
Nə "rəhm” edən var, nə "müqəssirin” halına yanan!
Baş verən hadisənin doğru-yalanlığını, ədalətin harada olduğunu dəqiqləşdirmədən, "günahkarların” şəxsiyyətini, sosial vəziyyətini öyrənib dəyərləndirmədən dərhal "ölüm hökmü” çıxarırlar!


Görəsən, belələrinin vəzifəsi, əməlli-başlı səlahiyyəti olsa, nə edərlər?!
Niyə bu qədər zalımıq, qəddarıq, amansızıq?
Heç olmazsa dövlət başçısından mərhəmətlilik, humanistlik, bağışlamaq qabiliyyətini öyrənək!


Kimləri əvf etmədi, kimləri həbsxanadan buraxmadı!


Əgər ölkənin ən böyük səlahiyyət sahibi ədalətli və mərhəmətlidirsə, biz səlahiyyətsizlər niyə zalımıq?
Axı dinimiz də həmişə bağışlamağı, mərhəmətli və ədalətli olmağı təşviq edir!
Onda belə daşürəkliyi kimdən öyrənmişik?!


***

"Yuxarıları” və "yuxarıdakıları” tənqid hədəfinə çevirməklə "qəhrəman” imici qazanmaq arzusunda olanların sayı daim artır!

 

Sanki kiməsə mənəvi yara vuranda rahatlanırıq, zövq alırıq, necə deyərlər, ürəyimiz sakitləşir.

 

NƏ VAXTADƏK:

 

* insanların yaxşı cəhətlərini qoyub, "pisini” danışacağıq;
* başımız çıxmayan məsələlər barədə "ekspertlik” edəcəyik;
* "harada bişdiyindən” xəbərimiz olmadığı hadisələr haqqında "rəy” söyləyərək, baş verənləri "qiymətləndirəcəyik” ;
* "təqsiri sübut olunmayanlar” (haqqında deyilənin hələ həqiqət, yaxud yalan olduğu bilinməyənlər) barəsində "ölüm hökmü” çıxaracağıq;
* özümüzü ən "ədalətli hakim” sayaraq başqalarının ağıllı fikirlərini və tövsiyələrini "mənasız mövqe” kimi qəbul edəcəyik!


İçimizdəki bu hikkə haradan yaranıb?
Daxilimizdəki bu qədər nifrət nədən yığılıb?
"Mənəm-mənəmlik” hissi bizdə necə formalaşıb?


Niyə bu qədər inkarçıyıq?!
Niyə yaxşılıqları, yaxşı cəhətləri görmək istəmirik?!
Niyə hər şeydə və hər yerdə qara axtarırıq?!


Axı həyat yaxşılıqların üzərində qərar tutur və yaşayır!
Axı yaxşını görməmək, qiymətləndirməmək, əslində yamana, pisə, kin-küdurətə dəstək vermək deməkdir!
Özümüz bir qələt qarışdıranda istəyirik ki, bizi bağışlasınlar, cəzalandırmasınlar!
"Birinci dəfədir”, "bilməmişəm”, "xəbərim olmayıb” deyə bəraət diləyirik!
Vay o gündən ki, başqası ağzından yanlış ifadə çıxara və ya addımını əyri ata!
Allah, sən saxla! Hamı dönür əlibaltalı, qırmızı geyimli cəllada!
Sözlə, söyüşlə o binəvanın axırına çıxmaq istəyirlər!
Bəzən çıxırlar da!
Niyə, nə xəbərdir!
***

Sosial şəbəkə qəhrəmanları sanki (həm də görünür təsadüfən yox) qəsdən "hörmətdənsalma kampaniyaları” aparırlar.

Özü də sistemli, ardıcıl şəkildə:

* Qanun keşikçiləri sayılan polislər (ən çox YPX) uzun müddət müxtəlif formada hallandırıldı;
* Məmurlar yeri gəldi-gəlmədi korrupsiyada ittiham edilərək damğalandı;
* Millət vəkilləri "gizli biznesmenlər”, xaricdə və ölkə daxilində "mal-mülk sahibləri” kimi təqdim edildi və edilirlər;
* İndi keçiblər məktəbə və müəllimlərə, bu qurumu şagirdlərin, valideynlərin və cəmiyyətin gözündən-nəzərindən salmaq üçün davamlı kampaniya aparılır!
Növbədə kimlərdir?
Hələ çoxmu sakit dayanıb kənardan baxacağıq?
Bütün hörmətliləri hörmətsiz edilmiş cəmiyyətin özü də hörmətsiz və etibarsız vəziyyətə düşməyəcəkmi?
Artıq bu barədə düşünmək zamanıdır!

 


Bəxtiyar SADIQOV
AZƏRBAYCAN