Çapa göndər
Əhali üçün kreditlər bahalaşıb

29 oktyabr 2018 - 14:23

Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcələrinin artdığını qeyd edir. 

2018-ci il sentyabrın 30-na milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2017-ci ilin yekunları üzrə 13,2%-ə qarşı 14,21% təşkil edib.

Cari ilin sentyabr ayının sonuna xarici valyutada kreditlər üzrə orta faiz dərəcəsi 8,9% təşkil edib, 2017-ci ilin sonuna bu göstərici 9,76%-ə bərabər olub.

Bununla yanaşı, 2018-ci ilin oktyabr ayının əvvəlinə hüquqi şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 9,03% (2017-ci ilin sonuna 8,91%), xarici valyutada 6,38% (6,84%) təşkil edib.

Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 17,19% (16,31%), xarici valyutada 15,74% (16,47%) təşkil edib.

AMB-nin məlumatına görə, hesabat dövründə milli və xarici valyutalarda cəlb edilən depozit və əmanətlər üzrə orta faiz dərəcələrinin azalması müşahidə olunub.

Xüsusilə 2018-ci ilin sentyabr ayının sonuna milli valyutada depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,79% (ötən ilin sonuna 10,72%), xarici valyutada əmanətlər üzrə orta faiz dərəcəsi 2,39% (3%) təşkil edib.

30 sentyabr 2018-ci il tarixinə hüquqi şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 5,55% (5,82%), xarici valyutada 1,22% (1,41%) təşkil edib.

Hesabat dövrünün sonuna fiziki şəxslər üçün milli valyutada əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 10,3% (11,59%), xarici valyutada 2,95% (3,66%) təşkil edib