Çapa göndər
Mərkəzi Bank sahibkarlara mesaj verdi: Pozitivik

31 oktyabr 2018 - 17:24

Bu gün Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycanda fəaliyyət göstərən xarici və yerli sahibkarların qarşısında çıxış edərək, milli valyutanın sabitliyi və inflyasiya üzrə mühüm bəyanatlar səsləndirdi. 

BI xəbər verir ki, Azərbaycandakı Amerika Ticarət Palatasına (AMCHAM) üzv olan şirkətlərin toplandığı böyük bir tədbirdə Elman Rüstəmov hər bir iş adamını maraqlandıran manatın gələcək kursu və qarşıdakı bir neçə il üçün hökumətin maliyyə siyasətini açıqladı. 

Ölkənin baş bankirinin sözlərinə görə, Azərbaycan neft qiymətlərinin mənfi təsirini görmüş bir ölkədir. Ötən ili ikirəqəmli inflyasiya ilə yekunlaşdıran Azərbaycanda bu ilin 9 ayında 2,8 faiz inflyasiya qeydə alınıb. Buna görə də Mərkəzi Bank 2018-ci ilin yekunu üzrə inflyasiya proqnozunu yeniləyərək, bu rəqəmləri 6-8 faizdən 3-4 faizə salıb. 

“Qiymətlərin sabitliyi Mərkəzi Bankın yeganə mandatıdır. Bunun əhalinin real pul gəlirlərinə təsiri böyükdür. Ümumilikdə isə bu fundamental məsələdir və iqtisadi əhəmiyyəti daha dərindir. Çünki qiymət sabitliyi sahibkara uzunmüddətli gözləntiləri idarəetməyə imkan verir”. 

Qeyd edək ki, neftin qiymətindəki 37 faizlik artım və qeyri-neft sektorunda ixracın 13% yüksəlməsini əsas gətirən Mərkəzi Bank xarici ticarət balansındakı müsbət saldonu da əsas götürərək, dünən uçot dərəcəsini 0,25% endirdi. 

Əslində bu Azərbaycanda elə bir iqtisadi dəyişiklik yaratmasa da, uçot dərəcəsini salmaqla hökumət müsbət tendensiyanın davam etdiyini işarə etməyə və bununla da iqtisadi aktivliyi artırmağa hədəflənən siqnal effekti yaratmağa çalışır.

Çünki Azərbaycanda böyük məbləğdə likvid vəsaitlər var və həmin pulların passiv şəkildə saxlanılması hazırki şəraitdə arzuolunan deyil. İqtisadi hədəf daxili və xarici sərmayələr hesabına iqtisadi inkişafı dəstəkləməkdir. Buna görə də əslində Mərkəzi Bankın ard-arda uçot dərəcəsini salması pullarını yatırmağa ürək etməyən investorlara “hər şey yaxşı olacaq” mesajı daşıyırdı. 

Mərkəzi Bank sədri makroiqtisadi dayanıqlığın yaxın illərdə qorunub saxlanacağını öz çıxışında dönə-dönə vurğulayaraq, xüsusən də iş adamlarının daha dərindən bildiyi, bank sektorundakı problemlərlə bağlı  da öz fikirlərini açıqladı. 

“Mesajımız pozitivdir. Yaxın illər üçün makroiqtisadi sabitlik davam edəcək. Ölkədə valyuta tarazlığı təmin olunacaq və bank sektorunda maliyyə sabitliyi dərinləşəcək”. 

Bunun üçün Mərkəzi Bank “İnflyasiyanın hədəflənməsi rejiminə keçid proqramı” üzərində işləyir. Proqramın başlıca məqsədi ölkənin maliyyə sistemindəki problemləri köklü şəkildə həll etməkdir. Beləliklə, qiymətlərin sabitliyini idarəetməyə çalışan müvafiq dövlət qurumlarının fəaliyyəti demək olar ki, yeni keyfiyyət müstəvisinə keçəcək.

Eyni zamanda Azərbaycanda əhəmiyyətli rolu olmayan fond bazarının işində yeniliklər gözlənilir. Bank sektorunun dirçəldilməsi, aktiv pul bazarının formalaşdırılması nəzərdə tutulur. Planlar arasında dövlət qiymətli kağızlar bazarının həcmini və rolunu artırmaq, valyuta ehtiyatlarının artmasını davam etdirən prosesləri dəstəkləmək də mühüm yer tutur.