22 mart 2019 - 00:01
Naxçıvan Bölməsində “Elm həftəsi”nə yekun vurulub
Canveten.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində Batabat Astrofizika Rəsədxanasının fəaliyyətinə həsr olunan növbəti tədbir keçirilib.
Tədbirdə rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev bildirib ki, ümummilli lider Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamına uyğun olaraq yaradılan Batabat Astrofizika Rəsədxanasının strukturuna Naxçıvan şəhərindəki inzibati bina, Şahbuz rayonu ərazisində yerləşən Batabat stansiyası və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyası daxildir. Qulu Həziyev qurumun ümumi fəaliyyəti barədə məlumat verərək bildirib ki, 15 ildən artıq fəaliyyət dövründə rəsədxana əməkdaşlarının 300-dən çox elmi əsəri respublikamızda və xaricdə nəşr olunan nüfuzlu elmi jurnallarda dərc edilib.
Tədbirin davamı olaraq iştirakçıların və Naxçıvan Dövlət Universitetinin Fizika fakültəsinin II və IV kurs tələbələrinin Batabat stansiyasına ekskursiyası təşkil edilib.
Ekskursiya iştirakçıları Batabat stansiyasının inzibati binası, burada yaradılan iş şəraiti və stansiyasındakı “Seyss-600” teleskopu ilə tanış olublar. Diqqətə çatdırılıb ki, stansiyada qurulan “Seyss-600” ulduz teleskopu müasir tələblər əsasında modernləşdirilib və astronomik müşahidələrin aparılması üçün rəsədxana müasir cihaz və avadanlıqlarla təchiz edilib.
Bununla da Naxçıvan Bölməsində “Elm həftəsi” çərçivəsində təşkil edilən tədbirlərə yekun vurulub.
***
“Elm həftəsi” ilə əlaqədar Əlyazmalar Fondunun tədbiri olub
AMEA-nın Naxçıvan Bölməsində “Elm həftəsi” ilə əlaqədar Əlyazmalar Fondunun tədbiri keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq xalqın milli-mənəvi sərvəti kimi tarixin həqiqi yaddaş reallığını özündə əks etdirən əlyazmaların qorunub saxlanılması, tədqiqi və təbliğində Əlyazmalar Fondunun rolundan bəhs edib. Daim dövlət qayğı ilə əhatə olunan fondun son illərdə əlyazma və qədim çap kitabları ilə zənginləşdiyini bildirən İsmayıl Hacıyev burada toplanılan nümunələrinin böyük tarixi əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov rəhbərlik etdiyi müəssisənin keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar və burada mövcud olan əlyazma və qədim çap kitabları haqqında məlumat verib.
Naxçıvan tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələri, qədim çap kitab və məktubların olduğunu söyləyən fondun direktoru bu nümunələrin sistemli tədqiqata cəlb edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, fondda Məhəmmədhəsən Ordubadinin həyatı və əsərləri, Bayrək Quşçuoğlunun əlyazmaları, Mirzə Müslim Qüdsinin “Divan”ının filoloji təhlili, XV əsr Azərbaycan tərcümə abidəsi “Gülşəni-raz”ın elmi tənqidi mətni, Salik Ordubadinin yaradıcılığı, Müseyib Naxçıvaninin Həqayiqi ət-tarix əsəri, Mirzə Mehdi xanın Naxçıvanda üzü köçürülən “İxtisarname-ye ovliya-yi adəmiyyət” əlyazması, Əbubəkr ibn-Xosrov əl-Ustadinin “Münisnamə”si, Suli Fəqihin “Yusif və Züleyxa” əsərinin filoloji təhlili, Əli Əkbər ibn-Məhəmmədrza Dəllak Naxçivaninin “Muxtarnamə” əsərinin paleoqrafik xüsusiyyətləri, Heyran Xanımın “Divan”ı, Hatif İsfəhani Ordubadinin “Tibnamə”, Hacı Molla Məhəmməd Naxçıvaninin “Səhabəd-Dümu”, “Qürrətül-əbsar”, “Məzahir ən-Nur”, Əliqulu Mirzayi Naxçıvaninin “Əqaid-e fəlsəfə”, Fazil Naxçıvaninin haşiyə və xülasə yazdığı “Böyük Qarabaddin” əsəri, Kazım Ordubadinin “Tibbə dair qeydləri”, Orta əsr Azərbaycan təzkirələri, Fəzlullah Səid Təqi Firuzabadinin dövrü, mühiti və həyatı, Seyid Səbrinin əlyazmaları, Kərbəlayi Kazım Ordubadinin “Sərfi-Mir” əsərləri və digərləri tədqiqata cəlb edilib. Vurğulanıb ki, tədqiqata cəlb olunan əsərlər tarix, dil-ədəbiyyat, məntiq, fəlsəfə, həndəsə, astronomiya elmlərini, təfsir və hədis sahələrini əhatə edir.
Bildirilib ki, 2005-2018-ci illərdə fond əməkdaşlarının 240 əsəri çap olunub. Əməkdaşlar tərəfindən “Hacı Məhəmməd Naxçıvaninin Təbriz Mərkəzi Kitabxanasına hədiyyə etdiyi kitabların kataloqu” və “Fars dilli əlyazmalar və əski çap kitabları kataloqu” işıq üzü görüb.
Tədbirdə Əlyazmalar Fondunun çap məhsullarını əks etdirən sərgi və slayd nümayiş olunub.
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )