Çapa göndər
Xoşbəxt insan haqqında qeydlər - Azər Həsrət yazır..

14 may 2019 - 11:58

Elə insanlar var ki, şəxsiyyət olmalarını sübut etməyə ehtiyac yoxdur. Onlar öz davranışları, oturub-durmaları, danışıqları, səmiyyətlərilə qəlbləri fəth edərlər. Belə insanlar hər kəs tərəfindən qəbul edilər, sevilər, sayğı görər. Heç kim onlara çamur atmaz, atmağa cürət etməz. Atarsa belə, peşman olar. Çünki belə şəxsiyyətlər ləkə götürməz, günəş qədər hər kəsə görünən, aydın olduqları üçün tək çarə onlara sayğı duymaqdır.

Xoşbəxt Yusifzadədən yazıram. Sözün bütün anlamlarında bir ağsaqqal Azərbaycanlıdır o. Neftçidir. Azərbaycan neft sənayesinin canlı tarixi – ensiklopediyasıdır. Əlbəttə, məşğuliyyət sahəmiz, yaşımız bizim hardasa haçansa rastlaşmağımıza, yoldaşlıq etməyimizə imkan verməyib. O, məni heç tanımır da. Amma mən onu daim izləyir, yaxşı tanıyır və ən yüksək səviyyədə sayğı göstərirəm.

Bugünlərdə Az.TV-də rastlaşdıq onunla. Çəkilişdən çıxırdı, mənsə canlı efirə tələsirdim. Salam verdim, Heydər Əliyev mükafatına layiq görülməsi münasibətilə təbrikimi çatdırdım və bir özçəkim rica etdim. Çoxdanın tanışı kimi qəbul etdi məni, səmimi yanaşdı və eyni səmimiyyətlə – təbəssümlə şəkil çəkdirməyə etiraz etmədi. Vaxtını çox almadım ağsaqqal şəxsiyyətin. Bir-birimizdən təbəssümlə ayrıldıq.


Xoşbəxt YUSİFZADƏ – Azər HƏSRƏT

 

…Xoşbəxt Yusifzadə haqqında bir neçə ay öncə bir TV filminə baxmışdım. Özü və xanımı danışırdı. Çəkilişlərin çoxu Bakı həndəvərindəki bağ evində idi. Olduqca təvazökar, sadə bir bağ evi idi. Yəni əslində Azərbaycan mentalitetinə görə, bu qədər məşhur bir insan, üstəlik də ən yüksək səviyyədə daim sayğı görən şəxsiyyətin villasından zər-ziba yağmalıdır. Lakin biz onun o bağ evini görüncə bir daha əmin oluruq ki, şəxsiyyətin yüksəkliyi heç də puldan-maldan, var-dövlətdən asılı olmur.

Xoşbəxt Yusifzadə uzun illər Azərbaycan neft sənayesində işləyib. Ulu öndər Heydər Əliyevin müasiri, ən sayğı duyduğu, güvəndiyi Vətən övladlarından biri olub. Bir dönəm indiki Prezident İlham Əliyevlə birlikdə ARDNŞ-də (SOCAR) işləyib. Çox səmimi münasibətləri olub. İndi də Prezident İlham Əliyev, 1-ci vitse-prezident Mehriban Əliyeva ilə səmimi münasibətləri var. İctimai rəyi yaxından izləyən biri kimi bilirəm ki, Xoşbəxt müəllim haqqında pis söz danışa biləcək heç kim yoxdur. Olması da mümkün deyil. Kənardan belə görünür, daxildə də elə olması şübhəsizdir.

Xoşbəxt müəllimə daxildə daimi sayğı və güvənin olmasını Prezident İlham Əliyevin onun haqqında dediyi sözlər, dövlət təltifləri də təsdiq edir. Bugünlərdə də bu böyük şəxsiyyət Azərbaycan dövlətinin ən ali təltiflərindən birinə – Heydər Əliyev mükafatına layiq görüldü. Həmin təltifetmədə etdiyi çıxış o qədər səmimi, o qədər ürəkdən idi ki, bu cür insanlarla bir dövrdə yaşamaq həqiqətən də bizi xoşbəxt edəcək amillər sırasındadır.

Əminəm ki, Xoşbəxt Yusifzadə haqqında qalın-qalın kitablar yazmaq olar. Onun neft sənayesindəki yeri və rolu, ulu öndər Heydər Əliyevlə birlikdə işlədiyi dövr, Prezident İlham Əliyevlə istər ARDNŞ-dəki işbirliyi, istərsə də indiki münasibətləri ayrıca araşdırma mövzusudur. Həm də bir örnəkdir. Gənclər – gələcək nəsillər üçün örnək.

Bu şəxsiyyətin təvazökarlığı, əlindəki imkanlardan heç vaxt sui-istifadə etməməsi, Prezidentə yaxınlığını belə fürsətə çevirməməsi onun böyüklüyünün – zirvə şəxsiyyət olmasının ən gözəl sübutudur. Əslində, heç bunun da sübuta ehtiyacı yoxdur. Elə kənardan baxanda da bilinir ki, Xoşbəxt müəllim sadəcə dövlətə, millətə, Vətənə təmənnasız xidmət etməyi xoşbəxtliyin zirvəsi sanır, bütün ömrünü də belə yaşayır.

Bilmirəm, onun adının bu həyat hekayəsinə nə qədər təsiri var. Lakin əminliklə demək olar ki, bu adı ona qoyan hər kimdirsə, o da elə Xoşbəxt müəllimin özü kimi təvazökar, alicənab, səmimi və güvənli insan olub. Elə olmasaydı Xoşbəxt müəllimə Tanrı belə bir örnək həyat cızmazdı.

Nə deyim? Bir daha təbrik edirəm, Xoşbəxt müəllim! Siz nəinki Azərbaycanın, bütün dünyanın ən yüksək mükafatlarına layiqsiniz. Bunu kənardan baxan, az-çox insanları tanımağı bacaran birisi kimi deyirəm. Örnək şəxsiyyətsiniz, böyük insansınız. Bizim kimi insanların sizin kimi ağsaqqalara həmişə ehtiyacımız var, olacaq. Siz neft sənayemizin bütün anlamlarda ağsaqqalısınız. Özü də şəxsən Prezident İlham Əliyevin də sevdiyi bir ağsaqqalı.

Və nə yaxşı ki, bizim sizin kimi ağsaqqallarımız var. Həyat sizin kimi insanlarla gözəldir, Xoşbəxt müəllim. Çox yaşayın, hər zaman var olun.