Çapa göndər
AMEA-nın Yüksək Texnologiyalar Parkı “Azərişıq” ASC ilə əməkdaşlıq edəcək (+FOTO)

13 fevral 2019 - 23:44

Canveten.az xəbər verir ki,  AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) burada istehsal olunan məhsulların satışı ilə bağlı aqressiv marketinq siyasəti həyata keçirir. Bununla bağlı YT Park bir sıra dövlət qurumları ilə görüşlər keçirib. Aqressiv marketinq siyasətinin davamı olaraq fevralın 13-də YT Parkın rəhbərliyi “Azərişıq” ASC-nin nümayəndələri ilə görüşüb.

Görüşdə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov, infrastruktur üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov, strateji inkişaf üzrə direktor müavini Məmməd Bağırzadə, “Azərişıq” ASC-nin Texniki Departamentinin direktoru Qədir İsmayılov və Texniki Departament direktorunun birinci müavini Vüsal Qənbərov iştirak ediblər.

Əvvəlcə N.Şükürov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, burada istehsal olunan məhsullardan və həyata keçirilən innovativ layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli müvafiq Sərəncamından irəli gələn məsələlərdən biri də YT Parkda istehsal olunan məhsulların dövlət əsaslı sifarişlə satın alınmasıdır.

Direktor YT Parkın iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra N.Şükürov “Azərişıq” ASC-nin nümayəndə heyətini YT Parkın strukturu ilə yaxından tanışlıq məqsədilə rəhbərlik etdiyi müəssisəyə dəvət edib.

Q.İsmayılov isə öz növbəsində YT Parkın fəaliyyətini yüksək qiymətləndirərək, təmsil etdiyi qurumun bu müəssisə ilə innovativ layihələrin həyata keçirilməsində və milli məhsullara üstünlük verilməsində maraqlı olduğunu bildirib.

Görüşdə yağ və sürtkü məhsullarının istehlakı ilə bağlı “Azərişıq” ASC-nin həcmi dəqiqləşdirilib, alqı-satqı və kommersiya müqaviləsinin bağlanması və digər müvafiq işlərin həyata keçirilməsi üçün razılıq əldə olunub.

Sonda YT Park ilə “Azərişıq” ASC arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, birgə layihələrin həyata keçirilməsinin hər iki qurumun inkişafına müsbət təsir edəcəyi vurğulanıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )