Çapa göndər
AMEA və “Azərkosmos”ASC birgə layihələrini müzakirə edib (+FOTOLAR)

12 fevral 2019 - 21:48

Canveten.az xəbər verir ki,  Azərbaycan Milli Elmlər Akademiyası ilə “Azərkosmos”ASC-nin birgə layihələrinin müzakirəsinə həsr olunan tədbir keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, “Azərkosmos”ASC-nin sədr müavini Rövşən Rüstəmov, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Fətəli Abdullayev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və hər iki qurumdan digər nümayəndələr iştirak ediblər.

Təbiri giriş sözü ilə açan akademik İbrahim Quliyev son iki ildə AMEA-nın beş institutunun “Azərkosmos”ASC ilə qrand layihələrdə iştirak etdiyini və müştərək təqdiqatlar istiqamətində mühüm addımlar atıldığını deyib.

Görüşdə “Azərkosmos”ASC-nin qrup rəhbəri Aqil Əhmədov təmsil etdiyi qurumun fəaliyyətinə dair təqdimatla çıxış edib. Qrup rəhbəri “Azersky” peykinin  xidmətlərindən, optik və radar peyklər vasitəsilə təsvirlərin alınması və onların rəqəmsal emalı, bitki örtüyü xəritəsinin yaradılması və məhsuldarlığının proqnozlaşdırılması, suvarma sistemləri tətbiq olunmuş sahələrin peyk təsvirlərinin əldə edilməsi, respublikanın müxtəlif ərazilərində aparılan kosmik monitorinq, ölkə ərazisində göllərin kadastrının hazırlanması və s. istiqamətlərdə görülən işləri diqqətə çatdırıb.

A.Əhmədov təqdimatda AMEA-nın müvafiq institutları ilə birgə həyata keçirilən tədqiqatların əhəmiyyətini  xüsusilə vurğulayıb. Bildirib ki, bu tədqiqatlar əsasən bir çox rayonlarda torpaqların şoranlaşmasının, bəzi neft və qaz çıxarılan ərazilərin çirklənməsinin müəyyən edilməsi, işğal olunmuş ərazilərdə filiz yataqlarının monitorinqi və digər birgə görülən işlərdən ibarətdir.

Təqdimatda A.Əhmədov təklif olunan əməkdaşlıq istiqamətlərini də sadalayıb. Qeyd edib ki, bu istiqamətlər kənd təsərrüfatı, ekologiya, coğrafiya, torpaqşünaslıq, geologiya, energetika, neft-qaz, alternativ enerji və başqa sahələri əhatə edir.

Tədbirdə “Azərkosmos”ASC-nin sədr müavini Rövşən Rüstəmov akademiyanın ASC ilə birgə əməkdaşlıq imkanlarından söz açıb. Qeyd olunan sahələrdə tədqiqatların dəstəklənməsinin zəruriliyini bildirərək bu istiqamətdə akademiyanın təcrübəsinin öyrənilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. Gələcəkdə kosmosun birgə tədqiqi, nanopeyklərin hazırlanması, kosmik eksperimentlər və s. sahələrdə fəaliyyətin perspektiv planda olduğunu deyib.

Görüşdə akademik Qərib Məmmədov, AMEA-nın müxbir üzvləri Bilal Bilalov, Əminağa Sadıqov, siyasi elmlər doktoru Fətəli Abdullayev, AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov və başqaları çıxış ediblər. Əldə olunan peyk təsvirlərinin arxivləşdirilməsi və qorunması, bu arxivlərdən tədqiqatçıların istifadə imkanları, topoqrafik deşifrələmə, kosmos siqnallarının təhrif olunmadan alınması, təsvirlərin əldə edilməsi zamanı yerüstü ölçmələr, ərazilərin spektral xassələrinə görə təsnifatı, təbii fəlakətlər zamanı müəyyən vaxt şəraitində ardıcıl müşahidəetmə və digər məsələlər ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )