Çapa göndər
Xalqa xidmətdə keçən ömür - Mübariz QURBANLI yazır..

11 may 2019 - 17:54

Öz xalqına milli müstəqillik nemətini daddıra bilən dahilər heç zaman unudulmur. Azərbaycan dövləti və dövlətçiliyinin təməlini möhkəm sütunlar üzərində quran ümummilli lider Heydər Əliyev kimi.

Dövlətçilik tarixində zamanın gedişini dəyişə bilən, onun yeni tarixini yaradan lider həlledici rol oynayır. Hər dövlət dünya tarixində tutduğu yerə görə öz tarixi liderlərinə borcludur. Müasir Azərbaycanın tarixində bu mühüm rolu, şübhəsiz, xalqımızın keçmişini bilən, onun milli-mənəvi irsinin özünəməxsusluğunu qiymətləndirən ümummilli lider Heydər Əliyev oynayıb, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən olan ulu öndərin anadan olmasından 96, siyasi hakimiyyətə gəlişindən 50 il ötür. Ümummilli lider fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib.

Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün şüurlu həyatını xalqına və Vətəninə həsr etmiş ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil olub. Onun yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək. Ümummilli liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu öndər keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir.

1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan iqtisadi inkişafına görə Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) ən öndə gedən ölkələrdən birinə çevrildi. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən beş xüsusi qərar qəbul etməsinə nail oldu. Və eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə, bütün varlığı ərzində ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan SSRİ-də qabaqcıl mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin iqtisadi, siyasi, sosial, mənəvi, psixoloji, ideoloji əhəmiyyəti var. 50 il öncə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizi yalnız iqtisadi cəhətdən irəli aparmadı, eyni zamanda, Azərbaycan xalqının mənəvi aləmində, psixoloji durumunda, milli şüurunda böyük təkamülün, böyük dəyişikliyin yaranmasına gətirib çıxardı.

Ulu öndər Heydər Əliyev hələ SSRİ dövründə ölkəyə rəhbərlik etdiyi illərdə xalq üçün taleyüklü olan çox çətin bir missiyanı yerinə yetirdi. İctimai səviyyədə çətinliklə də olsa, mövcudluğunu qoruya bilmiş azərbaycançılıq məfkurəsini dövlət səviyyəsinə qaldırıb işğalın vurduğu zərbələrin təsiri altında müvazinətini itirmiş xalqla onun maddi-mənəvi tarixi arasında varislik əlaqələrini dirçəldib möhkəmləndirdi. Təsadüfi deyil ki, Azərbaycan cəmiyyətində bir ideologiya ilə paralel, Heydər Əliyev şəxsiyyəti də birlik və həmrəyliyin simvoluna çevrilib. Çünki məhz bu tarixi şəxsiyyətin bəsirəti sayəsində hələ SSRİ dövründə azərbaycançılığın mədəni, siyasi-ideoloji və sosial-iqtisadi əsasları yaradılıb.

Məlumdur ki, tarixi şəxsiyyətlər, o cümlədən liderlər xidmətlərinin miqyasına görə fərqli səviyyədə qəbul olunurlar. Elələri var ki, mənsub olduğu xalqın hüdudlarını aşa bilmir, yalnız öz vətənində hörmətlə yad edilir, elə simalar da var ki, onlar zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrilir. Ulu öndər Heydər Əliyevin bütün sahələrdə qurucu istiqamət üzrə təşəbbüskar aktivliyi, strateji hədəflərə doğru qətiyyətli irəliləyişi, Azərbaycanın perspektivləri üçün yorulmaz fəaliyyəti onu başqaları üçün də örnək simaya çevirdi.

Azərbaycançı düşüncənin inkişafında və yayılmasında göstərdiyi xidmətlər, ümumiyyətlə, bənzərsiz liderlik keyfiyyətləri ilə yanaşı, bir siyasi ideoloq və strateq olaraq da Heydər Əliyev Azərbaycan coğrafiyasına yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi qəbul edilir. Ulu öndər Azərbaycan SSR-in rəhbərliyinə gələrkən çox fərqli - millilikdən get-gedə uzaqlaşan, iqtisadiyyatı tənəzzülə uğrayan və mərkəzdən tam asılı idarəçilik mexanizmi mövcud idi. Məhz Heydər Əliyevin atdığı uzaqgörən addımlar, gələcək perspektivə hesablanmış işlər Azərbaycanı fərqli məcraya yönəltdi. Xalq iqtisadi, mədəni və mənəvi tənəzzüldən qurtuldu.

Ulu öndər Heydər Əliyevin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi. Tarixə müasir Azərbaycanın memarı kimi düşən ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atır, əməli işlər görür, iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq onu sevir, parlaq zəkasını qiymətləndirir və öz liderinə, onun yeritdiyi siyasi kursa inanaraq ardınca gedirdi. Birmənalı şəkildə demək olar ki, Heydər Əliyev bəşəriyyət tarixində mənsub olduğu xalqa və millətə milli dövlət müstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Azərbaycanın milli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyasının Heydər Əliyev fenomeninə qismət olması, əslində, heç də təsadüfü deyildi. Çünki məhz ulu öndər hələ 1940-cı illərdən başlayaraq Sovet Azərbaycanın dövlət təhlükəsizlik orqanlarında çalışmağa başladığı zamanlarda özünün iti zəkası, güclü məntiqi, tarixi hadisələri düzgün analiz və təhlil etməsi nəticəsində bilirdi ki, zor gücü ilə, xalqları və millətləri istismar etməklə, repressiya maşınından keçirtməklə qurulmuş sovet rejiminin çox yaşaması mümkün olmayacaq. Heydər Əliyev məhz Sovet İttifaqının belə gərgin bir dövründən başlayaraq artıq Azərbaycanda istiqlaliyyət, müstəqillik, azadlıq ideyalarının baş qaldırdığını hiss etmişdi.

Daim doğma xalqının böyük təəssübkeşi olmuş Heydər Əliyev o mürəkkəb tarixi şəraitdə ölkəmizi keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməklə, əslində, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoyurdu. Onun fədakar və məqsədyönlü fəaliyyəti nəticəsində cəmiyyətin həyatının bütün sahələrində yüksəliş və tərəqqi yaşanmışdı. Azərbaycan iqtisadiyyatı ən yüksək inkişaf səviyyəsinə çatmış, artım sürətinə görə SSRİ respublikaları arasında qabaqcıl mövqeyə çıxmışdı. Ölkəmizin müasir tarixi uğurları və inkişafı bir daha sübut edir ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Ümumiyyətlə, dövləti idarə etmək bəzən siyasi şansdır və bu fürsətə təsadüfi adamlar da yiyələnə bilərlər. Bunu müstəqilliyimizin bərpasının ilk illərində yaşamışıq. Amma dövləti layiqincə idarə etmək bacarığı, fəaliyyətini yalnız millətin və dövlətin maraqları üzərindən qurmaq, ömrünü xalqının rifahına fəda etmək kimi xüsusiyyətlər yalnız həqiqi liderlərə xasdır. Bu baxımdan ümummilli lider adını Azərbaycan tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil edib və yorulmaz, çoxşaxəli, zəngin fəaliyyəti sayəsində ölkəmizi sürətli inkişaf yoluna çıxarıb.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir.

1993-cü ilin yayında Azərbaycan "olum, ya ölüm” dilemması qarşısında qaldığı bir vaxtda xalqın təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi heç də təsadüfi deyil. Həmin il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrünə, özünün yeni, daha əzəmətli mərhələsinə qədəm qoydu. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Beləliklə, ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti ölkənin formalaşdırılmasına hesablanmışdısa, ikinci hakimiyyəti əsl qurtuluş oldu.

Ulu öndər xalqımıza qazandırdığı milli siyasi müstəqilliyin daha da möhkəmləndirilməsi üçün, ilk növbədə, Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasının mahiyyətini dərindən dərk edirdi. Heydər Əliyev neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etdi, 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyuldu. "Əsrin müqaviləsi”nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan verdi.

Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, o cümlədən Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Onun uzaqgörən siyasəti və gərgin fəaliyyəti sayəsində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atıldı. Həyata keçirilən islahatlar nəticəsində sərbəst bazar münasibətlərinə əsaslanan və sosialyönümlü iqtisadi sistemin formalaşdırılması, ölkədə mövcud olan təbii iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi. Ölkə iqtisadiyyatında davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu islahatlar mahiyyət etibarı ilə inkişafın yeni - Azərbaycan modelini yaratdı.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, iqtisadi islahatlar və dövlət quruculuğu istiqamətində də yeni mərhələnin başlanğıcını qoydu. Heydər Əliyevin müəyyən etdiyi iqtisadi model və prinsiplər bir tərəfdən liberal iqtisadiyyata keçidi, digər tərəfdən həmin mərhələdə vətəndaşların sosial müdafiəsini təmin edirdi. Ümummilli lider Azərbaycanın milli ideologiyasından, milli baxışlarından danışarkən qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının proqramında əks etdirilən prinsiplər, əslində, Azərbaycan xalqının, dövlətimizin söykəndiyi ana prinsiplərdir. Heydər Əliyev bu prinsipləri müəyyən edərkən Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi dəyərləri, eyni zamanda perspektivdə qarşımızda duran vəzifələri nəzərə alıb. Ümummilli lider Azərbaycanın söykəndiyi dəyərlərdən danışarkən deyirdi: "Yeni Azərbaycan Partiyasının demokratik, hüquqi dövlət qurmaq istiqamətində irəli sürdüyü müddəalar Azərbaycan xalqının söykəndiyi əsas prinsiplər hesab olunmalıdır”.

Bu prinsiplər 1992-ci ildə YAP-ın təsis konfransında qəbul edilən proqramda öz əksini tapıb. Bu proqramda Heydər Əliyev Azərbaycan dövlətçiliyinin söykəndiyi başlıca prinsipləri qeyd edib. Onun müəyyən etdiyi dövlətçilik prinsipləri sırasında sosial ədalət prinsipi önəmli yer tuturdu. Partiyanın məqsədlərindən birini təşkil edən sosial dövlət yaratmaq ideyası sosial ədalət partiyasının əsas prinsipinə çevrilib. İnsanlar eyni ağıla, zəkaya, fiziki və mənəvi keyfiyyətlərə malik olmadığı kimi, cəmiyyətdə və həyatda da eyni mövqeyə və imkana malik deyillər. Sosial müdafiə sistemi düzgün olunmayan dövlətdə hər bir insan özünün fərdi keyfiyyətlərindən asılı olaraq hamı üçün yaradılan bərabər şəraitdən, qanun və imkanlardan məharətlə istifadə edib maddi və mənəvi tələbatlarını eyni dərəcədə ödəyə bilmir. Lakin sosialyönümlü iqtisadiyyata malik olan ölkələrdə dövlət vergi və məqsədli sosial yardım mexanizmlərindən istifadə edərək cəmiyyətin ən imkanlı təbəqələrinin imkansızlara yardımını və onların yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkil edir. Belə cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir.

Müdrik dövlət xadimi olan ulu öndər Heydər Əliyev ölkəmizin gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə edərkən deyirdi: "Bir Prezident kimi mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Azərbaycan müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, İslam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynamışdır. Ulu öndərin digər məsələlərdə olduğu kimi, milli-mənəvi dəyərlərimiz və dövlət-din münasibətləri ilə bağlı fikirləri bu gün də dövlətin sosial-mədəni həyatındakı siyasətinin istiqamətini müəyyən edir.

Azərbaycan tarixən dini dözümlülük ənənələri ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində formalaşıb. Bu gün müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.

Ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətləri ilə bağlı apardığı siyasət Azərbaycanın adət-ənənələrinə və xalqın zəngin keçmişinə əsaslanıb, tarixin sınağından keçən milli-mənəvi dəyərlərimizin müasir dövrdə daha da effektivliyinə diqqəti yönəldib. Cəmiyyətdə bərqərar olan tolerantlıq və humanizm mühiti də məhz Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir. Heydər Əliyevin milli kimliyimizin formalaşmasında mühüm rol oynayan və xalqımızın mənəviyyatını zənginləşdirən İslam dininə münasibəti də özünəməxsus idi. O, İslamın insanpərvər və mütərəqqi din olduğunu vurğulayaraq deyirdi: "Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daim xoşbəxtlik bəxş edir”.

Milli-mənəvi dəyərlər xalqımızın özünəməxsus xüsusiyyətidir. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Ümummilli liderin yaratdığı dövlətçilik prinsiplərinin aparıcı xətti azərbaycançılıq ideologiyasıdır. Eyni zamanda, multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, ən başlıcası dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsi, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.

Azərbaycanın müstəqillik yolunda kövrək addımlarla irəlilədiyi ilk illərdə Heydər Əliyevin ölkənin vahidliyi və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi azərbaycançılığı dövlət siyasəti halına gətirməsi, həmçinin XXI əsrin astanasında beynəlxalq miqyasda iqtisadi-siyasi sferada dayanıqlılığı və etibarlı tərəfdaş imici ilə qəbul edilən ölkəmizdə multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməsi Azərbaycan dövlətçilik tarixində imza atılan, dönüş xarakterli uğurlardan sayılır. Çünki azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi. Bir-birini ahəngdar şəkildə tamamlayan bu iki baxışlar sistemi dövlət maraqları ilə yanaşı, milli-mənəvi dəyərlər, mədəni və etnokonfessional müstəvidə müxtəlifliklər arasında harmonik uzlaşmanı təmin etməsi ilə səciyyələnir.

Ulu öndərin digər sahələrdə olduğu kimi, dövlət-din münasibətləri, beynəlxalq əlaqələrin dinamik inkişafı sahəsində bünövrəsini qoyduğu siyasət layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə müstəqillik illərində milli-mənəvi dəyərlərin qorunub saxlanılması, o cümlədən yeni dini məbədlərin inşası, mövcud olanların əsaslı təmiri və yenidən bərpası istiqamətində çoxsaylı işlər görülüb. Əgər sovetlər birliyi dağılan dövrdə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, bu gün onların sayı 2000-dən çoxdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına və tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidlərində, Əjdər bəy, Şamaxı və Sumqayıt Cümə məscidlərində əsaslı təmir, bərpa və yenidənqurma işləri aparılıb. Gəncə şəhər İmamzadə ziyarətgahı yenidən bərpa edilərək xalqın istifadəsinə verilib. Dövlət başçısının tapşırığı ilə Binəqədi rayonunda inşa edilən və ölkənin ən böyük məscidi olan Heydər məscidinin 26 dekabr 2014-cü ildə açılışı olub.

Dövlət başçısının qədim və tarixi əhəmiyyəti olan dini ocaqların bərpasına diqqətlə yanaşmasının nəticəsində ölkəmizin ən qədim dini ocaqlarından olan Dəmirçi məscidi də "İslam həmrəyliyi ili”ndə cənab Prezidentin göstərişi ilə bərpa edilərək istifadəyə verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamı ilə Böyük Qayıdış prosesinə start verildi. Qısa müddətdə Cocuq Mərcanlı kəndi Böyük Qayıdışın başlanğıcı kimi bütün dünyaya səs saldı. Erməni işğalçılarına qarşı cəbhənin ön səngəri olan Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlər çərçivəsində Prezident İlham Əliyevin tapşırığına əsasən, kənddə Şuşa məscidinin bənzəri olan məscidin inşası da ictimai, siyasi, mənəvi və ideoloji baxımdan böyük əhəmiyyət kəsb edir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlər göstərir. Dövlət başçısı İslam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında fədakarlıq nümayiş etdirir.

Xalqımızın zəngin milli-mənəvi dəyərlərinə, onun tərkib hissəsi olan dözümlülük və birgəyaşayış ənənəsinə böyük həssaslıqla yanaşan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkədə ibadət evlərinin bərpası və yeni məscidlərin tikilməsi istiqamətində gördüyü işlər də əvəzsizdir. Fond "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində təkcə ölkədə yeni məscidlər inşa etməyib, həm də bu torpaqlarda yüzilliklər boyu xalqımızla dinc yanaşı yaşamış dinlərin nümayəndələrinin öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə yetirmək üçün ibadət evlərinin bərpası və inşası işində fəallıq nümayiş etdirib.

Ölkəmizdə dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmləndirir, dünyada nüfuzunu durmadan artırır.

Fəxrlə deyə bilərik ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz tolerantlıq, multikulturalizm və dini maarifləndirmə ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir.

Daim xalqımızın milli-mənəvi dəyərlərinin mütərəqqiliyini vurğulayan dövlət başçısı İlham Əliyev gələcək inkişafımızı zəngin tarixi keçmişə söykənən adət-ənənələrimizlə müasir ideyaların sintezində görməklə, ölkəmizdə milli-dini dəyərlərin qorunub saxlanılması istiqamətində ardıcıl işlər həyata keçirir.

 

Mübariz QURBANLI,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri,

YAP icra katibinin müavini

 

AZƏRBAYCAN