06 noyabr 2018 - 17:51
Bəzən bir söz , bir ad sanki dilinin ucandadır, amma nə illah edirsən, yada sala bilmirsən.
Az qala həmin sözü, adı eşidirsən, ancaq ha çalışırsan, yadına düşmür ki düşmür.
Pianoçu Zaur Əliyevin adı yaddaşımızda, çalğısı qulaqlarımızda.
Yalnız yaddaşımızda da yox.
Radioda vaxtaşırı Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblının köhnə lent yazıları səsləndirilir, zövq ala-ala hər cür hoqqabazlıqdan uzaq, yad nəfəslərdən qatışığı olmayan saf, təmiz, gözəl avazaları, çalğıları dinləyirik.
O əsnada arada pianoçu Zaur Əliyevin barmaqlarını eşidirik.
Bəzən solo çalğılarını da verirlər.
Və təəssüf ki, eşidəndən-eşidənə, özü-özünü yada salandan-salana onu xatırlayır, haqqında düşünməyə başlayırıq.
Sizi qınamıram, elə mən də sizin kimi!
İtanda musiqi aşiqi bir dostum yaşayır.
Heydər Şoukəti.
Özü mühəndisdir. Lakin İran və Azərbaycan musiqisinin tarixini də, böyük ifaçılarını da həm yaxşı tanıyıb-bilir, həm də səriştə ilə, duyaraq, yüksək dəyərini anlayaraq musiqi incilərimizi dinləməkdən doymur.
Biləndə ki, Bakıda filan gün Alim Qasımovun konserti var, orada qazanı daşsa da, işlərini bir üsulla yoluna qoyub minir təyyarəyə, uçub gəlir Bakıya, həmin konsert gecəsinin ləzzətini yaşayaraq qayıdıb gedir.
Şərq musiqisi tarixi və nəzəriyyəsi ilə bağlı neçə nadir kitabı xahişimi eşidincə ən qısa müddətdə mənə çatdırıb, beləcə, bir sıra yazımın ortaya çıxmasına köməyini göstərib.
Doğma şəhərində bir Azərbaycan otağı düzəldib. Həmin mənzilə girən sözümüzün, musiqimizin əlvan dünyasına düşür və Heydər ağa da həmişə bu əsrarəngiz lətafətin sehrində qalmaq istədiyindən imkanı çatdıqca üstün sənət örnəklərimizi həmin ünvanda toplayır.
Toplayır ki, həm özü bəhrələnsin, həm də kimin ürəyi istəsə. axtarmağa ejhtiyacı qalmasın, özünü versin bu çeşmənin başına.
Bir müddət öncə Heydər ağa məndən pianoçu Zaur Əliyevin çalğılarını istəmişdi, “onun vurğunuyam” demişdi.
Tapdım, göndərdim və elə bil diksindim.
Neşə məsafətlər uzaqdakı bir sənət sərrafı Zaurla belə həssaslıqla maraqlanır, bəs mən nə bilirəm zahirən yaxşı tanıdığım bu sənətkar haqda?
Başladım Zaurun taleyi ilə maraqlanmağa.
Və mütəəssir oldum.
Gördüm ki, heç tanımırammış onu və bəxtsiz Zaurun qarşısında özümü günahkar saydım.
Qət etdim ki, mütləq gərək onun sənət tariximizin səhifələrindəki layiqli uca yerini tutmasından ötrü gücüm çatanı edim.
İlk olaraq dekabrın 2-si (təkrarən 4-ü) və 9-da (təkrarı 11-i) efirə gedən hərəsi bir saatlıq “Axşam görüşləri”ni hazırladım.
Amma bütün bunlar Zaurla bağlı işlərimin hələ müqəddiməsidir.