Çapa göndər
Dollar kreditləri artdı, vaxtı keçən borclar azaldı 

29 oktyabr 2018 - 10:11

Bu ilin sentyabrında Azərbaycan banklarının biznesə və əhaliyə verdiyi kreditlərin həcmi 4,1 milyon manat  azalıb. 

"Bİ"nin Mərkəzi Banka istinadən xəbərinə görə, oktyabrın 1-nə verilən kreditlərin ümumi məbləği 12 milyard 302 milyon 400 min manat olub. Kredit qoyuluşlarında azalma Azərbaycan Beynəlxalq Bankında aparılan restrukturizasiya tədbirləri ilə əlaqədardır.

Qeyd edək ki, avqust ayında bankların verdiyi kreditlərin ümumi məbləği 12 milyard 306 milyon 500 min manat təşkil edib. Bu, iyul ayı ilə müqayisədə 135,8 milyon manat çoxdur və ilin əvvəlindən müşahidə edilən ən yüksək göstəricidir. 

Əhaliyə verilən kreditlərin azalması fonunda vaxtı keçmiş kreditlərin həcmi  də  33,4 milyon manat azalaraq 1 milyard 748 milyon 700 min manata enib.

Xatırladaq ki, avqust ayında bu göstərici 1 milyard 772 milyon 400 min manat olub. Sentyabrda bank kreditlərinin böyük hissəsi – 7 milyard 557,2 milyon manatı milli valyutada verilib. Ancaq avqust ayı ilə müqayisədə burada  66 milyon manat geriləmə müşahidə edilir. Həmin vaxt manatla kreditlərin ümumi məbləği 7 milyard 623,2 milyon manat olub.  

Bunun əksinə olaraq, ötən ay  dollar kreditlərinin həcmi 61,8 milyon manata artıb. Əgər 2018-ci ilin avqust ayında xarici valyutada 4 milyard 683 milyon 400 min manatlıq kredit verilmişdisə, sentyabrda bu rəqəm 4 milyard 745 milyon 200min manata çatıb. 
Kreditlərin ən böyük hissəsi - 41,1%-i və ya 5 milyard 51,1 milyon manatı ev təsərrüfatlarına,  16,9%-i və ya  2 milyard 77.4 milyon manatı  isə ticarət və xidmət sektoruna ayrılıb.