Çapa göndər
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib (+FOTO)

21 fevral 2019 - 04:02

Canveten.az xəbər verir ki, bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Ümuminstitut seminarı keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun “Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı” laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Kamil Aydazədə “Paylanmış parametrli sistemlərdə nəzarət nöqtələrinin optimallaşdırılması ilə bir sintez idarəetmə məsələsi” mövzusunda məruzə edib.

Məruzədə istilik daşıyıcısı üçün qapalı sistemdə istiliyin verilməsini təmin edən qızdırılma aparatının optimal idarə olunması məsələsindən danışılıb. Baxılan məsələdə idarəetmə üçün əks əlaqədən istifadə olunub. Belə ki, aparatın ayrı-ayrı nöqtələrində quraşdırılmış ölçü cihazlarından prosesin vəziyyəti haqqında daxil olan informasiyaya görə idarəetmənin cari qiyməti müəyyən olunur. İdarəetmə prosesinin riyazi modeli birinci tərtib yüklənmiş hiperbolik tənliklə təsvir olunur. Məsələdə sintez idarəetmə parametrləri, müşahidə nöqtələrinin yerlərinin və onların sayı optimallaşdırılır.

İşdə funksionalın qradiyentinin komponentləri üçün düsturlar alınmışdır ki, bu da məsələnin ədədi həllinə birinci tərtib optimallaşdırma üsullarının tətbiqinə imkan verir. Məsələnin ədədi həlli üçün test verilənlərinə görə kompüter eksperimentləri aparılmışdır.

Aynurə M. Cəfərova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )