15 dekabr 2018 - 15:25
Xaricdə təhsil almaq istəyən şəxslər bu sahə üzrə fəaliyyət göstərən şirkətlər tərəfindən zaman-zaman aldadılaraq pulları mənimsənilir. Onlara maddiyyatla yanaşı, mənəvi cəhətdən də ziyan dəyir. Ən əsası isə zərərçəkən şəxslərin problemləri həllini tapmır.
Minval.info bu sahədə kifayət qədər müsbət işlərə imza atan və bir çoxlarının ölkədən kənarda təhsil almaq istəklərini gerçəkləşdirən “Study in Turkey” şirkətinin rəhbəri Fuad Hacıyevdən müsahibə alıb.
– Son zamanlar xaricdə təhsil şirkətləri fırıldaqları ilə gündəmə gəlir. Belə bir düşüncə fomalaşır ki, bu sahədə fəaliyyət göstərənlər hamını aldadır. Sizin şirkət belə dövrdə necə güvən qazanmağı bacarır və hansı işləri görürsünüz?
– Ümumiyyətlə, bir neqativ halla mübarizə aparmaq üçün mütləq daha yaxşısını təqdim etməlisən. Biz düşündük ki, nə etmək olar və ən yaxşı alternativ real iş göstərməkdir. Beləliklə, bu kampaniyanı ərsəyə gətirdik – Türkiyədə magistr oxumaq istəyənlər üçün 100/100 layihə. Məsələn, 100 sənəd alırıqsa, 100 qəbul veririk və ya 500 sənəd alırıqsa, 500 qəbul veririk. Heç kəs qəbulsuz qalmayacaq. Bu xidmətimiz də tamamı ilə ödənişsizdir. Bu zaman ortaya sual çıxır ki, şirkətin əziyyətin qarşılığında marağı nədir? Bizim marağımız imicdir. Bir inanc var ki, xeyli müddət sən imicə, sonra isə imic sənə işləyir. İndiki zamanda bəzi şirkətlərdə baş verən fors-major hallar həm xeyrimizədir, həm zərərimizə. Xeyrimizədir ona görə ki, bir iş görüb ortaya qoyaraq bundan yararlanmaq olar. Zərərimizədir ona görə ki, bu sahənin adını ləkələyir. Əsas hədəfimiz Türkiyədir. İstəyimiz budur ki, bu ölkənin adı çəkiləndə ilk ağıla gələn biz olaq. Şirkətimiz şəhid ailələrinə pulsuz təhsil verir və yemək xərclərini qarşılayır. Ödənişli isə belədir ki, yalnız Türkiyədəki təhsil mərkəzlərindən tələb olunan məbləğ təqdim edilir. Şirkət əlavə heç bir ödəniş tələb etməyəcək. Bu, həm də xaricdə təhsil sahəsinə qarşı müsbət imic formalaşdırır.
– Bu ilki qəbul imtahanından sonra xaricdə təhsil almaq istəyənlərin sayı artıb. Hətta yüksək bal toplayan abituriyentlər də bəzən ali məktəbə daxil ola bilmirlər. Sonuncu dəfə 600-dən çox bal yığan abitriyentlərdən biri xarici ölkədə təhsil almaq üçün hansısa şirkətə müraciət edib, amma onu aldadıblar. Belə olan halda onlara kömək edirsinizmi?
– Sözügedən şirkətlər bunu bacarmırsa, ağıllı davranıb partnyor şirkətə müraciət edə bilərdi. Məsələn, bizim tələbəmiz var, hazırda İzmir şəhərində təhsil alır. Onlara avqust ayına qədər “gözləyin, hələ cavablar çıxmayıb” deyirdilər. Amma əslində, may ayında cavablar bəlli olur. İnsanların özü də bunu araşdırmalıdır. Çünki burada bir nəfərin taleyi həll olunur.
– Bəzi abituriyentlər rayondan gəlirlər və onların internetdə araşdırmaq barədə məlumatsızdırlar. Eyni zamanda valideynləri də xəbərsiz olur. Bu zaman onları necə məlumatlandırmaq lazımdır?
– Əslində, alternativ yoxdur. Düzdür, hüquq-mühafizə orqanları fırıldaqçılarla mübarizə aparır. Amma bu, həmişə efektiv nəticə vermir. Hələ ki, istənilən şəxs şirkət aça bilir. Bu sahə lisenziyalaşdırılsa, xaricdə təhsil dövlət tərəfindən reallaşdırılacaq. Məsələn, bir qurum yaradıla bilər və şirkətlər onun tabeliyində olar. Belə olan halda insanların maddi ziyanının qarşısını almaq mümkünləşər. Amma bir nüans var ki, bizim özümüzü də iki il öncə şirkət kimi aldatmışdılar. 11 ilə yaxındır bu sahədə fəaliyyət göstəririk, bizim aldada bilirlərsə, yalnız valideynləri qınamaq düz deyil.
– Tutaq ki, 600 bal toplayan abituriyenti şirkət sizə yönləndirmədisə, o zaman bu prosedur necə ola bilər?
– Bizə müraciət etsələr, kömək edə bilərik. Məsələn, bəzi şirkətlərin “köməkliyi” sayəsində Türkiyədə qalanlar vardı. Onların valideynləri bizimlə əlaqə saxladı və biz problemlərini həll etdik. Rahat şəkildə həyata keçirdik. Bizim “Study in Turkey” şirkətimiz yalnız Türkiyədə təhsili gerçəkləşdirir. Başqa xarici ölkələrdə təshil almaq istəyənlər bizə müraciət etdikdə digər şirkətimizə – “F-Group” Academy-yə yönəldirik. “Study in Turkey”adından göründüyü kimi sırf Türkiyə ilə bağlı problemlərin çözülməsi üçün fəaliyyət göstərir. Bir ölkə üzrə ixtisaslaşan şirkət çox azdır.
– Yalnız attestatla xaricdə təhsil almaq necə mümkündür?
– Azərbaycan Tibb Universitetinə azərbaycanlı abituriyent 600-650 balla qəbul edilir. Amma xarici vətəndaş attestatla daxil olur. Bununla yanaşı, Bakı Dövlət Universitetində də yerli abituriyent bəlli bir balla, lakin xarici vətəndaş attestatla qəbul edilir. Eyni şəkildə xarici universitetlərdə xarici abituriyentlərin qəbul prosesi rahatlıqla həyata keçirilir. Onlarda sadəcə bir imtahan tələb olunur. Məsələn, bizdə iranlı tələbə ingilis dilində təhsil almaq istəyirsə, ya sertifikat təqdim etməlidir, ya da hazırlıq oxumalıdır. İELTS-lə qəbul olmaq deyilən anlayış yoxdur. Bu, sizin dil bilginiz üçündür. Sadəcə, bəzi universitetlər var, deyir, müəyyən bilik səviyyən olmalıdır ki, sənə təhsil verək. Yalnız attestatla bütün universitetlərə qəbul olmaq mümkün deyil. Burada say məhduddur. Bəzi universitetlərdə 80 YÖS-ə daha üstünlük verirlər, nəinki 650 TQDK-ya.
– Sadəcə, attestatla Türkiyədə təhsil almaq istəyən şəxs ən yaxşı halda hansı universitetdə oxuya bilər?
– Bir çox seçimlər var. Mən tövsiyə edirəm ki, Bursanın Uludağ Universitetində təhsil alsın. Çox yaxşı ali məktəbdir və şəhər də gözəldir. Özəl universitetlər var, illik ödəniş haqqı bahadır, amma təhsil səviyyəsi də yüksəkdir. Oxuya bilərmi? Onu demək çətindir, çünki bu, şəxsi keyfiyyətdir. Orada rüşvət yoxdur. Məslən, ən ucuz özəl ali məkbət illik ödənişi 2000 dollardan başlayır və 20000 dollara qədər dəyişir. Dövlət universitetləri arasında isə 100 manata bərabər illik ödənişi olan ali məktəblər fəaliyyət göstərir. Çox yaxşı təhsil sistemləri var. Bu universitetlərə YÖS imtahanı ilə də qəbul olmaq mümkündür.
– Siz təhsil almağa kömək etdiyiniz kimi tələbələrə ev tapmaqda yardımçı olursunuzmu?
– Bəli, tam köməklik göstərilir. Sadəcə, qiymətlər məsələsi var. Hamının imkanına uyğun olaraq xidmət göstərilir.