16 mart 2019 - 14:41
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Muzey Mərkəzinin
akt zalında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fonduna türk
musiqi alətlərinin təqdim olunması üzrə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin
direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla
Bayramova mərasimi açaraq bildirib ki, Türkiyə vətəndaşları – Türkiyə Xarici
İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Biznes Şurasının sədri
Səlcuk Akat və musiqi alətləri ustası Feridun Obul muzeyə 12 musiqi aləti –
cura, tütək, Qara dəniz bölgəsinin kamançası, Qabaq Kamanı-Kırbız, qoşa-
nağara, lavta, nefir, zurna, ney, sipsi və cümbüş (2 ədəd) hədiyyə ediblər.
A.Bayramova qeyd edib ki, muzeyin fondunda olan altı min eksponatın
arasında çoxlu hədiyyələr var. O əlavə edib: “Bu gün qardaş Türkiyə təkcə
Azərbaycan musiqisinin deyil, musiqi alətləri kolleksiyamızda nümayiş etdirilən
ölkələrin musiqisinin təbliğini həyata keçirən muzeyimizin kolleksiyasında
layiqli yer tutacaq hədiyyələr təqdim edib”.
Mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq qeyd edib
ki, bu yaxınlarda ölkəmizin mədəni həyatında əlamətdar hadisə baş verib –
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva
Azərbaycanın mədəniyyət və incəsənət xadimləri ilə görüş keçiriblər. Həmin
görüşdə mədəniyyətimizin mühüm məsələləri müzakirə olunub, bir sıra
təkliflər irəli sürülüb. Dövlət başçısı ölkəmizin mədəni həyatına dair bir neçə
sahə üzrə dərhal müvafiq göstərişlər verib.
Nazir musiqinin və musiqi alətlərinin xalqımızın mədəniyyətində mühüm yer
tutduğunu vurğulayıb. O, buna misal olaraq, təkcə özünün deyil, həm də ifa
edildiyi bütün alətlərin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil
edildiyi Azərbaycan muğamını göstərib.
Ə.Qarayev əlavə edib ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
ölkəmizin mədəni həyatında xüsusi yerə malikdir. Bu muzeydə təkcə musiqi
alətləri nümayiş etdirilmir, həmçinin qədim musiqinin və musiqi alətlərinin
dirçəldilməsi həyata keçirilir. Muzeyin nəzdində fəaliyyət göstərən qədim
musiqi alətləri ansamblı dünyada Azərbaycanın unikal musiqisini təbliğ edir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva
türk dünyasının ayrılmaz hissələri olan Türkiyə və Azərbaycan arasında
dostluq əlaqələrindən və əməkdaşlıqdan bəhs edib. Vurğulayıb ki, bugünkü
tədbir türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının daha bir təzahürüdür.
Fondun fəaliyyətindən bəhs edən G.Əfəndiyeva qeyd edib ki, onun başlıca
məqsədlərindən biri türk dünyasının mədəni irsinin, o cümlədən musiqisinin
qorunub saxlanılması və dünyada təbliğidir. O, türkdilli ölkələrin mədəni irsinin
daha dərindən öyrənilməsi və geniş auditoriyaya çatdırılması məqsədilə
Fondun himayəsi altında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin
nəzdində “Türk Dünyasının Musiqi Alətləri Mərkəzi”nin yaradılmasını təklif
edib.
Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, Türkiyə Xarici İqtisadi
Əlaqələr Şurasının Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat öz
çıxışlarında mədəniyyətin və musiqinin ölkələrimiz və xalqlarımız arasında
əlaqələrin möhkəmlənməsində mühüm rolunu qeyd ediblər.
Sonra Alla Bayramova qonaqlara təşəkkür məktubları təqdim edib.
Mərasimin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin
nəzdində fəaliyyət göstərən qədim musiqi alətləri ansamblının ifasında türk
xalq mahnıları və Azərbaycan muğamları səslənib.