Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Serbiya Respublikası Baş nazirinin müavini, mədən və energetika naziri xanım Zorana Mixayloviçi qəbul edib. Zorana Mixayloviç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Serbiyanın dövlət başçısına çatdırmağı xahiş edib. Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Zorana Mixayloviç Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin və xalqımızın rifahı naminə görülən işlər, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri ilə bağlı təbriklərini çatdırıb. Qonaq Azərbaycan şirkətlərinin Serbiyada uğurla fəaliyyət göstərdiyini vurğulayıb. Serbiya Baş nazirin müavini, mədən və energetika naziri işğaldan azad olunmuş ərazilərimizə səfər etdiyini və səfər zamanı dağıntıları öz gözü ilə gördüyünü bildirib. Dövlət başçısı işğal dövründə ermənilərin torpaqlarımızda törətdiyi böyük dağıntılardan danışıb. Söhbət zamanı 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirilib, Zorana Mixayloviçin sərgidə iştirakının önəmi qeyd edilib. Görüşdə ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.
Bütün hüquqlar qorunur © 2024