Çapa göndər
Nəsimi də müqəddəs imiş... - Fazil Mustafa yazır.. (+FOTOLAR)

04 mart 2019 - 16:16

Nəsimi də müqqəddəs imiş. Müqəddəs olduğuna görə onun qəzəlinə istədiyin kimi musiqi bəstələyib oxuya bilməzsən. Bu necə məmləkət, ilahi! Biri Nəsiminin qəzəlini fərqli bir üslubda oxuyub, bunu sənət baxımından ya bəyənərsən, ya da bəyənməzsən. Yoxsa müdrik bir görünüşlə "Nəsiminin qəzəlini belə oxumaq olmaz!" qadağasını səsləndirmənin özü anormallıqdır. Xalq mahnılarını fərqli üslublarda ifa edənləri o zaman musiqi tarixindən silməmiz gərək. Axı XALQ Nəsimidən də müqəddəsdir! Onun mahnılarını heç təhrif etmək olmaz. Xeyli yobazlar var ki, dində birilərini müqəddəsləşdirib, qətiyyən təftiş, tənqid etmək olmaz. Bir sürü yobaz birilərini qəhrəman olaraq beyinlərinə yerləşdiriblər, təftiş və tənqid olmaz. Bir yığın yobaz bir şairi, bir yazarı müqəddəsləşdirib, qətiyyən əleyhinə bir söz yaza bilməzsən. Bu nə məntiqsizlikdir, bu nə antidemokratik anlayışdır cəmiyyətimizdə tüğyan edir. Sənət baxımından bəyənmə, vəssalam. Vaqif Mustafazadə muğamla cazı sintez edəndə də belə deyirdilər, Rəsul Rza sərbəst şeir yazanda da bunun hecayla uyğun gəlmədiyini söyləyirdilər... Səttar Bəhlulzadəyə də dodaq büzürdülər. Buraxın sənətdə adamlar öz təqdimatlarını etsinlər, onsuz da sənət adına nəyin qalıb-qalmayacağını əlahəzrət zaman ən sonda yoluna qoyacaqdır.