Çapa göndər
Bakıda marşrut xəttlərinin hərəkət sxemi dəyişdi

25 oktyabr 2018 - 20:59

Bakı Nəqliyyat Agentliyi (BNA) aparılan optimallaşdırılma və çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq, 51, 71, 139 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.

Qurumdan ""yə verilən məlumata görə, 51 nömrəli marşrut xətti üzrə hərəkət sxemində edilən dəyişikliklə avtobusların Rüstəm Rüstəmov-Bəkir Çobanzadə-Mehdi Abbasov-İmadəddin Nəsimi küçələrindən keçməsi təmin ediləcək.

Bundan başqa, 71 nömrəli marşrut xətti üzrə avtobuslar Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət edərkən Dərnəgül 1 yoluna (Baksol yoluna) İslam Abışov küçəsindən keçməklə çıxacaq.

139 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi uzadılaraq son dayanacaq məntəqəsi Savalan yaşayış massivindəki 28 nömrəli tam orta məktəbin qarşısındakı ərazi müəyyən edilib.

204 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti Həsən bəy Zərdabi küçəsindən keçməklə yeni təmir olunan “Mədən küçəsi” yolunadək uzadılıb. Dəyişikliyin edilməsinə səbəb qeyd olunan istiqamətdə sosial obyektlərin və yaşayış massivinin mövcud olmasıdır.

Həmin marşrut xətləri üzrə avtobuslar noyabrın 26-dan test rejimində yenilənmiş sxem üzrə hərəkət edəcək.