17 yanvar 2023 - 22:54
Ocağı qalanmayan
O tənha kənd mənimdi.
İşıqları yanmayan,
O tənha kənd mənimdi.
Dəli intizar baxır,
Hələ dözüm var, baxır…
Bağlı qapılar baxır,
O tənha kənd mənimdi.
Neçə cığır, iz qalıb,
Növbəsiz kəhriz qalıb…
Təndir çörəksiz qalıb,
O tənha kənd mənimdi.
Talana aldandı o,
Qalana aldandı o,
Yalana aldandı o,
O tənha kənd mənimdi.
Dilə gəlir dərd-azar,
Dərd üstündən dərd yazar…
Böyüyür məzar-məzar,
O tənha kənd mənimdi.
Gedib gözünün ağı,
Dərddən əyilib dağı –
Ona çəkmişik dağı –
O tənha kənd mənimdi.
Sorğu-sualdı yoxsa,
Şirin xəyaldı yoxsa,
Dərddi, məlaldı yoxsa? –
O tənha kənd mənimdi.
Çəkilən aha baxın,
Tutqun sabaha baxın,
Bunca günaha baxın,
O tənha kənd mənimdi…
Bakı, mart, 2001