21 yanvar 2019 - 22:29
canveten.az xəbər verir ki, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Filologiya Problemləri üzrə Elmi Şuranın bu il üçün ilk iclası keçirilib.
Muzeyin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda 7-si elmlər doktorluğu, 23-ü isə fəlsəfə doktorluğu hazırlığı üzrə ümumilikdə 30 dissertasiya mövzusu müzakirə edilib.
Mövzusunun müzakirəsi və təsdiqi üçün elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş Ədəbiyyat Muzeyinin doktorantı Könül Eyvazovanın “Əhməd əl-Qalqaşandinin “Sübh əl-aşə” əsərində katiblik sənəti və linqvo-poetik məsələlər”, Bakı Slavyan Universitetinin dissertantı Güney Məhərrəmovanın “XX əsrin sonu-XXI əsrin əvvəlində Bakının rus və Azərbaycan nitqi: linqvokulturoloji aspekt”, Ədəbiyyat Muzeyinin doktorantı Nəzmiyyə Yigitoğlunun “Azərbaycan ədəbiyyatında qaçqın və köçkünlük faciəsi” adlı mövzuları adlarında heç bir dəyişiklik edilmədən qeydə alınıb.
Ədəbiyyat İnstitutunun dissertantı Gül Ətrabənin mövzusu “Təbiətlə bağlı simvollar intertekstual kontekstdə (Azərbaycan və ingilis ədəbiyyatları əsasında)” əvəzinə “Təbiətlə bağlı simvollar intertekstual kontekstdə” şəklində, Azərbaycan Dillər Universitetinin dissertantı Tünzalə Yusifovanın “Konseptual mənanın strukturlaşdırılması modelləri (ingilis dili materialları əsasında)” mövzusunun adında kiçik dəqiqləşdirilmə aparılaraq “Konseptual mənanın strukturlaşma modelləri (ingilis dili materialları əsasında)” kimi təsdiq edilib.
Dilçilik İnstitutunun dissertantı Mətanət Xudiyevanın “XX əsrin əvvəlləri Azərbaycan romantik poeziyasının dil-üslub xüsusiyyətləri” mövzusunun plan-prospekti mövzunu tam əhatə etmədiyindən, mövzu mühüm elmi problem kimi formalaşdırılmadığından, həmçinin bu dövrə aid əsas simaların irsinin artıq araşdırılmış olması səbəbindən, tədqiqat hədəfinin bu şəkildə təqdiminin elmlər doktorluğu dissertasiyası üçün bəsit sayılması üzündən təsdiq edilməyib. Eyni zamanda Bakı Dövlət Universitetinin doktorantı Almara Nəbiyevanın “Azərbaycan dastanlarının inkişaf istiqamətləri (Qarabağ dastançılıq arealı əsasında)” mövzusuna artıq işlənməkdə olan oxşar mövzu olduğundan araşdırma istiqamətin dəyişdirilməsi tövsiyyə edilib və dəqiqləşdirmələr aparıldıqdan sonra növbəti yığıncaqlarda yenidən baxılması qərara alınıb.
Fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə “İngilis dilində dəniz və dənizçiliklə bağlı frazeoloji vahidlərin linqvistik xüsusiyyətləri”, “Müasir Azərbaycan dilində köməkçi nitq hissələrinin sinonimliyi”, “Norveçin regional dialektlərinin linqvistik xüsusiyyətləri və onların ədəbi dildən fərqli cəhətləri”, “İlkin leksik-semantik söz qruplarının linqvistik təkamülü”, “Amerikan ingiliscəsində linqvokulturoloji variativlik”, “Azərbaycan və ingilis dillərində xüsusi adların terminləşməsi”, “Azərbaycan və alman mətnlərində dil vahidlərinin qarşılıqlı əlaqəsi”, “Sarı Aşığın poetik irsi və ədəbi obrazı”, “Elektron mediada jurnalistin yaradıcılıq prinsipləri”, “Məhəmmədhüseyn Şəhriyarın anadilli poeziyasında milli yaddaş və onun yaratdığı milli özünüifadə ənənəsi”, “Ceyn Ostin romanlarının dil və üslub xüsusiyyətləri”, “İlham Əliyev və Azərbaycan dilçiliyinin inkişaf konsepsiyası” və digər mövzular ətrafında geniş müzakirələr aparılıb.
İclasda müzakirə olunmuş 30 dissertasiya mövzusundan 10-nun adında dəyişiklik edilməklə və 12-si olduğu kimi saxlanılmaqla, ümumilikdə 22 mövzu təsdiq edilib.
Müzakirələrdə şuranın sədr müavini professor Əskər Rəsulov, şuranın katibi professor Aida Qasımova və şuranın digər üzvləri filologiya üzrə elmlər doktorları, professorlar Bədirxan Əhmədov, Şəfəq Əlibəyli, Ramiz Əsgər, İmamverdi Həmidov, Bilal İsmayılov, Qəzənfər Kazımov, Mehdi Kazımov, Paşa Kərimov, Rəhilə Qeybullayeva, Qulu Məhərrəmli, Nadir Məmmədli, Cəlil Nağıyev, Seyfəddin Rzasoy və Fəxrəddin Veysəlli çıxış edərək, fikir və təkliflərini bildiriblər.
Nərgiz Qəhrəmanova
! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!
ŞƏRHLƏR :
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )